Alimlər Baffin dənizinin dərinliklərindən mühüm nəticələr əldə ediblər
12 800 il əvvəl Yer kürəsində baş vermiş kəskin iqlim dəyişikliyi və onun nəticəsində Şimali Amerikada mədəniyyətlərin süqutu, nəhəng heyvan növlərinin (məsələn, mamontların) yox olması uzun illərdir alimləri düşündürür. Bu dövr geologiyada “Gec Drias” (və ya Younger Dryas) adlanır və buz dövrünün yenidən qayıtdığı, təxminən 1200 il sürən sərt iqlim mərhələsi kimi tanınır. Bu hadisənin səbəbləri ilə bağlı bir çox fərziyyələr irəli sürülüb: okeana axan şirin su axınları, vulkanik partlayışlar və ya kosmik toqquşmalar. Son elmi tədqiqat isə bu iqlim fəlakətinin kometa ilə toqquşma nəticəsində baş verdiyi ehtimalını gücləndirir. Bu dəfə alimlər, ilk dəfə olaraq, okean dibindən — Baffin dənizindən götürülmüş nümunələrdə həmin hadisəyə dair geokimyəvi sübutlar aşkar ediblər.
Kometa toqquşmasının izləri dəniz dibindən tapıldı
ABŞ-ın Cənubi Karolina Universitetindən olan professor Kristofer Mor və beynəlxalq alimlər qrupu, Kanadanın Baffin adası ilə Qrenlandiya arasında yerləşən dənizin 2300 metr dərinliyindən götürülmüş nümunələri təhlil ediblər. Ərazinin seçilməsində məqsəd insan fəaliyyəti və sənaye çirklənməsindən uzaq, təbii şəraiti qorunub saxlanmış dəniz yataqları üzərində araşdırma aparmaq idi.
Analiz zamanı alimlər platin, iridium, nikel kimi platin qrupuna aid elementlərlə zəngin hissəciklərə rast gəliblər. Bu elementlərin Yer mənşəli olmadığı, kosmosdan gəlmiş materiallara xas xüsusiyyətlərə malik olduğu müəyyən edilib. Eyni zamanda, metal tozları, aşağı oksigenli dəmir (vüstit) və dəmir-silisium mikrozərrəcikləri də qeydə alınıb. Onların tərkibi və strukturu göstərir ki, bu cür hissəciklər yalnız kometanın atmosferdə partlayışı zamanı əmələ gələ bilər.
Fəlakətin mexanizmi necə olub?
Tədqiqatçılara görə, Yer kometa və ya asteroid qalıqları ilə toqquşub. Nəticədə baş verən partlayışlar və şok dalğaları Şimali Amerika və Arktikadakı buz qalxanlarını zədələyib. Əriyən buzlardan axan şirin sular Atlantik okeanına axaraq əsas okean axınlarını zəiflədib və bu da qlobal iqlimdə kəskin soyuma ilə nəticələnib.
Alimlər bildirirlər ki, temperatur bir il ərzində 10°C və ya daha çox aşağı düşüb, bu da Yer kürəsini yenidən buz dövrünə qaytarıb. İqlim dəyişiklikləri ilə paralel olaraq, Klover mədəniyyəti yoxa çıxıb, məməli nəhəng heyvanların çoxu isə məhv olub.
Sübutlar çoxalsa da, yekun qənaət hələ verilməyib
Qeyd edilməlidir ki, bu nəticələr kometa toqquşması hipotezini dəstəkləsə də, onu tam sübut etmir. Tədqiqatçılar izotop analizləri vasitəsilə (xüsusilə oksigen və helium-3 izotopları üzrə) mikrozərrəciklərin mənşəyini dəqiq müəyyən etməyə çalışacaqlar.
Bu tədqiqat PLOS ONE elmi jurnalında dərc olunub.
Keçmişin sirrləri gələcək üçün xəbərdarlıqdır
12 800 il əvvəl baş verən bu kimi qlobal hadisələrin öyrənilməsi nəinki keçmişin anlaşılması üçün, həm də gələcəkdə baş verə biləcək kosmik risklərin qiymətləndirilməsi baxımından vacibdir. Alimlər bu qənaətdədir ki, Yer hələ də oxşar təhlükələrlə qarşılaşa bilər və bu səbəbdən elmi müşahidələr və müdafiə strategiyaları daim inkişaf etdirilməlidir.
S.ELAY
XQ