Dövlət əhəmiyyətli xüsusi tapşırıq

post-img

(əvvəli https://xalqqazeti.az/siyaset/134320-dovlet-ehemiyyetli-xususi-tapsiriq

https://xalqqazeti.az/siyaset/134432-dovlet-ehemiyyetli-xususi-tapsiriq)

Ermənilər bütün cəbhə boyu sa­kitliyi pozmuşdular. Şahbuz rayonu­na edilən hücum nəticəsində Həsən Nağıyevlə, Telman Sadıxov yaralan­mışdı. Həsən milis əməkdaşı, Telman müəllim isə könüllü idi. Heydər Əliyev Muxtar Respublika uzrə ən ağır yara­lıları müalicə üçün Türkiyəyə göndərdi. Onların arasında Həsən də var idi. Hə­kimlər onu həyata qaytara bilsələr də, ayağa qaldıra bilmədilər. 

Naxçıvan özünün ən ağır günlə­rini yaşayırdı. İqtisadi böhran bütün sahələrdə hiss olunurdu. Əhali isə Heydər Əliyevin ətrafında sıx birləş­mişdi.

Daha acı bir xəbər Qarabağdan gəldi. Bir qəhrəman şəhidimizin cə­nazəsi Naxçıvana gətirilirdi. Naxçıvan öz şəhidini son mənzilə yola salmağa hazırlaşırdı, böyük bir izdiham var idi. O, Qarabağdan Naxçıvana gələn ilk şəhid idi.

Naxçıvanda elektrik enerjisi fa­silələrlə – iki saatdan bir verilirdi. Elekt­rik enerjisi gələn kimi hamı televizorları açıb, cəbhə xəbərləri ilə maraqlanırdı. Azər İsmət oğlu Tarıverdiyev də televi­zoru açmışdı. Ekranda Xocalıda baş vermiş, dünyada heç bir yerdə rast gəlinməyən vəhşiliklərin acı səhnələ­ri nümayiş olunurdu. 25 yaşlı gəncin gözlərində yaş qurumurdu. “Kişi olan kəs evdə oturmaz” – deyib, heç kimlə görüşmədən Bakıya, oradan da döyüş bölgəsinə getmişdi. Ana isə “iş qur­maq” adı ilə yola çıxan oğlunu səbir­sizliklə gözləyirdi. O vaxtlar məşhur ”Qurtuluş” taborunun tərkibində qısa, lakin şərəfli döyüş yolu keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdi.

Üç il öncə Azərin atası İsmət müəl­lim rəhmətə getmişdi. Nəinki inşaat­çılar, hətta bütün əhali İsmət müəllimi bacarıqlı, işgüzar bir rəhbər, həm də xeyirxah, vətənpərvər bir insan kimi tanıyırdı. Azər evin böyük oğlu idi. Ata əvəzi üç bacıya və bir qardaşa xe­yir-dua verib, toylarını edəcəkdi. La­kin Vətən məhəbbəti üstün gəldi, onu şəhidlik zirvəsinə yüksəltdi. Ulu öndər Heydər Əliyev də şəhidin doğmalarına başsağlığı verməyə gəlmişdi. 

Heydər Əliyev çox narahat idi. O, “sabaha un ehtiyatımız tükənir, xalqı­mız çörək problemilə üzləşəcək”, – dedi. Hələ də respublika rəhbərliyi Naxçıvana ögey münasibət bəsləyir, Ayaz Mütəllibov isə “Naxçıvan Azər­baycanın kor bağırsağıdır, onu kəsib atmaq lazımdır” – deyirdi.

