Tarixi dəyişən sülh konsepsiyası Azərbaycanın dövlət siyasəti kimi

post-img

II MƏQALƏ

Sülhsevər liderlik

XXI əsrin geosiyasi dinamikası dövlətin sülhsevərliyi ilə birbaşa əlaqəsi olan məqamı önə çıxardı. Dövlət həqiqi anlamda sülhsevər ola bilər. Lakin bütün hallarda həmin sülhsevərliyi həyata keçirə bilən liderə ehtiyac vardır. Liderin kifayət qədər peşəkar hazırlığı, yüksək zəkası, idarəetmə məharəti və uzaqgörənliyi olmadan ən yaxşı sülh konsepsiyası belə kağız üzərində qalır.

Ümumiyyətlə, liderliyin cəmiyyət və dövlət üçün əhəmiyyəti barədə XXI əsrin üçüncü onilliyinin əvvəllərində Henri Kissincer yazırdı ki, istənilən cəmiyyət yaddaşı ilə gələcəyə baxışı arasında hərəkət edir. Bu zaman gələcəyi görmək vizyonu cəmiyyəti və dövləti ruhlandırır, motivasiya edir. H.Kissincer ayrıca vurğulayır ki, məhz bu cür qlobal kontekstdə cəmiyyət lidersiz mövcud ola bilmir. Çünki qərar qəbul etmək, etibar qazanmaq, vədlərə əməl etmək və irəliyə doğru hərəkət yollarını müəyyən etmək kollektiv mövcudolma üçün zəruridir.

Liderliyə dövlət institutlaşması prizmasında baxanda isə insanların heç zaman olmadıqları "yerlərə” çatması üçün aparıcı və etibarlı bir gücə ehtiyacın olması məsələsi önə çıxır. Lider olmayanda dövlət institutları “ləngər vurur”, ölkə isə fəlakətə sürüklənir. Bununla lider cəmiyyətdə keçmişlə gələcək və arxasınca apardığı insanların canatamaları ilə dəyişməz dəyərlər arasında “canlı körpü” olmalıdır. Bütövlükdə cəmiyyəti irəli aparmağın optimal yollarını vaxtında və dəqiq müəyyən etməlidir.

Henri Kissincerin bu politoloji vurğuları müasir geosiyasi gerçəkliklər işığında dahiyanə görünür. Liderin dövlətin və cəmiyyətin həyatında oynadığı həlledici rolu aydın təsəvvür etmək üçün çox faydalı tezislərdir. Bütün hallarda isə liderin töhfəsi siyasi təcrübənin özəlliklərindən aydın olur. Bu aspektdə Ulu öndərin müstəqil Azərbaycanın dövlət identikliyini müəyyən edəndə sülh faktoruna verdiyi önəmi dərk etmək vacibdir.

Demokratiya, hüquq, ədalət və sülh

Bu faktorların müstəqil Azərbaycan Respublikasının dövlət identikliyinin başlıca parametrləri olduğunu Heydər Əliyev 1994-cü il və 1995-ci illərdə BMT-nin yüksək tribunasında bəyan etmişdir. Azərbaycan güclü demokratik, büynəlxalq hüquqa tam əməl edən, tarixi ədalətə ciddi diqqət yetirən və sülhsevər dövlət kimi dünyaya təqdim olundu! Ayrıca, Heydər Əliyev sülhsevərliyin, obrazlı desək, “Azərbaycan kriteriyasını” da ifadə etdi: “Dünyanın harasında olursa-olsun münaqişələri dinc yolla – danışıqlar və müzakirələrlə həll etmək lazımdır”!

Bu, dövlətlərarası münasibətlərdə kifayət qədər ciddi bir addım idi. Yəni Azərbaycan müstəqil dövlət kimi sülhsevərliyi geniş kontekstdə, bütün dünya üçün prinsipial identiklik parametri kimi qəbul edir. Azərbaycan Respublikası yalnız Ermənistanın təcavüzünün aradan dinc yolla qaldırılmasına deyil, dünyanın hər bir guşəsində mövcud olan ixtilafların sülh yolu ilə həllinə üstünlük verir. Bu baxımdan Azərbaycan dövlətinin identikliyində demokratiya, hüquq və ədalət sülhün təmin edilməsinə xidmət edir. Azərbaycan dövləti sülhsevərliyi ilə güclüdür!

