“Qarabağ” səfərdə 1:0 hesablı qələbə qazandıqdan sonra doğma meydanda cavab görüşünə üstün vəziyyətdə çıxmışdı. Nəzərə alsaq ki, “qarabağlılar” ardıcıl üç matçda qapılarını toxunulmaz saxlamışdılar, bu görüşün də Şimali Makedoniyalılar üçün asan keçməyəcəyi qabaqcadan bəlli idi.
Ağdamlılar doğma meydanda özlərini daha inamlı hiss edirdilər. Onların Tofiq Bəhramov adına stadionda son 10 oyunu məğlubiyyətsiz keçirmələri və ardıcıl səkkiz qələbə qazanmaları da “Qarabağ”ı daha inamla matçın favoriti hesab etməyə imkan verirdi.
Komanda meydana optimal heyət vəziyyətində çıxmışdı və Qurban Qurbanov elə ciddi rotasiyaya ehtiyac görməmişdi. Azarkeşlərin dəstəyi ilə uğurlarını daha da artırmağa çalışan Qurban Qurbanovun yetirmələri doğma meydan statusundan istifadə edib fəal oynamağa üstünlük verdilər. Səfərdə minimal hesablı qələbə “Qarabağ”ı artıq növbəti mərhələyə yüksəltmək üçün yaxşı şans versə də, onlar sayıqlığı əldən vermək istəmirdilər. Makedoniyalılar isə qapıları qarşısında “avtobusları” necə park etməyi yaxşı bilirlər.
Amma bu dəfə yox. Oyunun artıq 10-cu dəqiqəsində qonaqların oyunçusu Fabris Tamba komandasını matçda irəli çıxarıb 2 oyunun nəticəsini bərabərləşdirdi. Bu qol “Qarabağ”ın heyəti üçün gözlənilməz olsa da, “Qarabağ”lılar qonaqlara bu vədəsiz qolu əsla bağışlamadılar.
16-cı dəqiqədə standart vəziyyətdən Andradanın qapı istiqamətinə endirdiyi zərbəni qonaqların oyunçusu Çake öz qapılarına vurdu. Hesab 1:1 olandan 2 dəqiqə keçməmiş Qarabağın kapitanı Zubir sol cinahdan yumşaq ötürmə ilə topu cərimə meydançasına göndərdi. Mərkəzdən sürətlə cərimə meydançasının sol küncünə şığıyan Kadi əla zərbə ilə topu qapıdan keçirdi - 2:1.
33-cü dəqiqədə kapitan Zubir yenidən öz cinahında driblinq edib, cərimə meydançasına ötürmə etdi və Axundzadə topu saxlamadan dərhal rəqibin qapısından keçirdi - 3:1.
Amma birinci hissədə bu da son qol olmadı. Rəqib qapısında qol görəndən sonra oyuna yenicə başlamışdı ki, topu ələ keçirən qarabağlılar Axundzadəyə əla ötürmə etdilər. Dubl etməyə yaxın olan oyunçumuzu kobud fəndlə yerə yıxdılar. Hollandiyalı refer dərhal Mərkəz nöqtəni göstərdi. Bu dəfə Yankoviç “Şkentiya”nın qapıçısını əla zərbə ilə məyus etdi. Birinci hissə 4:1 hesabı ilə başa çatdı.
İkinci hissənin 59-cu dəqiqəsində Andrade topu sol cinahdan Cəfərquliyevə ötürdü və rəqibin cərimə meydançasının mərkəzində ondan təkrar ötürməni qəbul edib əla zərbə ilə “Qarabağ”ın növbəti, özününsə 2-ci qoluna imza atdı - 5:1. Oyun elə bu hesabla da başa çatdı.
Beləliklə, 2 qarşılaşmada “Şkendiya”nın qapısına 6 qol vuran Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsini də uğurla adladı.
İLQAR
XQ