ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın gələcək sərhədlərini müzakirə edəcəyini açıqlayaraq, bu addımı ilə beynəlxalq diplomatiyada yeni bir səhifə açdı. Kreml rəhbərinin Alyaskada keçiriləcək görüşdə müharibəyə son qoyacaq təkliflər irəli sürməsini gözləyən Trampın bu bəyanatı, həm ABŞ daxilində, həm də Avropa və Ukrayna rəsmiləri arasında ciddi narahatlıqlara səbəb olub. Görüşün yeri və gündəliyi, regionda yeni geosiyasi reallıqların formalaşa biləcəyinə dair siqnallar verir.
ABŞ mediasının iddialarına görə, Vladimir Putin atəşkəs üçün şərtlərini artıq Vaşinqtona çatdırıb. “Axios”un məlumatına əsasən, bu şərtlər Donetsk və Luqansk vilayətlərinin, həmçinin Krımın Rusiyaya birləşdirilməsini, Xerson və Zaporojyedə isə müharibənin “dondurulmasını” nəzərdə tutur. Donald Tramp isə öz növbəsində Ukraynaya bəzi ərazilərin geri qaytarılması üçün çalışacağını bildirib. O, Rusiyanın Qara dəniz sahilində “əhəmiyyətli bir bölgəni işğal etdiyini” vurğulayaraq, Putinin hansı “parametrləri” masaya qoyacağını gözləyəcəyini söyləyib. Bu, faktiki olaraq müharibənin sonunu deyil, ərazi mübadiləsi şərtləri ilə münaqişənin həllini nəzərdə tutan bir yanaşmadır.
Görüş yerinin Alyaska seçilməsi də diqqət çəkən məqamlardandır. Rusiya prezidentinin köməkçisi Kiril Dmitriyev bunu Arktika bölgəsindəki gələcək birgə layihələrlə izah etsə də, bu, həm də Alyaskanın bir vaxtlar Rusiyaya məxsus olması fonunda simvolik bir addım kimi qəbul edilir. Bu görüş həm də Tramp üçün Amerika diplomatiyasının gücünü nümayiş etdirmək və dünya siyasətində öz liderlik rolunu yenidən təsdiq etmək imkanıdır.
Ancaq Avropa və Ukrayna rəsmiləri, Alyaskada verilə biləcək güzəştlərdən dərindən narahatdırlar. Avropa İttifaqı (Aİ) ölkələri və ukraynalı liderlər Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməyin beynəlxalq hüququn kobud şəkildə pozulması və işğalın legitimləşdirilməsi anlamına gələcəyini düşünürlər. Onlar hesab edirlər ki, Ukraynanın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququ toxunulmazdır.
Aİ liderləri görüşdən kənarda qalmaq ehtimalına qarşı diplomatik təsirlərini gücləndirməyə çalışırlar. Onlar Ukraynanın hər hansı sülh prosesində mütləq şəkildə iştirak etməsinin zəruriliyini vurğulayırlar. Ukraynalı rəsmilər isə müharibənin dərhal atəşkəs elan olunması və ardınca “ədalətli sülh” danışıqlarına başlanılması şərti ilə dayandırılmasını istədiklərini bildirirlər. Bu “ədalətli sülh” anlayışı isə Rusiyanın “təklifləri” ilə kəskin şəkildə ziddiyyət təşkil edir.
Donald Trampın Zelenskiyə qarşı sərtləşən tonu (“heç bir nəticə əldə etmədiyini” söyləməsi) Ukraynada müəyyən həyəcan yaradıb. Bu, Trampın sülh prosesində daha fərqli bir yol tutmaq niyyətində olduğunu göstərir. Tramp, həmçinin sülh əldə olunmaması halında Hindistanın Rusiya nefti alması səbəbindən tətbiq edəcəyi sərt iqtisadi sanksiyalarla bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bu sanksiyaların taleyi Alyaska görüşünün nəticələrindən asılı olacaq.
Beynəlxalq ekspertlərin sözlərinə görə, Tramp-Putin görüşü təkcə Ukrayna və Rusiya deyil, həm də Avropanın, Aİ-nin, NATO-nun və bütün qlobal siyasi sistemin gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Görüşün nəticələri həm müharibənin gedişatına, həm də dünya gücləri arasındakı münasibətlərə birbaşa təsir göstərəcək. Hazırda bütün tərəflərin gözü Alyaskaya dikilib.
Səbuhi MƏMMƏDOV
XQ