Dövlətin gücü – sülhsevərlik

1993-cü ildən başlayaraq bu qısa tezis Azərbaycanın xarici və daxili siyasətinin əsas gösəricilərindən biri olmuşdur. Politoloji olaraq çox maraqlıdır - ərazisi işğal edilmiş, hər tərəfdən haqsızlıq, hüquqsuzluq və ədalətsizliklə üz-üzə qalan gənc müstəqil dövlət strateji inkişafının mərkəzinə sülh faktorunu yerləşdirir! Belə alınır ki, müstəqil dövlətin gücünün “ölçüləri”ndən biri də məhz “sülhsevərlikdir”! Onu realpolitikada hər an təsdiq etmək üçün çox güclü lider iradəsi, yüksək zəkası və stratejini düzgün görə bilən aparıcı şəxsiyyət lazımdır.

Faktların işığında

Azərbaycan rəhbərliyi gücü ilə sülhsevərliyini optimal surətdə balanslaşdıran siyasətdən kənara çəkilmədi. Enerji strategiyası ilə geniş bir geosiyasi məkanda (Mərkəzi Asiyadan Avropaya qədər) çoxlu sayda dövlətin milli təhlükəsizliyinin təmininə töhfə verdi. Onu vurğulayaq ki, bu özəllik Azərbaycanın ərazi bütövlüyünü təmin etmədən əvvəlki dönəmlərdə də enerji strategiyasında aparıcı məqam olmuşdur.

Bununla yanaşı, Azərbaycan sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqu daim təşkil etdi. Ən kritik dönəmlərdə belə bu xətdən kənara çıxmadı. Məşhur “Bakı prosesi” buna gözəl nümunədir.

Bütün əngəllərə baxmayaraq, Azərbaycan qətiyyətlə enerji layihələrini xalqların qarşılıqlı faydalanması naminə həyata keçirdi. Dövlətləri bu prosesə qətiyyətlə daxil etdi. Məsələn, Gürcüstanı ən ağır vəziyyətində belə Azərbaycan tək buraxmadı.

Azərbaycan daxildə multikultural dəyərləri dövlət siyasəti səviyyəsində qorudu və inkişaf etdirdi. Bununla Azərbaycan cəmiyyətinin daxili sülh mühitini regional miqyasa proyeksiya etmək üçün tarixi, siyasi, geosiyasi və hüquqi əsas əldə etdi.

Azərbaycan bütün bunların fonunda daim müdafiə qüdrətini inkişaf etdirdi. Ordu quruculuğu sürətlə və keyfiyyətli aparıldı. Artıq 2015-ci ilə Azərbaycan ordusu özünümdafiə imkanları geniş olan güclü struktura çevrilmişdi. Bütün dünya bunun əyani təsdiqini 2016-cı ilin aprelinin dörd günü ərzində gördü! Azərbaycan ordusu qısa müddətli əməliyyatla bir sıra strateji obyekti düşməndən azad etdi.

2020-ci il sentyabrın 27-dən noyabrın 8-ə qədər olan müddətdə isə Azərbaycan ordusu işğal altında olan əraziləri sürətlə azad etməklə bütün dünyanı fakt qarşısında qoydu. Qərbdən ilk reaksiyalar adekvat deyildi. Qərbin bütün böyük gücləri Azərbaycanı günahkar hesab etdilər. Fransa ən çox canfəşanlıq edən oldu. ABŞ də Minsk Qrupunun həmsədr dövləti kimi Azərbaycanın Vətən və müstəqil dövlətçilik uğrunda savaşını ədalətli qiymətləndirmədi. Bu bağlılıqda Vaşinqtonun üç tələbini xatırlatmaq yerinə düşərdi.

Birincisi, mülki əhali arasında itkilərdən narahatlıq bildirdi və regionda humanitar situasiyanın pisləşməsini dayandırmağı tələb etdi. Halbuki Minsk Qrupunun həmsədri kimi ABŞ vəziyyətin bu yerə çatmasına imkan verməməli idi. Bunun üçün Ermənistanın işğal etdiyi əraziləri tərk etməsini tələb etməli idi. Bunu etmədən, üstəlik “907-ci düzəlişi” saxlamaqla Amerika II Qarabağ Müharibəsinə qarşı düzgün mövqe tutmadığını göstərirdi.

İkincisi, Vaşinqton “güc tətbiqinin eskalasiyasını ittiham edirdi”. Burada güc tətbiq edən Azərbaycanın vəziyyəti ağırlaşdırdığı nəzərdə tutulurdu və buna görə də günahkar sayılırdı.

Üçüncüsü, Vaşinqton hesab edirdi ki, “Dağlıq Qarabağın statusu dəyişməməlidir”! Onu vurğulayaq ki, “Dağlıq Qrabağ”ın süni olaraq inzibati ərazi kimi sovetlərin müəyyən etməsində ABŞ-nin o dönəmdəki prezidenti Vidro Vilsonun məşhur “14 prinsipi” az rol oynamadı. Belə çıxırdı ki, Azərbaycanın Vətən müharibəsi aparmasının ideyasını Amerika ilk vaxtlarda heç qəbul etmək istəməmişdir. Xatırladaq ki, II Qarabağ müharibəsi Donald Trampın prezidenliyinin son aylarına düşdü və noyabrın 3-də demokrat C.Bayden qalib gəldi.

Liderin zəkası, qətiyyəti və gücü

Vaşinqtonda əldə edilən razılıqlar fonunda ABŞ ilə bağlı real faktlar bir qədər qərəzli görünə bilər. Ancaq qətiyyən elə deyildir, çünki biz həqiqətin gözünün içinə baxmalıyıq. “Hurrey” deməklə real faktları unutmamalıyıq.

Burada məhz ABŞ-nin nümunə göstərilməsi isə təsadüfi deyildir. Çox rahatlıqla artıq keçmiş olan Minsk Qrupunun digər həmsədrləri olmuş Rusiya və Fransanın ədalətsiz, hüquqsuz antiazərbacyan mövqeləri barədə çoxlu faktlar vurğulaya bilərdik. Bütövlükdə Aİ-nin güclü dövlətlərinin Ermənistanın təcavüzünün nəticələrini dinc yolla aradan qaldırılması istiqamətində tutarlı bir addım atamamaları da unudulmazdır. İlk ağlı başına gələn ABŞ-dir. Ona görə ona nisbətən müqayisələr aparırıq.

Bunlardan tam haqqımız olan bir sual yaranır: “Nə oldu da bunlar sürətlə ağıllandılar, haqq yoluna gəldilər?” Azərbaycana, bütövlükdə türk dövlətçiliyinə “Vilsonun prinsipləri”nin məntiqindən baxan amerikalılarda nə baş verdi?

Xatirimizdədir, 2001-ci ildə ABŞ-nin Florida ştatının Ki-Uest şəhərində Azərbaycan-Ermənisan danışıqlarında həmsədrlər hansı vüsətlə təcavüzkar tərəfi dəstəkləyirdilər. Cinayətkar R.Koçaryan 2021-ci ildə erməni KİV-ə verdiyi müsahibədə açıq demişdir ki, Ki-Uestdə Dağlıq Qarabağın (artıq keçmiş) Ermənistana verilməsinə çalışmışlar. Hətta Ermənistanla Azərbaycanın Qarabağ bölgəsini birləşdirməli olan dəhlizin genişliyinin 42 kilometr olmasını nəzərdə tutmuşlarmış!

R.Koçaryan 2021-ci ildəki müsahibəsində vurğulayır ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla ancaq yol statusu olan bir neçə tuneldən ibarət tras birləşdirməli idi. Yəni ümumi mənzərəni belə nəzərdə tutublarmış (həmsədrlər və rəsmi İrəvan): Ermənistana Dağlıq Qarabağ birləşdirilir, üstəlik elə geniş dəhliz yaradılır ki, gələcəkdə istənilən an onu da Ermənistana vermək mümkün olur. Azərbaycan isə ancaq Naxçıvana tam Ermənistanın nəzarətində olan yolla gedə bilir.

Yeri gəlmişkən, o dönəmdə respublikaçılar Amerikada iqtidarda idilər və Ki-Uestdə dövlət katibi Kolin Pauell də iştirak etmişdr. Həmin dönəmin KİV-də dərc edilən yazılardan görünür ki, Ulu öndər Heydər Əliyev ermənilərin və havadarlarının bütün iddialarına rədd cavabı vermişdir. Amerika tərəfi də daxil olmaqla siyasilər Heydər Əlyevi razı salmaq üçün dəridən-qabıqdan çıxmışlar. Ancaq liderin zəkası, qətiyyəti və gücü bu ciddi əngəli aşdı!