İki saatdan sonra Gəncədə Çingiz Sadıxovun yanında idim. Vəziyyəti ona bildirdim. Hökumət telefonu ilə nazir Zakir Abdullayevə zəng edib, Gəncənin fondundan 60 ton unu Naxçıvana ve­rilməsini xahiş etdi. Axşam saat 18.00 radələrində Bakıda olmalı idim. Çingiz müəllimə Mahmud Nəbiyevin vasitə­silə Sumqayıtdan 2000 metr borunun Gəncəyə gətirildiyini bildirdim. Gən­cədə maşınqayırma zavodu fəaliyyət göstərirdi. Gingiz müəllim zavodun di­rektoru Eldar Qarayevə zəng etdi. Ona dedi ki, Naxçıvana təxirə salınmadan 6 ədəd “QRAD” qurğusu hazırlanmalı­dır. Sonra isə üzünü mənə tutub dedi ki, əlavə 2 ədəd qurğu da dostum Na­miq Həsənova məndən hədiyyədir. Elə həmin gün Maşınqayırma zavodunun direktoru ilə görüşüm oldu. Söhbətimiz iki saata qədər çəkdi. Göndərilmiş bo­rular artıq müvafiq texnoloji ardıcıllıqla emala daxil edilmişdi.

Üç saat ərzində unun daşınması, təyyarəyə yüklənməsi məsələlərini həll etdik. TU-154 tipli sərnişin təyyarəsi ilə üç reysə unu Naxçıvana çatdırdıq. Gecə saat üçdə axırıncı 20 ton unu bo­şaldıb, Bakıya qayıtdıq. 

Saat 04.00 radələrində Eldəniz­lə Bakı Hava Limanından ayrıldım. Gəncə Aeroportuna çatanda saat 9 idi. Köməkçim Süleyman və əsgər­lərimiz Yak-40 təyyarəsinin yanında məndən təlimat gözləyirdilər. Uçmağa hazırlaşırdıq ki, mühafizə xidmətinin rəisi bir nəfər könüllü əsgərin mənim­lə görüşmək istədiyini bildirdi. Əsgər özünü təqdim etdi: Akif Səfərov. Atası milis podpolkovniki Mirzəmməd müəl­lim Naxçıvan Daxili İşlər Nazirliyində atamla bərabər işləmişdi, dost idilər. Akif Qarabağda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdı. Müalicəsi başa çatmamışdı. Bədəni sarğılı idi. Sonralar Akif bir neçə dəfə əməliyyat olundu. Mən, döyüş və sinif yoldaşla­rı – İbrahim Əliyev, Canpolad Səfərov, Əli Bağırov, Hikmət Əliyev Akifi heç bir zaman tək buraxmadıq. Keçdiyi döyüş yolu bir kitabın mövzusudur. Onu ora­da tək buraxa bilməzdik. Təyyarədə mərmilərin üzərində Akifi Naxçıvana gətirdik. 

Naxçıvandan Gəncəyə gələn sər­nişinlər də bizə təmənnasız kömək göstərirdilər. Onların arasında elə vətənpərvərlər var idi ki, günlərlə kö­nüllü surətdə aeroporta gələrək təy­yarələrin yüklənməsində yaxından iş­tirak edirdilər. Həmin şəxslərdən Emin Tağızadənin, Ceyhun Abdullayevin, Niyazi Cəfərovun, İlqar Sadiqovun, Abidinin adlarını xüsusilə qeyd etmək istəyirəm. Gəncəyə qayıdanda şəhər nəqliyyat prokuroru Əli Ömərovla aka­demik Məmmədtağı Cəfərov onları Naxçıvana aparmağımı xahiş etdilər. Əli Ömərov Azərbaycanın xalq depu­tatı, eyni zamanda, parlamentdə Xo­calı istintaq komissiyasının sədri idi. Heydər Əliyevlə görüşmək istəyirdilər. Görüşü təşkil etdim. Akademik Məm­mədtağı Cəfərovun evini bir həftə son­ra avtomat silahdan atəşə tutmuşdular. Evinə gedib kömək üçün yardımımı təklif etdim, lakin imtina etdi. Heydər Əliyev prezident seçiləndən sonra Əli Ömərov Azərbaycanın baş prokuroru oldu.

