Azərbaycan neftinin qiymətində azalma gözlənilmir

post-img

Avqustun ilk həftəsindən başlayaraq dünyada qazın satışında azalma müşa­hidə olunur. Analitiklər bu vəziyyəti Çin və Avropa İttifaqı iqtisadiyyatlarındakı təhlükəli tendensiyalarla əlaqələndirirlər. 

Başqa sözlə, qaz satışındakı azalma Çinin daşınmaz əmlak bazarında, eləcə də iqtisadiyyatında ciddi problemlərin mövcudluğu, eyni zamanda, Avropa İt­tifaqı ölkələrində iqtisadi artımın mini­muma düşməsi, xüsusilə sənaye sekto­runda geriləmənin nəzərə çarpması ilə bağlıdır. Bütün bunlarla bərabər, qazın satışında azalmaya təsir göstərən amillər sırasına ABŞ-da inflyasiyanın iyul ayında 0,5 faiz bəndi sürətlənməsi və nəticədə uçot dərəcəsinin yenidən artırılacağı eh­timalı da aid edilir. 

Burada belə bir sual da qarşıya çıxır: Bəs Azərbaycan neftinin qiymətində kəs­kin artıma səbəb nədir? İqtisadçıların sözlərinə görə, Çin və Avropa İttifaqı iq­tisadiyyatlarındakı müəyyən təlatümlər neft bazarına təsirsiz ötüşmür. Son qiy­mətlərdə 4 faiz ucuzlaşma məhz bunun bariz ifadəsidir. Düzdür, hazırda neft bazarında müəyyən bərpa prosesi ge­dir, qiymətlərdə artım dinamikası nəzərə çarpır. “Brent” markalı neftin bir barelinin qiymətinin 77 dollardan 90 dollara yaxın­laşması da bununla bağlıdır. 

Qeyd edilən qiymət artımına şübhə­siz ki, OPEK+ ölkələrinin hasilatı azalt­maları, həmçinin avqust ayında enerji bazarlarında tələbin kəskin artması da təsir göstərib. Adətən neft satışında belə qiymət artımından sonra müəyyən kor­reksiya prosesi gedib. Beynəlxalq Enerji Agentliyi də avqust ayı üçün neftin qiy­mətinin yüksək olacağını proqnozlaşdırıb və bu gün həmin proqnozlaşdırma özünü doğruldub. Ekspertlər tərəfindən bu, həm enerji ehtiyatlarının həcmində müşahidə olunan azalma, həm turizm mövsümü ilə əlaqədar xüsusilə aviasiya sənayesində “qara qızıl”a, həmçinin xam neftin isteh­salında tələbatın artması kimi səbəblərlə izah olunub.

İqtisadçı-ekspert Samid Hüseynov bildirir ki, qlobal iqtisadiyyatla bağlı hər hansı şoklar gözlənilmir. Rusiya-Ukray­na müharibəsinə baxmayaraq, OPEK+ formatı pozulmur. Bu format çərçivəsində bazara təklif olunan neftin həcminin tən­zimlənməsinə çevik reaksiya verilir. Bu şərtlər daxilində Azərbaycan neftinin qiy­məti ilə bağlı növbəti aylarda ortaya ciddi risklərin çıxacağı da gözlənilmir. 

Proqnozlaşdırmaya gəldikdə isə iq­tisadçı-ekspert qeyd etdi ki, qarşıdakı aylarda Azərbaycan neftinin qiyməti orta hesabla 75-80 ABŞ dolları ətrafında ola­cağı gözlənilir. Noyabrda tələbatın azal­ması ilə əlaqədar ucuzlaşma müşahidə edilə bilər. Dekabrda isə orta göstəricinin, hətta 80 ABŞ dollarını ötəcəyi proqnoz­laşdırılır. 

Yeri gəlmişkən, bu ilin ötən ayların­da Azərbaycanın neft ixracında yüksək göstəricilər əldə olunub. Belə ki, yan­var-iyul aylarında Azərbaycan İtaliyaya 3 milyon 775 min ABŞ dolları dəyərində 6 milyon 47 min ton neft ixrac edib. Bu­nunla da İtaliya ölkəmizin ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin hesaba­tına əsasən, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 822 milyon 483 min dollar dəyərində 1 milyon 355 min ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siya­hıda üçüncü yeri Hindistan tutur. Ötən 7 ayda bu ölkəyə 666 min dollar dəyərində 1 milyon 125 min ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə göm­rük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 milyon 446 min dollarlıq 15 mil­yon 541 ton neft ixrac edilib.

Son məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir ba­relinin qiyməti 0,07 dollar azalaraq 84,35 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 79,98 dollar təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat