Azərbaycanın mövqeyi də, şərtləri də dəyişməzdir

post-img

İlham Əliyev bunu Emmanuel Makronun diqqətinə bir daha çatdırdı

Fransa Azərbaycanın daxili işlərinə kobud formada qarışmaqda davam edir. Demək olar ki, hər gün Parisdən ölkəmizə böhtanlar yağdırılır. Qarabağdakı situasiyanı, guya, nizamlamaq üçün hansısa çağırışlar edilir. Əslində isə Ermənistan–Azərbay­can münasibətlərini daha da qızışdıracaq müxtəlif təxribatçı addımlar atılır.

Növbəti belə addım Paris başda olmaqla Fransanın bir sıra region və departament­ləri rəhbərlərinin Qarabağa “humanitar yar­dım” aparan avtomobil karvanını müşayiət etmələri üçün Ermənistana gəlmələridir. Dəstəyə Paris meri Ann İdalqo başçılıq edir. Qeyd edək ki, karvana 10 ədəd TIR daxil­dir. Onlar avqustun 30-da səhər saatlarında Ermənistan hökumətinin binası qarşısından Azərbaycan sərhədinə doğru yola düşüblər. Günortaya yaxın yük avtomobilləri sərhədə çatıb. Burada onlar bir ay öncə Ermənistan­dan göndərilmiş “Spayka” şirkətinə məxsus TIR-ların arxasında “lövbər salıblar”.

Konvoyla birgə minik avtomobillə­rində hərəkət edənlər arasında Parisin meri Ann İdalqo və digər regionların rəhbərləri var. Onlar yolda maşınlar­dan düşərək foto çəkdiriblər. A.İdalqo fotonu “X” sosial şəbəkəsində yerləş­dirərək yazıb: “Mən Parisin və digər icmaların seçilmiş rəsmi şəxsləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120 min (?) “Artsax” ermənisi, o cüm­lədən 30 min (?) uşaq təcrid edilib, ac qalıb, hər şeydən məhrum olunub. Bu “humanitar fəlakət”lə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir”.

Sonra isə nümayəndə heyəti Go­rus şəhərinə gəlib. Burada onları er­mənilərin “Sünik” adlandırdıqları tarixi Azərbaycan torpağı olan Zəngəzurun qubernatoru Robert Qukasyan qarşıla­yıb. Daha sonra fransızlar geniş mət­buat konfransı keçiriblər. Qarabağdakı separatçı rejimin “qlavar”ı Arayik Arut­yunyan videokonfrans vasitəsilə onlara qoşulub. Azərbaycan əleyhinə bir yerə cəmləşən bu dəstə xislətlərinə uyğun olaraq “soyqırımı, etnik təmizləmə” kimi ifadələrdən istifadə edərək ölkə­mizi ləkələməyə çalışıblar.

Ancaq fransızların bu təxribatçı addımı hayların heç də hamısı tərəfin­dən rəğbətlə qarşılanmayıb. Məsələn, qondarma rejimin Vitali Balasanyanın rəhbəri olduğu müxalifətçi “ədalət” partiyasından olan “deputatı” Metakse Akopyan deyib ki, Fransa rəsmiləri on­ların hissləri ilə oynayır. O, əmin oldu­ğunu bildirib ki, Fransanın göndərdiyi yüklər Qarabağa buraxılmayacaq: “Hə­min yükləri göndərənlər çox gözəl başa düşürlər ki, onlar sonsuza qədər orada (Azərbaycan sərhədində-S.H.) qala­caq. Bu gün onlar bizim hisslərimizlə oynayırlar”. Akopyan Azərbaycanın heç bir halda Fransadan göndərilən yüklərin sərhəddən keçməsinə icazə verməyəcəyini söyləyib.

***

Regiondakı vəziyyət, Ağdam–Xankəndi və Laçın–Xankəndi yolları­nın açılması məsələsi avqustun 29-da Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

Dövlətimizin başçısı bildirib ki, Ağ­dam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsin­də yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllərdən siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam–Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möh­təkirlikdir.

Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsil­çilərinin reinteqrasiya məsələlərini mü­zakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da im­tina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin, guya, humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın–Xankəndi yolun­dan istifadə edilə bilər.

Eyni zamanda, Prezident İlham Əliyev avqustun 29-da Azərbaycan Qı­zıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdü­yünü qeyd edib.

Prezident Emmanuel Makron və­ziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib. O, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davamlı ol­masını təklif edib.

Dövlətimizin başçısının da qeyd et­diyi kimi, Ermənistan və onun Qarabağ­da yaratdığı qondarma rejim Ağdam–Xankəndi yolunun istifadəsinə imkan vermir. Əgər belə olmasaydı avqustun 29-da Bakıdan 40 tona yaxın un yük­lənmiş yardım karvanı Xankəndinin 20 kilometrliyində ilişib qalmazdı. Əslində, separatçılar bununla Qarabağda heç bir “humanitar böhran”ın baş vermədi­yini etiraf etmiş olurlar. Qondarma re­jimə bağlı Əsgəran administrasiyasının rəhbəri Hamlet Apresyan Bakıdan kar­vanın yola düşdüyü gün Rusiya sülh-məramlı qüvvələrinin nümayəndələ­rindən biri ilə görüşüb. Bundan sonra erməni separatçıları yardım karvanının qarşısını almaq üçün Ağdam-Xankəndi yoluna toplaşıblar.

