Avropa İttifaqı ölkələri ilə ticarət genişlənir

post-img

Yarımillik dövriyyə 13,7 milyard dollara çatıb

Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi münasibətləri getdikcə genişlənir. Bunun da nəticəsində 2023-cü ilin 7 ayında ölkəmizin beynəlxalq iq­tisadi münasibətlərinin 80 faizini təşkil edən xarici ticarət dövriyyəsi 30 milyard 333 milyon 432 min dollara çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 274 milyon 522 min dollar çoxdur. 

Azərbaycan beynəlxalq aləmdə nüfuzunu genişləndirərək investisiya cəlbediciliyini artırmaqla yanaşı, Avro­pa İttifaqı ölkələri ilə beynəlxalq ticarət əlaqələrini qarşılıqlı əməkdaşlıq çərçi­vəsində daim inkişaf etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın ticarət əlaqələrinin 51 faizi məhz Avro­pa İttifaqı ölkələrinin payına düşüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, uğurlu si­yasət nəticəsində hazırda Azərbaycan dünyada baş verən iqtisadi təlatümlər fonunda dünyanın sürətli inkişaf tem­pinə çatan ölkələrindən birinə çevrilib. Bu, özünü daha çox çevik və səmərə­li iqtisadi idarəetmə hesabına, köklü struktur–institusional islahatların real­laşdırılması nəticəsində qeyri-neft sek­torunun payının yüksəlməsində büruzə verib. Qeyri–neft sənayesinin inkişafı ölkəmizin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlir­lər hesabına sürətlənib, eyni zamanda, bunun nəticəsində daxili istehsalın və is­tehlak bazarının idxaldan asılılığı azalıb, ixracın şaxələnməsi reallaşıb. 

Bu sektorda istehsalın davamlı artı­mı cari ilin 7 ayının iqtisadi göstəricilə­rində də öz əksini tapıb. Belə ki, Döv­lət Statistika Komitəsinin məlumatına əsasən, həmin müddətdə respublikanın sənaye müəssisələri və bu sahədə fəa­liyyət göstərən fərdi sahibkarlar tərəfin­dən 39,8 milyard manatlıq sənaye məh­sulu istehsal edilib. Sənaye istehsalı ilə əlaqədar qeyri–neft sektorunda 6,5 faiz artım qeydə alınıb. Məhsulun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchi­zatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında is­tehsal olunub.

Son 20 il ərzində respublikada yüz­lərlə müasir sənaye müəssisəsinin, yeni istehsal sahələrinin, müxtəlif bölgələrdə sənaye parklarının yaradılması isə yerli məhsulların payının əhəmiyyətli dərə­cədə artmasını şərtləndirməklə yana­şı, ixrac imkanlarının genişlənməsində önəmli rol oynayıb. 

Təbii ki, ixrac imkanlarının genişlən­məsi üçün respublikada müxtəlif sahələ­ri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin ya­radılması diqqət mərkəzində saxlanılıb. 

Yeri gəlmişkən, respublikada əlve­rişli biznes mühiti dedikdə şübhəsiz ki, sahibkarlar, iş adamları üçün stimul­laşdırıcı biznes və investisiya mühitinin mövcudluğu, bu sahədə dövlət tərəfin­dən müxtəlif dəstək tədbirlərinin, həm­çinin vergi və gömrük güzəştlərinin re­allaşdırılması nəzərdə tutulur və bunlar hazırda iqtisadi inkişafın dinamikasını şərtləndirir. 

Azərbaycanda həyata keçirilən la­yihələrin nəticəsidir ki, son illər qey­ri-neft ixracında dinamik artım müşahidə olunur. Məsələn, ötən ilin ilk altı ayında qeyri-neft ixracı 1,5 milyard dollar idisə, bu göstərici 2023-cü ilin müvafiq döv­ründə 1,8 milyard dollar təşkil edib. Bu da son altı ayda 300 milyon dollarlıq ar­tım deməkdir. 

Bu məqamda Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsini ifadə edən statistik göstəricilər də diqqət çəkir. Dövlət Gömrük Komitəsinin mə­lumatına görə, cari ilin birinci yarısında respublikamızla Aİ ölkələri arasında 13 milyard 734,6 milyon ABŞ dolları dəyə­rində ticarət əməliyyatları aparılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz çoxdur.

Yarım il ərzində respublikamızdan Aİ ölkələrinə 12 milyard 192,3 milyon ABŞ dolları dəyərində ixrac (5,5 faiz çox), 1 milyard 542,3 milyon ABŞ dolları dəyərində idxal (36,1 faiz çox) əməliy­yatları həyata keçirilib. Hesabat dövrün­də Azərbaycanın ticarət əməliyyatları əsasən, İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə aparılıb.

Azərbaycanın İtaliya ilə ticarət döv­riyyəsi 8 milyard 579,8 milyon ABŞ dol­ları, o cümlədən ixracı 8 milyard 363,5 milyon dollar, idxalı isə 216,3 milyon dollar təşkil edib. Son 1 ildə ticarət döv­riyyəsi və ixrac 1,1 dəfə azalıb, idxal isə 1,4 dəfə artıb. İtaliyaya ixrac Azərbay­canın ümumi ixracının 46,55 faizi qədər olub.

