Pedaqoji Universitet Anadolu Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

post-img

Avqustun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Anadolu Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Anadolu Universitetinin rektoru professor Yusif Adıgözəl və Distant təhsil fakültəsinin Xaricdə proqramlar bölməsinin rəhbəri Saleh Gümüş, ADPU tərəfindən isə universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova iştirak ediblər.

Görüş zamanı ali təhsil müəssisələri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, beynəlxalq proqramlarda iştirak və qarşılıqlı təcrübə mübadiləsi imkanlarını nəzərdən keçiriblər.

Görüşün yekununda Pedaqoji Universitetlə Anadolu Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.













Təhsil