Rusların arasında apardığımız iş­lər nəticə vermişdi. Bizimlə dost olub, yardımımızdan istifadə etmək istəyir­dilər. Təbii ki, müraciət edənləri əli­boş buraxmırdıq. Gəncədə müvəqqəti olacaqlarını artıq yəqin etmişdilər. İllər boyu topladıqları şəxsi ev əşyalarını Rusiyaya aparmaq istəyirdilər, ancaq bacarmırdılar. Onlara Dərbəndə qədər ev əşyalarını çatdırmaqda yardım edə­cəyimizi bildirdik. Bir polkovnikin əş­yaları Dərbəndə çatanda sevincindən bilmirdi ki, necə təşəkkür etsin. Hər cür əməkdaşlığa hazır idi. Yaxın dostları da ona güvənib ev əşyalarını bizə hə­valə etmişdilər. Bu tədbirin həyata ke­çirilməsində Gəncə AXC şəhər şöbəsi­nin rəhbərliyinin imkanlarından istifadə edirdim. Gecə “Kəpəz” mehmanxa­nasına gələndə bir nəfərin mənimlə görüşmək istədiyini bildirdilər. Həmin şəxs Surət Hüseynov idi. Yevlaxda yun fabrikinin direktoru, Azərbaycanın xalq deputatı idi.

Təyyarə Naxçıvana rahat eniş etdi. Həmişə olduğu kimi, “Yükü” sənədləş­dirib aktla DMMK-nin nümayəndəsinə təhvil verib, komitəyə getdim. Komitə­nin sədri Elman Abbasovla görüşdük. Ona dedim ki, Gəncədə bir nəfər mə­nimlə görüşmək istəyir, sizin də o gö­rüşdə iştirakınız məqsədəuyğundur. Surət Hüseynovu qiyabi tanıyırdım, onunla maraqlanmışdım, ancaq gö­rüşməmişdim. Ertəsi gün Elman bəy­lə Gəncəyə uçduq, Hüseyn Əlizadə ilə görüşüb, Surət Hüseynovun evinə getdik. Bizi səmimi qarşıladı. Evdə tə­mir işləri gedirdi. Həyətdə divara yaxın təxminən yüz yeşik 7.62 patronları və 20 ədəd zirehli jilet gözümdən yayın­madı. Surət Hüseynov bizi həyətdəki çardağa dəvət etdi. Qonaqları ona təq­dim etdim. Mənim haqqımda məlumatı var idi. Ümumi tanışlıqdan, söhbətdən sonra əsas mətləbə keçdik. Ona Nax­çıvandakı ağır hərbi, iqtisadi vəziyyət­dən, Heydər Əliyevin gördüyü əsas işlərdən danışdım, ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu bildirdim. Eyni zamanda, respublika rəhbərliyi tərəfindən heç bir köməklik, yardım al­madığımızı bildirdim. 

Söhbətimiz qarşılıqlı anlaşma şə­raitində keçdi. İstədiyimizə nail olmuş­duq. Surət Hüseynov Heydər Əliyevə böyük hörmətinin olduğunu, salamları­nı ona çatdırmağı xahiş etdi. 

Bizi yola salarkən 5.45 və 7.62 pat­ronlarına, zirehli gödəkçələrə ehtiya­cımız olduğunu dedim. Həyətdə olan yeşikləri və zirehli gödəkçələri ma­şına yüklədib aeroporta yola saldıq. Ayrılarkən ona sual verdim ki, Heydər Əliyevi necə tanıyırsınız? Bir anlığa duruxdu. Ondan “Vremya” (Zaman) xəbərlər proqramına baxıb-baxmadı­ğını soruşdum. Dedi ki, baxıram. Ona dedim ki, “Zaman” xəbərlər proqramını beş gün sonra diqqətlə izləsin, veriliş­də bir xəbər eşidəcək, onda Heydər Əliyevi, Naxçıvanın əsgərlərini daha yaxından tanıyacaq. “Zaman” (Vrem­ya) xəbərlər proqramı Sovetlər Birliyi­nin paytaxtı Moskvadan yayımlanan ölkənin birinci kanalının verilişi idi.

Bir həftə sonra Gəncədə Surət Hüseynovla görüşdüm. Əlimi sıxaraq “təbrik edirəm”, – dedi. Soruşdum ki, nə olub? “Vremya” proqramında İrəva­nın yaxınlığında bir hərbi bazanın part­lamasından məlumat verildiyini dedi. İki gün idi ki, ermənilər yanğını sön­dürə bilmirdilər...

Surət bəylə isti münasibətlər yaran­mışdı. Hətta, Zazalıda ruslara məxsus bir hərbi hissədə də birlikdə olmuşduq. Bir şəhidin ailəsinə birlikdə başsağlığı vermişdik. Beş dəfə bizə kömək üçün müraciətimi yerinə yetirmişdi. Bu mü­nasibət iki aydan çox çəkmədi. Kömək­çim Süleymanın dostu Oqtay Baxşə­liyevlə xidməti maşınımla Yevlaxa getmişdik. Yun fabrikində gözətçiyə mənim gəldiyimi Surət bəyə çatdırma­sını xahiş etdim. Həmişə məni gözlət­mədən qəbul edirdi Surət bəy. Bu dəfə yarım saatdan çox gözlədim. Nəhayət, 6 nəfər silahlı mənə yaxınlaşdı, Surət bəyin yaxın qohumu Kəramət məni qəbul etməyəcəyini söylədi. Səbəbini soruşdum, içəri keçmək istədim. Silah­lılar qarşımı kəsib imkan vermədilər. Arxamda bir şaqqıltı eşitdim. Avtomo­bilə əyləşəndə Süleymanla, Oqtay mə­nim kürəyimdən vurulacağımdan qorx­duqlarını dedilər. Kərəmət avtomatı kürəyimə tuşlayıb, atəş üçün hazır və­ziyyətə gətirmişdi. Aslanlı tayfasından heç kimə kürəyindən güllə dəyməmiş­di. Allah məni saxladı. Nə baş verdiyini heç cür anlaya bilmirdim.

Gəncəyə qayıtdım. Ramiz Cahan­girovla görüşüm olacaqdı. Bir əməliy­yat həyata keçirəcəkdik. Gecə cənub bölgəsinə – Prişibə yola çıxmalı idim. Mənimlə bərabər bir rus polkovniki və podpolkovniki də getməliydi. Onların köməyi ilə bir ədəd tank və bir ədəd BTR-i Gəncəyə gətirmək məqsədimiz vardı. Texnikaları traylerdə gətirəcək­dim. Hər şey hazır idi. Cəlilabaddan Vaqif adlı tanışım bizi QAZ-24 “Volqa” avtomobilində aparacaqdı. Meh­manxanaya təzə gəlmişdim, saat 23.30 idi. Bir az istirahət etmək istəyirdim ki, qapı döyüldü. Təxminən, on nəfər idilər. Başlarında da Kəramət. Yüksək səslə sabahdan Gəncəni tərk etməyimi tələb etdi, sonra dedi ki, bəs sən bil­mirsən burada adamları necə yandırıb yox edirlər. Onun sözlərini ciddi şəkildə qəbul etmədim. Mənim vəzifəm vardı. Naxçıvan təhlükə içərisində qalmışdı. Mən Heydər Əliyevin tapşırıqlarını ye­rinə yetirməli idim. Ölümdən qorxmur­dum, dəfələrlə arxamca atəş açaraq, məni minaya salmaq istəmişdilər. Yəni belə hədə-qorxular birinci dəfə deyildi.

“Volqa” maşınımız mehmanxana­nın dayanacağında dayanmışdı. Saat 03.00-da rus zabitlərini evlərindən gö­türüb yola çıxdıq. Şəhərin çıxışında trayler bizi müşayiət etməyə başladı. Sürücünün yanında mən, arxada ruslar əyləşmişdilər. Saatda 60-80 km sürətlə gedirdik. Cəlilabada yaxınlaşırdıq, çis­kin yağış yağırdı. Sübh açılmışdı. Rus­lar mürgüləyirdilər. Yolumuz uzun oldu­ğu üçün Vaqifi söhbətə tutmuşdum ki, yuxulamasın. Birdən mənim önümdəki təkər yerindən çıxdı. Qarşıdan ara-sı­ra avtomobillər keçirdi. “Volqa” sürük­lənməyə başladı, arxamızca gələn trayler bizə yaxınlaşırdı. Avtomobil yolun əks-tərəfinə sürüklənirdi. Vaqif əyləci sıxmışdı. Xoşbəxtlikdən qarşıda avtomobil yox idi, yoxsa birinci məni vuracaqdı. Rusların qorxudan rəng­ləri ağarmışdı. Mən də qorxmuşdum, namərdcəsinə qurulmuş belə tələdə ölmək istəmirdim. Trayler bizə beş-on metr məsafədə dayandı. “Volqa”ya baxış keçirdik. Vaqif maşının yeni tə­mirdən çıxdığını dedi. Bütün şübhələr təkərin boltlarının boşaldılması üzə­rində dayandı. Bunun kimin tərəfindən edildiyi mənə artıq məlum idi. Əməliy­yatı başa çatdırıb, rusları sağ-salamat geri qaytarmalı idim. Onlarla görəcək işlərimiz çox idi. Sağ-salamat Gəncəyə qayıtdıq. Səhərisi gün Hüseyn Əliza­dəgilə getdim. Saat 20.30-da Heydər Əliyevlə telefonla danışmalı idim. Hü­seyn müəllimdən respublikadakı vəziy­yətlə bağlı soruşanda o, parlamentdə Azərbaycan xalqının mənafeyinə zidd bir qərarın qəbul edildiyini bildirdi. Ölkəmiz prezident seçkilərinə hazırla­şırdı. Seçkilərdə Heydər Əliyev iştirak etməsin deyə namizədlərə yaş məhdu­diyyəti qoymuşdular. 70 yaşdan yuxarı namizədin seçkilərdə iştirakının qar­şısı alınmışdı. Parlament Azərbaycan xalqının əleyhinə qərar qəbul etmişdi. Surət Hüseynovun nəyə görə məni qə­bul etməməsini, qohumu Kəramətin düşmən münasibətinin səbəbləri artıq mənə məlum oldu. Surət Hüseynovla bir daha görüşmədim.

Təyin olunmuş vaxtda telefona zəng gəldi. Mən telefonun dəstəyini qaldıranda Hüseyn müəllim televizo­run səsini kəsdi. Salamlaşandan son­ra Heydər Əliyev işlərin gedişi ilə ma­raqlandı. Hər şeyin qrafik üzrə getdiyini bildirdim. Sabah Naxçıvana gələcəyimi dedim. İki dəfə “gəl, gəl” dedi. Sonra sabaha qədər səngərlərdə döyüşən əsgərlərimizin patronlarının bitəcəyini söylədi. “Avtomobillər saat 10.00-da aeroportda olsun” deyib sağollaşaraq dəstəyi yerinə qoydum. Tükəzban xa­nım mətbəxə keçmişdi. Süfrəni hazırla­maq istəyirdi. Hüseyn müəllim narahat­lığımı hiss etmişdi. “Nə olub?” – deyə soruşdu. Ona “təcili getməliyəm” – de­yib evdən çıxdım. Eldəniz qarşı tində məni gözləyirdi. “Polkovnikin evinə sür” – dedim. Ürəyimdə bü gün sarıqulağı öldürəcəyəm düşüncələri ilə polkovniki eşiyə dəvət etdim. İstəyimi ona bildir­dim, dedi səhərə qalsın. Hirslə “bu saat istəyirəm” deyəndə, “yük maşının var­mı?” deyə soruşdu. “Var” dedim. Gecə yarısı görüş yerini təyin etdik. Oradan ayrılıb Elşənin atası Şubay kişinin evinə getdik. Yatmamışdı. “Heydər Əliyevlə görüşmək istəyirmisən?” – deyə so­ruşdum. “Əlbəttə” – dedi. Həyat yolda­şı Kifayət xanım “mən də gedəcəyəm” deyə səsləndi. Şubay kişiyə “yük ma­şınını hazırla və iki nəfər yanına al, bir saat sonra dediyim ünvana gəl” deyib evdən çıxdım. Görüş yerinə 200 metr qalmış Eldənizə “avtomobili saxla” de­dim. Ətrafı diqqətlə nəzərdən keçirdim, sakitlik idi. Bir azdan Şubay gəldi. “Mo­toru söndür “ dedim. Sakitliyi Zil -131 yük maşınının səsi pozdu. Polkovnik maşından enəndə ona yaxınlaşdım. “Yük maşınınız haradadır?”, – deyə soruşanda işarəmlə Şubay yaxınlaşdı. Saat yarım ərzində iki dəfə Şubayın yük maşını dolub, aeroportda boşaldı.

Səhər açılmışdı. Saat 09.00 radələ­rində Şubay kişi həyat yoldaşı Kifayət xanımla əllərində 2 səbət təyyarəyə mindilər. Səbətlərdə Heydər Əliyevə Gəncə sovqatı aparırdılar. Mənim sovqatım isə səngərlərdə döyüşən qəh­rəman əsgərlərimizə 600000 (altı yüz min) ədəd 5.45 və 7.62 çaplı avtomat patronları idi.

Naxçıvan hava limanında bizi sə­birsizliklə gözləyirdilər. Əsgərlərimiz təyyarəyə yaxınlaşan böyüklü-kiçikli avtomobilləri yükləyib, cəbhəyə döyüş bölgəsinə yola salırdılar. Adətən, yük­lər anbara göndərilirdi. İndi isə vəziyyət belə tələb edirdi. Altı dəfə belə hal baş verdi. Naxçıvan belə qorunurdu, təpə­dən dırnağadək silahlanmış düşmənin qarşısında əliyalın olsa da, geri çəkil­mək, düşmənin qabağından qaçmaq yox idi. Qanları, canları bahasına əs­gərlərimiz, polislərimiz, könüllülərimiz, yerli əhali Naxçıvanı qəhrəmancasına qoruyurdular. Onların qarşısında baş əyməmək mümkün deyildi.

Naxçıvan MR Ali Məclisinin müha­fizə xidmətinin rəisi İsrafil Əsgərovla görüşüb, ikinci mərtəbəyə qalxdım. Dəhlizdə Heydər Əliyevin köməkçisi ilə görüşdüm. Qoluma girib kabinetinə dəvət etdi. İlk sualı o oldu ki, belə get­sə düşmənin qarşısında dayana bilə­cəyikmi? Ona yaxın zamanda çox ciddi dəyişikliklər olacağını söylədim. Qara­bağda gedən şiddətli döyüşlər barədə məlumat verdim. 

Söhbətimiz bir saatdan çox çəkdi. Mənə bir mühüm problem olduğunu bildirdi. “Heydər Əliyevin həyatı təh­lükədədir” – dedi. O yalnız Heydər Əliyevi düşünürdü. “Nə etmək lazım­dır?” – deyə ondan soruşanda təxirə­salınmaz tədbirləri qeyd etdi. 

İkinci dəfə idi ki, o, Heydər Əliyevlə bağlı mənə müraciət edirdi. M.S.Qor­baçov Sovet İttifaqı Kommunist Par­tiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonra, Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıla­raq istefaya göndərilmişdi. Rus xalqı­nın Heydər Əliyevə böyük rəğbəti olsa da, Qorbaçov ona həsəd aparır­dı. Heydər Əliyevi nüfuzdan salmaq üçün ona qarşı mərkəzi qəzetlərdə, o cümlədən, respublikamızdakı rəsmi qəzetlərdə məqalələr dərc etdirirdilər. 1988-ci ildə Heydər Əliyevin uzaq bir qohumu mənə yaxınlaşıb dedi ki, “sən rus dilini yaxşı bilirsən. Moskvaya – Kremlə Heydər Əliyevə qarşı aparılan çirkin iftiralara son qoyulması ilə bağlı bir teleqram göndərə bilərsən?” Qəti cavab verdim ki, nəinki öz adımdan, ətrafımdakı dostlarımın da pasportla­rını alıb, onların da adından Heydər Əliyevə qarşı aparılan çirkin iftiralara etiraz teleqramları göndərəcəyəm. Bu kampaniya təkcə Heydər Əliyevə qarşı yönəlməmişdi. Onun yaxınları da təqib olunur, işdən çıxarılırdı. Oğlu İlham Əliyev də işindən uzaqlaşdırılmışdı. Moskvada biznes fəaliyyətilə məşğul olurdu.

(ardı var)

Urfullah QURBANOV,
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin
əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi

Siyasət