Ölkənin valyuta vəsaitləri davamlı olaraq artır

post-img

Dövlət Neft Fondunun aktivləri 54 milyard dolları ötüb

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 20 ildə sürətli tərəqqi yolu keçib. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici sərmayələrin cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr reallaşdırılıb. 

Bütün bu tədbirlərin uğurlu nə­ticəsi Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin ya­rımillik icrasına dair arayış və ilin so­nuna gözləntilər sənədi”ndə vurğu­lanan göstəricilərdə də öz ifadəsini tapıb. Sənəddə bildirilir ki, cari il iyu­nun 30-na Azərbaycan Respublika­sı Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 milyard 915,1 mil­yon ABŞ dollarına çatıb. 

ARDNF-in məlumatına əsasən, cari ilin yanvar-iyun ayları ərzində Fondun büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərclə­ri isə 2 milyard 680,8 milyon manat təşkil edib.

İlin ilk 6 ayı ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata ke­çirilməsi ilə bağlı gəlirləri 8 milyard 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışın­dan 7 milyard 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon ma­nat, tranzit gəlirləri 0,8 milyon ma­nat, akrhesabı ödənişlər 3,6 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 milyard 77,1 milyon manat təşkil edib. Valyuta məzənnələrinin də­yişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 977, 6 milyon manata çatıb. 

Hesabat dövründə Fondun 2023-cü il büdcəsinin icrası çərçi­vəsində 2 milyard 661 milyon ma­nat vəsait dövlət büdcəsinə trans­fert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqa­bətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəs­sisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 3,6 milyon manat yönəldilib. Bu ilin yanvar-iyun ayları ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 11 milyon manat təşkil edib.

Cari ilin ilk yarım ilində aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cüm­lədən vəsaitlərin idarəsindən əldə edilən gəlirlər hesabına olub. Müva­fiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edi­lib. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiy­yatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələ­rindən hələ də yuxarı olması gələ­cəkdə faiz dərəcələrinin artmasını istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gə­lirlər töhfə verib.

Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımil­lik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə 2023-cü ilin faktiki daxilolmaları nəzərə alınmaq­la xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisində 2024-cü il 1 yanvar tarixinə ARDNF-in aktivlərinin 51,7 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü il 1 yanvar tarixinə Fondun aktivlərinin xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi ilə müqa­yisədə təqribən 0,7 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur. Belə ki, gələn il yan­varın 1-nə aktivlər xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisinə nəzərən 40 ABŞ dolları ssenarisində 1,4 milyard ABŞ dolla­rı az olmaqla 50,3 milyard ABŞ dol­ları, 80 ABŞ dolları ssenarisində isə 1,4 milyard ABŞ dolları çox olmaqla 53,1 milyard ABŞ dolları gözlənilir.

Yeri gəlmişkən, xatırladaq ki, bu gün beynəlxalq reytinq agentliklə­rinin hesabatlarında da Azərbay­canda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi ölkəmizin valyuta rezervləri göstərilir ki, bu da Bey­nəlxalq Valyuta Fondunun metodo­loji təlimatına görə, Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlar­dır. Makroiqtisadi şoklar çərçivəsin­də toplanan və idarəolunan ehtiyat­lar isə enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasə­tin dayanıqlılığının, həmçinin sa­bitliyinin qorunması üçün yeganə zəmindir. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehti­yatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensa­siya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət ro­lunu oynayır.

Beləliklə, yuxarıda qeyd edilən­lərə əsaslanıb deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev yeni­dən hakimiyyətə qayıdışından sonra ğlkəmizdə dövlətçiliyin möhkəmlən­dirilməsi və bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində bir sıra önəmli islahatlar həyata keçi­rib. Ulu öndər qısa zaman ərzində uzunmüddətli dövr üzrə sosial-iq­tisadi inkişaf strategiyasının müəl­lifi olaraq tarixi uğurlara imza atıb. Məhz dahi şəxsiyyətin həyata keçir­diyi sosial-iqtisadi islahatlar nəticə­sində ölkədə makroiqtisadi sabitlik bərpa olunub, inflyasiya üçrəqəmli səviyyədən təkrəqəmli səviyyəyə düşüb, büdcə kəsiri dəfələrlə aza­lıb, manatın məzənnəsi sabitləşib və bank sistemi sağlamlaşdırılıb.

Ümummilli liderin əzmkarlığı və fədakarlığı ilə yaradılan iqtisadi potensial əsasında onun layiqli da­vamçısı Prezident İlham Əliyev qızıl inkişaf dövrünə nail olub. Dövləti­mizin başçısının qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib. 

2003-cü ildən başlayaraq son 20 ildə həyata keçirilən strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dün­ya üzrə orta səviyyədən 4 faiz yük­sək olub. Neft gəlirləri uğurla sosi­al-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texno­loji infrastrukturu tamamilə müasir­ləşdirilib.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

SOCAR-ın açıqlamasına görə, 2023-cü ilin I yarısında Azərbay­can neftinin bir barelinin orta ixrac qiyməti 82,84 dollar təşkil edib, yəni bu gün dünya bazarında ya­şananlar cari ili 80 dollardan yuxa­rı göstəricilərlə başa vurmaq ehti­malını xeyli artırır. 

Hazırda isə dünya bazarın­da “Azeri Light” markalı neftin bir bareli 88,76 dollara satılır. Xatır­ladaq ki, bu sort neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azə­ri-Çıraq-Günəşli” (AÇG) yataq­lar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir. 

Bəs bu bahalaşma bizə nə ve­rir? Birincisi, azalan neft həcmləri fonunda gəlirlərimiz hiss ediləcək səviyyədə qalır. İkincisi, Maliyyə Nazirliyinin proqnozuna görə, nef­tin orta ixrac qiymətinin hər barel üçün 10 dollar artımı icmal büdcə­nin 1,3-1,4 milyard manat artımına gətirir. Üçüncüsü, ölkənin valyuta ehtiyatlarının artımına 1 iyul 2023 tarixinə Neft Fondunun aktivləri 54 milyard 915,1 milyon, Mərkəzi Bankın valyuta ehtiyatları isə 31 iyul 2023-cü il tarixinə 9 milyard 244 milyon təşkil edir və nəticə eti­barı ilə makroiqtisadi göstəricilə­rin sabitliyi gerçəkləşir. Nəhayət, əlavə gəlirlər hesabına işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirmək imkanı yaranır.

Burada onu da qeyd edim ki, artan neft-qaz gəlirləri Azərbay­cana Rusiyanın, Qərbin və İranın sakitcə müşahidə etdikləri 30 illik işğala son qoymaq üçün imkanlar açdı.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat