Paşinyan yenidən yanlış məcrada

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 3-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndimək cəhdləri Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə, vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir.

Bu sözlər Xarici İşlər Nazirliyinin yaydığı məlumatda yer alıb.

Bildirilib ki, Ermənistan tərəfinin iyunun 15-də Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhəd­çilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığı­nı nümayiş etdirir.

Qeyd edilib ki, Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir. 

Vurğulanıb ki, insanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçaturyanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qa­nunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. 

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız söz­də deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbay­can tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam–Xankəndi yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi, həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə mane­çilik törətməməlidir.

Siyasət