Ölkəmizin Almaniya ilə ticarət dövriy­yəsi 855,1 milyon ABŞ dolları, o cümlə­dən ixracı 372,5 milyon dollar, idxalı isə 482,6 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,5 dəfə, o cüm­lədən ixrac 1,3 dəfə, idxal isə 1,7 dəfə artıb.

Respublikamızın Yunanıstanla ti­carət dövriyyəsi 809,9 milyon ABŞ dolla­rı, o cümlədən ixrac 800,5 milyon dollar, idxal 9,4 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,3 dəfə, idxal isə demək olar ki, dəyişməyib.

Ölkəmizin İspaniya ilə ticarət dövriy­yəsi 695,1 milyon ABŞ dolları, o cüm­lədən ixrac 653 milyon dollar, idxal isə 42,1 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 1,8 dəfə, idxal isə 1,1 dəfə artıb.

Azərbaycanın Çexiya ilə ticarət əməliyyatları 469,3 milyon ABŞ dolları, o cümlədən ixrac 427,5 milyon dollar, idxal isə 41,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,4 dəfə, o cümlədən ixrac 1,3 dəfə, idxal isə 1,5 dəfə artıb.

Bir məqama da diqqət yetirmək la­zımdır ki, Azərbaycanın ixrac coğra­fiyasının getdikcə genişləndiyi indiki şəraitdə bəzi dünya ölkələri ilə ticarət əlaqələrində, kəskin artım müşahi­də olunur. Bu baxımdan Asiyanın cə­nub-şərqində yerləşən ada dövləti olan Sinqapurla ticarət əlaqələri diqqət çəkir. Belə ki, 2023-cü ilin yanvar-iyul ayla­rında Azərbaycanla Sinqapurun ticarət dövriyyəsi 98 milyon 935 min dollar təş­kil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə və ya 78 milyon 451 min dollar çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan Sinqapura ix­racın həcmi 79 dəfə artaraq 88 milyon 51 min dollar, bu ölkədən idxalın həcmi isə 44 faiz azalaraq 10 milyon 883 min dolar təşkil edib. 

Yeri gəlmişkən, Azərbaycanın Sinqapura ixracının 99,6 faizini xam neft məhsulu təşkil edib. Belə ki, cari ilin ilk 7 ayından Azərbaycandan Sinqapura 87 milyon 786 min dollar dəyərində 138 min 338 ton neft ixrac edilib.

Əlbəttə, qeyri–neft sahəsində istər istehsal, istərsə də ixracla bağlı yük­sək göstəricilər əldə edilməsi təsadüfi deyil. Bu, son illər sözügedən sektorda xüsusi fəallığın nəzərə çarpması, iqti­sadiyyatının şaxələndirilməsi istiqamə­tində uğurla həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Bunu belə bir fakt da təsdiqləyir: 2010-cu ildə respublikamızın qeyri–neft sektorunda 18,4 milyon ma­natlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi şokların təsiri ilə müba­rizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki məqamda həmin sahədə artım neft–qaz sənayesindəki agöstəri­ciləri üstələyir. Belə ki, mövcud sahədə əlavə dəyərin cari ilin ilk yarısında 6,5 faiz yüksəlməsi, ümumi olaraq isə qey­ri-neft sektorunda 3 faizdən çox artımın müşahidə olunması bunun bariz ifadəsi­dir. 

Qeyri–neft sənayesinin inkişafı ölkə­nin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak ba­zarının idxaldan asılılığını azaldır, ixra­cın şaxələnməsinə xidmət edir.

Nihat ƏLİYEV,
iqtisadçı-ekspert

Respublikamızda xarici ticarət dövriyyəsi və ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrara­sı münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdən biridir. Bununla bağlı rəqəmlərə diqqət ye­tirəndə həm də aydın görünür ki, ix­racın strukturunda qeyri-neft məhsul­larının, o cümlədən ərzaq mallarının çəkisi getdikcə artır. Məlumat üçün bil­dirim ki, son illər ölkəmizdə qeyri–neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulla­rın istehsalı xeyli artıb. Bu gün həmin məhsullara dünya bazarlarında get­dikcə böyük maraq yaranır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına əsasən, 2023-cü ilin ötən 8 ayı ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri–neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard dollar təşkil etməsi də bunu aydın göstərir. 

Mərkəzin məlumatında, həmçinin bildirilir ki, cari ilin yanvar–iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə elektrik ener­jisi ixracı 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə–tərəvəz ixracı isə 46,6 faiz artıb.

Bu ilin 8 ayında aqrar və aqrar–sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6 faiz artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri–neft–qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar–sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Respublikamızda dövlət səviyyə­sində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların ixracın­da bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisarçılığın qarşısının alınma­sı istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəy­yənləşdirilməsi, gömrük əlaqələri­nin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrinin həcminin və coğrafiyasının daha da genişlən­məsinə müsbət təsir göstərib. Bunun nəticəsidir ki, cari ilin ilk 6 ayı ərzində Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 mil­yon ABŞ dolları, İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qa­zaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 

Mirbağır YAQUBZADƏ,
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”





İqtisadiyyat