Yeni geosiyasi şərtlər Hindistan üçün enerji mənbələrinin diversifikasiyasını aktuallaşdırır

post-img

Son illərdə Hindistan dünya enerji bazarında əsas oyunçulardan birinə çevrilib. Bu ölkə neft tələbatının 85 faizindən çoxunu idxal etməklə təmin edir. 2022-ci ildən etibarən, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi fonunda Moskva Hindistana nefti böyük endirimlərlə satmağa başladı. Bu fürsəti dəyərləndirən Hindistan hökuməti və xüsusilə də özəl neft şirkətləri — Nayara Energy və Reliance Industries Ltd — Rusiya ilə uzunmüddətli müqavilələr bağladılar.

Nəticədə 2025-ci ilin ilk yarısında Hindistan gündəlik 1,75 milyon barel rus nefti idxal edib. Bu, ölkənin ümumi neft idxalının 35 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, Ukrayna müharibəsindən əvvəl Rusiya Hindistanın enerji bazarında cəmi 1 faiz paya sahib idi.

Lakin vəziyyət bu ilin yayında dəyişdi. ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25 faizlik əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqladı. O, Hindistanı Rusiya neftini birbaşa və ya dolayı yollarla almaqda ittiham edərək, bu addımı Vaşinqtonun Ukraynaya dəstəyi ilə əsaslandırdı. ABŞ-ın bu təzyiqləri Hindistan hökumətini narahat edib. Rəsmi Dehli ittihamları əsassız adlandıraraq Rusiya ilə tarixi əlaqələrini və enerji təhlükəsizliyini əsas gətirsə də, dövlətə məxsus neft emalı müəssisələri artıq rus neftinin alınmasını dayandırıblar.

İndiki şəraitdə Hindistan neft tədarükünü diversifikasiya etmək məcburiyyətindədir. Rusiya nefti əvəzinə əsas alternativlər sırasında İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ, Qərbi Afrika ölkələri və Azərbaycan var. Hindistanın neft naziri Hardip Sinqh Puri bildirib ki, ölkə artıq 40-a yaxın müxtəlif mənbədən neft idxal edir. Yeni bazarlar arasında Gayana, Braziliya və Kanada da var. İraqla illik müqavilələrə əsaslanan sabit tədarük münasibətləri Hindistana hər ay əlavə həcmdə neft sifariş etməyə imkan verir. ABŞ və Qərbi Afrika ölkələrindən alınan neft isə logistik baxımdan baha başa gəlsə də, siyasi riskləri daha azdır.

Xəzər regionunun əsas enerji ixracatçılarından biri olan Azərbaycan da Hindistanın diqqət mərkəzinə düşüb. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Aralıq dənizi limanlarına çatdırılan neft Hindistan şirkətləri üçün cəlbedici variant kimi qiymətləndirilir. Bu kontekstdə iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi Hindistanın enerji təhlükəsizliyini gücləndirə bilər.

Rusiya ilə enerji tərəfdaşlığı Hindistan üçün iqtisadi baxımdan sərfəli olsa da, yeni beynəlxalq reallıqlar bu münasibətləri yenidən qiymətləndirməyə vadar edir. ABŞ-ın sanksiya təhdidləri, geosiyasi risklər və qlobal enerji bazarındakı dəyişikliklər Hindistanı enerji mənbələrini daha geniş coğrafiyada axtarmağa sövq edir. Bu isə Hindistanın Yaxın Şərq, Afrika və Xəzər regionu ilə enerji əməkdaşlığını gücləndirəcəyini göstərir.

S.ELAY

XQ

Dünya