Ceyhun Bayramovun xarici diplomatlarla görüşləri

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət De­partamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi, danışıqların pers­pektivləri və bölgədə cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın əra­zi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.

Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təx­ribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankən­di yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbu­ledilməz olduğu bildirilib.

Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mü­badiləsi aparıblar.

***

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Ceyhun Bayramov fəaliyyəti müddətində Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfir Sami Abdulla Goşehiyə təşək­kür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Sami Abdulla Goşehi Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə ol­duğu müddət ərzində ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib. İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq üçün perspektivlərin olduğu, bu xüsusda iki ölkə arasında təmasların da­vam etdirilməsinin vacibliyi qeyd olunub.

“Xalq qəzeti”



Siyasət