Texniki məsələləri həll edəndən sonra yardımlar həyata keçiriləcək

post-img

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən humanitar yükün ünvana çatdırılması məqsədilə danışıqlar aparılır. Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik. Bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib.

“Sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir. Bizim tərəfdaşlarımız da prosesi izləyirlər, lazım olanda onlar da prosesə qoşula bilərlər. İnanıram ki, bu məsələ yaxın vaxtda öz həllini tapacaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ehtiyac olar­sa, Qarabağda yaşayan erməni əsilli sakinlər üçün əlavə humani­tar yük göndərməyə hazırdır”, - deyə o əlavə edib.

AzQAC-ın öz missiyasını və xoş niyyətini həyata keçirmək üçün humanitar yük göndərdiyini söyləyən N.Aslan bildirib ki, əgər çətinlik və böhran varsa, ərzaq yardımını qəbul etmirlərsə, çoxlu sual yaranır: “Birinci sual yaranır ki, əgər ehtiyac varsa, humanitar yük nə üçün qəbul edilmir? İkinci sual, əgər biz insa­nıqsa, dəyərlərimiz varsa və Yaradanımız birdirsə, bu ədavət nə vaxta qədər davam edə bilər? Biz bunları nəzərə almalıyıq. Biz ortaya xoş məram qoyuruq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq missiyamız çərçivəsində ölkənin hər yerində, o cümlədən Qarabağ iqtisadi zonasında, Xankəndidə həssas təbəqəyə yaxın olmağa hazırıq”. 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cə­miyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülh-məramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradıl­ması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

XQ

Son xəbərlər