Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı  virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

post-img

Azərbaycan Milli Kitabxanasında ədəbiyyatımızın görkəmli simalarından olan Xalq yazıçı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və  ictimai xadim Elçin İlyas oğlu Əfəndiyevin xatirəsinə həsr olunmuş “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı  virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan XQ-yə bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, yazıçının azərbaycan və xarici dillərdə qələmə aldığı hekayələri, povestləri, romanları, seçilmiş əsərləri, ədəbiyyatşünaslıq haqqında tədqiqat əsərləri,  ədəbiyyatda tarix və müasirlik problemi, tənqid və ədəbi proses, ədəbiyyatımız və folklorumuz haqqında kitablar, fotolar, həyat və yaradıcılığı haqqında görkəmli şəxsərin fikirləri və s.  müxtəlif resurslar tammətni ilə təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Elchin/index.htm    linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Elçin İlyas oğlu Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçin Əfəndiyevin daimi mütaliəsinin əsasına çevrilib.

O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub.

İlk hekayəsi ("O inanırdı") 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. "Min gecədən biri" adlı ilk hekayələr kitabı isə 1966-cı ildə "Azərnəşr"də çapdan çıxıb.

Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub.

Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.

Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib. 

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilib.

Elm