Müasir dövrdə süni intellekt müxtəlif sahələrə təsir edir və diplomatiya da bu sırada istisna deyil. Məlumatların təhlilindən böhran idarəçiliyinə qədər süni intellekt dövlətlərin beynəlxalq səhnədə münasibətlərini və əməkdaşlıq istiqamətlərini əsaslı şəkildə dəyişdirir. Bu gün süni intellektin diplomatiyadakı rolunun inkişafı, onun praktiki tətbiqləri, potensial riskləri və qlobal əlaqələri formalaşdırmaqda perspektivləri haqqında suallarımızı siyasi elmlər üzrə fəlsəfə doktoru və müasir rəqəmsal diplomatiya mütəxəssisi Şəbnəm Zeynalovaya ünvanladıq.
– Siyasət və diplomatiya sahəsində süni intellekt hansı mövqe qazanıb?
– Qlobal problemlər mürəkkəbləşdikcə, süni intellektin diplomatik əlaqələrə inteqrasiyası innovativ həllər təklif edir və diplomatların işini asanlaşdırır. Süni intellekt diplomatiyada vacib faktordur. O, əsaslı dəyişikliklər edir, məlumatların təhlilini artırır, kommunikasiya proseslərini yaxşılaşdırır və qərar qəbul etməyə kömək edir. Süni intellekt diplomatik şəbəkələr, sosial media və xəbər mənbələrindən böyük həcmdə məlumatları təhlil edərək yeni qlobal meyillər, potensial münaqişələr və əməkdaşlıq imkanları haqqında məlumat vermək qabiliyyətinə malikdir. Bu da diplomatların daha düzgün qərarlar qəbul etməsinə və beynəlxalq proseslərə daha sürətli və effektiv cavab verməsinə imkan yaradır.
– Süni intellekt diplomatik danışıqlarda özünü necə büruzə verir?
– İlk növbədə, süni intellekt böyük həcmli məlumatları sürətli şəkildə analiz edərək, diplomatlara aydın olmayan məsələləri təhlil edə bilər. İkincisi, diplomatik fəaliyyətlərin potensial nəticələrini proqnoz edə bilər. Bu da diplomatların riskləri öncədən görməsinə şərait yaradır ki, bununla da potensial risklərin qarşısı alına bilər. Bununla yanaşı, süni intellekt sinxron tərcümə imkanları ilə müxtəlif ölkələrin diplomatları arasında dil sərhədlərini aradan qaldıra və kommunikasiya imkanlarını daha da asanlaşdıra bilər. Eyni zamanda, süni intellekt vasitəsilə rutin işlərin avtomatlaşdırılması diplomatların daha strateji məsələlərə fokuslanmasına şərait yaradır. XIX əsrdə diplomatlar qapalı otaqlarda gizli görüşlər keçirir, mətbuata sızan kiçik bir informasiya isə beynəlxalq qalmaqala səbəb olurdu. Bir diplomatik nota göndərmək günlərlə, hətta həftələrlə vaxt alırdı. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Bir tvit diplomatik böhrana səbəb ola bilər, bir Facebook paylaşımı inqilablara təkan verə bilər, YouTube çıxışı isə bir liderin beynəlxalq imicini formalaşdıra bilər. Müasir diplomatiya artıq yalnız dövlətlərin deyil, sosial medianın, vətəndaş cəmiyyətinin və qeyri-dövlət aktorlarının idarə etdiyi açıq bir arenaya çevrilib.
Süni intellekt diplomatik danışıqlarda və münaqişələrin həlli proseslərinə analitik imkanları və qərarqəbuletmə mexanizmlərinin dəstəyi ilə kömək edir ki, bu da proseslərə müsbət təsir edir. Alqoritmlər vasitəsilə süni intellekt keçmişdə baş vermiş danışıq nümunələrini analiz edərək əsas tərəflərin prioritetlərini müəyyən edə və potensial nəticələri simulyasiya etmək qabiliyyətinə malik ola bilər. Bu proqnozlaşdırma analizi diplomatlara danışıq strategiyaları hazırlamasına, konsessusun əldə olunmasına və münaqişələrin həllinə kömək etməsinə yardım edir.
Eyni zamanda, süni intellekt sosial media platformalarından gələn məlumatları analiz edərək diplomatlara ictimai fikir və rəylər barədə məlumatlar verir. Bu məlumatlar diplomatik mesajların hazırlanmasına, ictimai gözləntilərin idarə edilməsinə və ölkələr arasında etibarın artmasına kömək edir. Diplomatik danışıqların effektivliyini artırılması və münaqişələrin həlli prosesi asanlaşır.
– Süni intellekt diplomatiyada qərar qəbuletmə proseslərinə necə təsir edir?
– Süni intellektin diplomatik fəaliyyətlərdəki tətbiqləri çoxsaylı və effektivdir. Birinci tətbiq sinxron tərcümə imkanıdır və bu imkan beynəlxalq görüşlər və danışıqlar zamanı kommunikasiyanın asanlaşdırılmasına kömək edir. Məlumat analizi tətbiqi ilə diplomatların coğrafi trendləri, sosial inkişafı və iqtisadi göstəriciləri analiz etməsinə yardım edir və strateji qərar qəbuletmə proseslərini tənzimləyir.
Süni intellekt diplomatların məlumatları daha effektiv istifadə etməsini təmin edir. Bu texnologiyalardan istifadə edərək, diplomatlar müxtəlif məlumatlar arasında təhlillər apara bilər və siyasi qərarların effektiv təsirlərini qiymətləndirə bilərlər.
Nəticə etibarilə, düzgünlüyün artırılmasına və yanlışlıqların azalmasına yardım edir.
Həmçinin süni intellekt diplomatların gələcək trendləri öncədən görməsinə kömək edir və yeni zəruriyyətləri müəyyənləşdirir. Diplomatlar bu vasitə ilə kompleks problemlərə uyğun həll yolları təklif edə bilər. Ümumilikdə, süni intellekt diplomatların daha yaxşı qərarlar verməsini təmin edir.
– Diplomatiya aləmində süni intellektin problemləri və çətinlikləri də varmı?
– Təbii ki, süni intellekt diplomatik innovasiyalar üçün böyük potensiala malik olsa da, bəzi çətinliklər var. Məlumatların gizliliyi və təhlükəsizliyi qorunmalıdır, xüsusilə də həssas diplomatik məlumatlar və danışıqlar çox diqqətli şəkildə nəzərdə tutulmalıdır. Bu, əsas çətinlik hesab oluna bilər. Süni intellekt alqoritmlərinin və qərar vermə proseslərinin şəffaflığına əmin olmaq etik standartların qorunması və ictimai etibarın artırılması üçün əsas məsələdir.
Süni intellekt tərəfindən yaradılan məlumatların təbliğat və ya yanlış məlumat kampaniyaları üçün istifadə edilməsi etik cəhətdən problem yaradır və sərt tənzimləmə tədbirlərinə ehtiyac duyulur. Diplomatlar süni intellektdən daha yaxşı istifadə üçün bu sahədə təlimlərdə bilik əldə etməlidirlər. Bu, diplomatik prinsipləri və dəyərləri pozmadan təhlükəsiz şəkildə süni intellektdən istifadə etməyə imkan verir. Texnologiyaların inkişafı, etik prinsiplərin nəzərdə tutulması və diplomatik normalara uyğunluq süni intellektin bu sahəyə inteqrasiyasında əsas problemlərdəndir.
– Süni intellekt diplomatlara nələr vəd edir?
– Süni intellektin diplomatik sahədə perspektivləri çoxdur, belə ki, davam edən tərəqqi diplomatik təcrübələri və strategiyaları yenidən formalaşdıra bilər. Rahat dil imkanları, proqnozlaşdırma analitikası, avtomatlaşdırılmış sistemlər diplomatik kommunikasiyada, danışıqlar prosesində və böhranların tənzimlənməsində mühüm rol oynaya bilər.
Həmçinin diplomatik təşkilatlar arasında məlumat paylaşımı və koordinasiyası üçün kollektiv süni intellekt platformaları diplomatik əməkdaşlığı və çoxtərəfli münasibətləri təkmilləşdirəcək. Süni intellekt texnologiyaların inkişafı ilə, diplomatlar süni intellektin potensialından tam istifadə etmək üçün, məlumat analitikası bacarıqları əldə etməlidirlər. Nəticə etibarilə, süni intellektin diplomatiyaya inteqrasiyası yeni bir diplomatiya dövrünün başlanğıcını təşkil edir, daha effektiv, çevik və modern diplomatik əlaqələrə yol açır.
Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