Yaxud Bordovun ətrafındakılar haqqında nekroloq əvəzi
Əvəz RÜSTƏMOV
[email protected]
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Şuşanı nəzarət altına alıblar. Beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağ, həm də ona bitişik rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissələri olublar, tərkib hissələridir...
Heç kim Dağlıq Qarabağın statusunu, heç vaxt – nə o zaman, nə də indi, tanımır. Yeri gəlmişkən, Ermənistanın özü də tanımayıb... Mən artıq dedim ki, heç kim, hətta Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən nə deməkdir? O deməkdir ki, Azərbaycan özünün bildiyi və dünya birliyinin də onunku bildiyi əraziləri geri qaytardı”.
Rusiya Prezidenti Vladimir Putin ölkənin Dövlət Televiziyasına müsahibəsində 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı söz açarkən bunları bildirmişdi. Onun dediklərini nə üçün yada saldığımızın fərqinə mövzuya diqqət yetirdikcə varacaqsınız. Əlbəttə, sonda Rusiyanın dövlət başçısının fikirlərinə yenidən qayıdacağıq.
***
Qarabağda, necə deyərlər, aranın qarışıb məzhəbin itdiyi bir vaxtda separatçı rejimin “ictimai industriyasını” təşkil edən yerli rus icmasının təmsilçiləri də avantürizm naminə “züy tutmağa” girişiblər. Bəli, məhz “züy tutmağa”. Onlar sözügedən icmanın rəhbəri Aleksandr Bordovun ətrafına yığışaraq, guya, “ölkənin” hazırkı çətin durumunun aradan qaldırılmasına öz “töhfələrini” vermək niyyətlərini ortaya qoyublar. Bununla bağlı keçirilmiş tədbirin erməni apostol və rus pravoslav kilsələrinin ruhani atalarının xeyir-duası və dəstək sözləri ilə başlaması diqqət çəkir. Erməni kilsəsini anladıq, deməli, Rusiyanın pravoslav kilsəsinin də toplantının təşkilinə xeyir-duası var imiş. Hər halda, erməni mediası belə yazır və mövcud durumda Rusiyadakı müqəddəs atanın tədbirə “dabro” verib-vermədiyini araşdırmaq lazım gələcək...
***
Mətləbdən yayınmayaraq bildirək ki, Qarabağdakı separatçı rejimdə fəaliyyət göstərən rus icmasının bölgə ilə bağlı hazırkı həssas məqamda ortaya düşməsi, heç şübhəsiz, ziddiyyətlərə özünəməxsus rəng qatmaqdadır. Belə görüntü formalaşır ki, kimlərsə Qarabağdakı azsaylı rusları “Azərbaycanın mümkün təcavüzündən” qorumaq yolu tuturlar. O da məlumdur ki, bu mesaj Moskvaya ünvanlanıb. Yaxud, kimlərsə görüntünün Rusiya rəhbərliyinə mesaj formasında çatdırılmasında maraqlıdırlar. Yəqin, Kremlin Luqanskda, Donbasda və Krımda rusları müdafiə egidasını xatırlayıblar...
Əlbəttə, separatçı rejim daxilində belələri az deyil. Onlardan olsa, Qarabağı da Rusiyanın tərkibinə qatarlar. Yeri gəlmişkən, bu sayaq axmaq siqnallar ara-sıra ötürülür də. Ümumən, Qarabağın Rusiya bağlılığı qabardılır. Məsələn, bir müddət əvvəl rusiyalı Aleksey Muxin adlı “politoloq” sarsaqlamışdı ki, bəs, Ermənistan hakimiyyəti Rusiya ilə münaqişədə olduğundan, rusmeyilli Qarabağı Azərbaycana güzəştə getmək istəyir...
Sözümüz odur ki, Qarabağ münaqişəsində mütləq, belə demək mümkünsə, “rus özəyinin” yaradılmasına çalışılıb. Əslində, Aleksandr Bordovun 2021-ci ilin iyulunda icmaya sədr təyinatından sonrakı fəaliyyəti də bunu deməyə əsas verməkdədir. Bordov Rusiya mediasına müsahibələrində dəfələrlə əcdadlarının Qarabağla bağlılığını qabardıb. Əlbəttə, hərbçi nəslindən olan bu şəxsin bölgəyə dəxlinin olmadığını söyləmək doğru sayılmaz. Ancaq separatçı rejimin rəhbəri Arayik Arutyunyanın əraziyə nə qədər aidiyyatı varsa, Bordovun da eyni dərəcədə var. Yəni, hər ikisi orada doğulub boya-başa çatıb.
Ancaq onların heç birinin nə özləri, nə də əcdadları Qarabağı Azərbaycanın tərkibindən kənarda görüb. Heç birinin keçmiş-keçənləri erməni dövləti adlı bir məfhumu ağıllarının uclarına gətirməyiblər. İndi siyasi hoqqabazlıq edib avantürizmin alətinə çevriliblər. Ən əsası, bu adamların ata-babaları Qarabağ ərazisinə 1828-ci ildən, yəni rus işğalından sonra gəliblər. Məlum olduğu kimi, o zaman ermənilərin bölgədə yerləşdirilməsi Osmanlı ilə Azərbaycan türkləri arasında xristian buferi yaratmağa hesablanmışdısa, Bordovun hərbçi əcdadları da həmin buferə nəzarət məqsədilə gətirilmişdilər.
***
Arayiki bir kənara qoyub, bilavasitə Bordov üzərində dayanaq. Onun nəsil-nəcabətini yada salması da siyasi avantürizmə hesablanmış yaramaz gedişdən başqa bir şey deyil. “Qarabağ xalqı” ifadəsini işlətməsi isə nəinki yaramazlığın, eyni zamanda, alçaqlığın da kulminasiya nöqtəsidir. Həmin “xalqın”, guya ruhuna gücün və mətanətin hakim kəsildiyini iddia etməsi isə hədəfi separatizm olan ucuz populizmdir.