2001-ci ildən 2020-ci ilin payızına qədər həmsədrlərin mövqeyində ciddi dəyişiklik yox idi. Onlar yenə də cüzi dəyişikliklərlə ermənilərin xeyrinə məsələni həll etməyə çalışırdılar. Azərbaycanın ilk sərt cavabı yuxarıda vurğuladığımız 2016-cı il aprel hadisələri oldu. Ancaq 2020-ci ilin payızı Azərbaycan liderinin zəkası, qətiyyəti və gücünün ikinci nümayişi idi. Bu dəfə Heydər Əliyevin işini onun layiqli siyasi varisi İlham Əliyev davam etdirdi.

İkinci mərhələ

Şərti olaraq 2001-ci ildə aparılan danışıqların ikinci mərhələsini II Qarabağ Müharibəsi və onunla bağlı indi də davam edən mürəkkəb və gərgin siyasi, geosiyasi və diplomatik proseslər adlandıra bilərik. İlham Əliyev cəmi 44 günə dünyanın böyük güclərinə bir həqiqəti sübut etdi: Azərbaycan lideri müstəqillik və suverenliklə bağlı heç bir güzəştə getməyəcək. Bu o deməkdir ki, hərbi yolla torpaqlar tam azad olunacaq¸siyasi-diplomatik üsulla isə hüquqi məsələlər yekunlaşacaq.

Qərb də daxil olmaqla böyük güclər bu reallığı qəbul etmək istəmədilər. Yenə hədələr, təhdidlər, bəzən yumşaq yolla təsir cəhdləri və s. Bəzən də sərt informasiya savaşları davamlı oldu.

O dönəmin gərginliyini təsəvvür etmədən bu gün Vaşinqton razılaşmasının əsl tarixi və siyasi-diplomatik qiymətini verə bilmərik. İlham Əliyev Prezident və lider kimi sözün həqiqi mənasında oddan-alovdan tam qalibiyyətlə çıxa bildi. Azərbaycanın tarixdən və hüquqdan gələn haqqını qorudu, onu praktiki meydanda təmin etdi, hüquqi təsbitinə nail oldu. Bir əsrdə ikinci dəfə Azərbaycan liderliyinin zəkasını, qətiyyətini və gücünü dünyaya göstərdi. Bunu Ulu öndərin siyasi varisi İlham Əliyev etdi. Bütün bunları bizim “Heydər Əliyev-İlham Əliyev” adlandırdığımız siyasi və liderlik xətti çərçivəsində həyata keçirmək mümkün oldu.

Buradan hansı nəticəni çıxara bilərik? Vaşinqton razılaşması əsas olaraq Azərbaycanın dövlət iradəsi və Heydər Əliyev-İlham Əliyev liderliyinin gücü hesabına reallaşmışdır. Rəsmi Vaşinqton məcburən buna getmişdir. Onlar hələ də Zəngəzurda yolların simulyasiyasını hazırlayıb ermənilərə göstərirlər. İstərdilər ki, 2001-ci ildə ermənilər hansı statusda “yol”dan danışırlarsa, indi də həmin statusda yol olsun! Olmadı və heç vaxt olmayacaq! Çünki Zəngəzur əbədi türk-müsəlman torpağıdır!

Onlar fakt qarşısında qaldılar – Azərbaycan Ermənistan və havadarları üzərində mütləq qələbə əldə etmişdir! İndi ABŞ prezideni “münaqişəni həll etdim”, deyir. Xeyli yanılır, çünki münaqişənin həllini Azərbaycan 2023-cü ilin sentyabrında tamamlamışdır. Tam ərazi bütövlüyü və tam suverenlik bunun əlamətləridir. D.Tramp sadəcə, özündə cəsarət tapıb bunu etiraf etmişdir və dilə gətirmişdir. Qərb siyasi liderləri üçün bu da bir müsbət keyfiyyətdir. Biz ABŞ-nin prezidentini buna görə alqışlayırıq!

Lakin məsələnin mahiyyəti bunda deyil.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət