Azərbaycan əfsanə mətnləri kompleks şəkildə öyrənilib – monoqrafiya çapdan çıxıb

post-img

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Əmirlinin “Azərbaycan əfsanələrinin poetikası və süjet göstəricisi” monoqrafiyası nəşr olunub.

İnstitutdan bildirilib ki, kitabda dünya folklorşünaslığında olan nəzəri fikirlər və Azərbaycan əfsanə mətnləri kompleks şəkildə öyrənilərək əfsanənin janr xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda, əfsanələrin mətn xüsusiyyətlərinə də aydınlıq gətirilib, nəşrlərdə mövcud olan qondarma, saxtalaşdırılmış və dəyişdirilmiş mətnlər aşkara çıxarılıb.

Monoqrafiyanın ikinci hissəsində əfsanələrin etiologiyası və motivləşmə məsələlərinə aydınlıq gətirilib, üçüncü hissədə isə dünya və Azərbaycan folklorşünaslığında əfsanələrin və epik folklorun oxşar janrlarına aid sistemləşdirilmə təcrübələrinə nəzər salınaraq kataloqların müsbət və mənfi tərəfləri öyrənilib.

Nəşrdə əlavə kimi Azərbaycan əfsanələrinin məzmun və etioloji xüsusiyyətlərinə görə süjet göstəriciləri tərtib edilib. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

Elm