“Biz xatırlayırıq ki, babalarımız və atalarımız üçün də asan olmayıb. Çünki müqəddəs Qarabağ torpağının bütün tarixi əcdadlarımızın öz torpağında azadlıq, yaşamaq hüququ uğrunda mübarizədir”, – deyə sərsəm fikirlər səsləndirən Bordovun məqsədi aydındır. O, heç də əbəs yerə çıxışında Rusiyanın Qarabağda mövcudluq tarixini yada salmır. Demək istəyir ki, Moskva bölgəyə yiyə durmalıdır. Bu, aşkar təxribatdır.
Bordovun əcdad menyusu üçün onu da deyək ki, rəhbərlik etdiyi icma ilə bağlı məlumatda Qarabağ ərazisindəki rus kilsəsinin 1868-ci ildə inşa olunduğu və çar II Aleksandrın onun açılışında iştirak üçün Xankəndiyə gəldiyi yazılıb. Yeri gəlmişkən, həmin məlumatda Xankəndinin 1923-cü ildən sonra Stepanakert adlandırıldığı da qeyd edilib. Bu da ermənilərin əcdad qədimliyinin “təsdiqi”. Yəni, adam oturub-durub özünün və ambisiyalarının müdafiəsinə qalxdığı ermənilərin əcdadlarından danışmamalıdır. Kimin Qarabağın əsl sahibi olduğu əlahəzrət tarixdən yaxşı məlumdur.
Əsrlər boyu (?) ermənilərlə ruslar arasında mənəvi bağların yarandığını deyən separatçı icma rəhbəri yaşadığı yerin Azərbaycan ərazisi olduğunu unutması bir yana, ölkəmizdə keçmiş postsovet məkanındakı ən böyük rus icmasının mövcudluğunun da fərqinə varmır. Əlbəttə, belələri üçün Azərbaycanın rus icmasının Qarabağ münaqişəsindəki qəti, prinsipial və ədalətli mövqeyi tam əhəmiyyətsizdir.
Bordov, onu da bildirir ki, hazırda “Qarabağ xalqı” ilə yanaşı, bölgədəki Rusiya sülhməramlıları da çətin vəziyyətə düşüblər. Nəhayət, o, bu iki cinahın “barrikadanın eyni tərəfində dayanmalı” olduğunu deyib. Bu isə o deməkdir ki, rus sülhməramlı kontingenti ermənilərin Qarabağ avantürasına kömək göstərməlidir.
Bəs, nə üçün Bordov belə danışa bilir? Nəyə görə Qarabağ ermənilərini, daha doğrusu, bölgədəki separatçılarla sülhməramlıları barrikadanın eyni tərəfinə yerləşdirir? Əlbəttə, icma rəhbərinin “ilham mənbəyi” var. Bu, elə həmin rus sülhməramlılarının özləridir. Daha doğrusu, Rusiya dövlətidir. Hər halda, Qarabağdakı hərbi kontingent bu dövlətə məxsusdur və onun hərəkətlərini koordinasiya edən Rusiya Müdafiə Nazirliyidir.
Rusiya MN-dəkilər sülhməramlıların Qarabağa əvvəllər saqqız, şokolad, dəftər-kitab, qələm, pampers, uşaq və qadın bezləri daşımaq kimi səlahiyyətlərinə aid olmayan “şirinliklər” etdiklərini yaxşı bilirdilər. Onlar hərbi kontingentin zabitlərinin Bordov və separatçılarla birlikdə 9 noyabr 2021-ci ildə, yəni Azərbaycan, Rusiya və Ermənistan lidelərinin üçtərəfli bəyanatının imzalanmasından düz bir il sonra, Xocalıda rus kilsəsinin açılışında iştirakından da xəbərdar idilər. Bu, nə demək idi, hansı mesaj idi? Hamımıza çox yaxşı bəllidir. Elə ona görə də bu gün Bordov separatçılara qoşulub Rusiyadan, belə demək mümkünsə, mədət ummağa qalxıb.
***
Sonda yenidən gələk Rusiya Prezidenti Vladimir Putinin əvvəldə diqqətə çatdırdığımız fikirlərinə. Qeyd edək ki, 2020-ci ildə səslənmiş bu fikirlər Azərbaycan cəmiyyətində böyük rəğbətlə qarşılanmışdı. Hər bir azərbaycanlı cənab Putinin məsələyə birbaşa, heç bir siyasi bəzək-düzəksiz qiymət verməsindən məmnunluğunu bildirmişdi. Hesab edirik ki, Moskvanın Qarabağı Luqansk və Donbas kimi təsəvvürə gətirməməsinin ən böyük göstəricisi elə dövlət başçısının məsələyə belə yanaşmasıdır. Arzulayırıq ki, Rusiyanın bəzi dairələri bordovları və digər qulbeçələri yuyulmamış çömçə kimi ortaya atanda Putinin söylədiklərini nəzərə alsınlar. Nəzərə alsınlar və düşünsünlər ki, Azərbaycan Qarabağdakı separatizmi tamamilə boğmağa qalxanda ortalıqda qalıb əzilməsinlər. Həm də ona görə ki, onlar əslində, Azərbaycanın Qarabağ bölgəsində rus icmasının üzvləridir. Bizim onların keçmişləri ilə fəxr etdikləri əcdadları kimi, bölgədə qalmalarını, səhvlərini anlayıb ölkəmizin yurisdiksiyası altında yaşamalarını istədiyimizi yaxşıca düşünsünlər. Özü də çox tez bir zamanda.