***

Digər tərəfdən, bu, bir həqiqətdir ki, Ermənistan və qondarma rejim Bey­nəlxalq Qırmızı Xaç Komitəsinin va­sitəçiliyi ilə Ağdam–Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olun­muş ilkin razılaşmadan imtina edib. Qarabağ ermənilərinin əldə olunmuş ilkin razılaşmaları pozması ilə bağlı Caliber.az-ın təqdim etdiyi təfərrüatlar maraq doğurur. Sayt mötəbər mən­bələrin məlumatına istinadən yazır ki, Qarabağ erməniləri əvvəllər əldə olun­muş razılaşmalardan bilərəkdən imtina ediblər.

Belə ki, avqustun 5-də azərbaycan­lılar və ermənilər Yevlaxda görüşmək barədə razılığa gəliblər. Lakin tezliklə Qarabağ ermənilərinin nümayəndələ­ri hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanılması bəhanəsi ilə Yevlaxa gəl­məkdən və müzakirədən imtina ediblər.

Bundan əlavə, avqust ayı ərzində daha iki dəfə görüş keçirmək üçün ra­zılıq əldə olunub. Lakin Qarabağ ermə­niləri onlardan da yayınıblar. Görüşdə Qarabağ ermənilərini əslən Xankəndi şəhərindən olan (sayt xatırladır ki, Bakı dəfələrlə göndərilmiş müxtəlif ünsürlər­lə deyil, yalnız yerli sakinlərlə dialoq aparacağını bəyan edib) “parlament”in sabiq “sədri” Artur Tovmasyan təmsil etməli idi. Amma o, son anda əlaqə saxlamaqdan imtina edib.

Sonra avqustun 16-da Bərdədə və ya Yevlaxda görüş planlaşdırılıb. Bu görüş də qarşı tərəfin mövqeyi üzün­dən baş tutmayıb.

Daha sonra görüşün yeni tarixləri müəyyən olunub: 29 və ya 30 avqust. Üstəlik, Bakı ermənilərin “uzağa get­məməsi” üçün onları Ağdamda qarşıla­mağa razılaşıb. Amma ən son anda er­mənilər bu görüşdən də imtina ediblər.

Beləliklə, Qarabağ ermənilərinin nümayəndələri təxribat törədərək bir ay ərzində 5 dəfə əldə olunmuş razı­laşmanı pozublar.

Bu isə onların əsl məqsədinin azər­baycanlılarla dialoq yox, vaxtı süni şə­kildə uzatmaq olduğundan xəbər verir. Bununla belə, burada bizim üçün təəc­cüblü heç nə yoxdur. Ermənilərin bu hiyləgər üsulları bizə yaxşı məlumdur. Ancaq haylar bu hiyləgər gedişlərin so­nunun onlar üçün yaxşı nəticələnməyə­cəyini bilməlidirlər. Avqustun 26-da La­çın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi biz aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermə­nistan sərhədində sərhəd-buraxılış məntəqəsini bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək yaratmışıq: “Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtə­lif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında daya­nanlar bizə qarşı müxtəlif fitnələr orta­ya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası demək­dir. Sərhəd-buraxılış məntəqəsinin qu­rulması ərazi bütövlüyümüzün tam bər­pası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazi­mizi qoruyuruq, öz sərhədlərimizi qoru­yuruq və qoruyacağıq”.

Bəli, Ermənistanın və onun arxa­sında dayanan, ilk növbədə, Fransa kimi ölkələrin təxribatlarına, fitnə-fə­sadına baxmayaraq, Azərbaycan əra­zi bütövlüyünün tam bərqərar olması üçün beynəlxalq hüquqa uyğun addım­larını atmağa bundan sonra da davam edəcək.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Fransanın daxilində güclü erməni diasporu var. Diasporun əksər siyasi qüvvələri radikal daşnaklara bağlıdır. Bir neçə ay əvvəl Makron özü Marseldə on­larla görüşüb. Həmin qüvvələrlə Ermənistanın indiki hökuməti ara­sında münasibətlərin pis olması­na baxmayaraq, göründüyü kimi, onlar anti-Azərbaycan cəbhəsin­də birləşməyi bacarırlar. Erməni diasporu Makron üçün həm də maliyyə mənbəyi deməkdir. Onlar seçkidə iştirak edir, siyasətçilərə belə deyək, maddi töhfə verir­lər. Fransada bununla bağlı qal­maqallar həmişə olub.

İndi məlum olur ki, vaxtilə Nikola Sarkozi də bu cür yar­dımlar alıb. Bu siyasət Makron tərəfindən də davam etdirilir. Makronun erməni diasporu ilə sıx əlaqələri var. Bu və digər səbəb­lərdən Makron hökuməti qatı er­mənpərəst mövqedən çıxış edir. Fransa bununla həm də Azərbay­canın təklif etdiyi sülh sazişinə qarşı çıxmış olur. Paris Azərbay­canın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul olunmasını istə­mir. Sülh müqaviləsinə müəyyən yeni müddəalar əlavə etməyə ça­lışırlar.

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət