Dövlət Neft Şirkətinin “təmiz” layihəsi

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Green”in direktoru Elmir Musayev COP29 çərçivəsində “İstehsaldan daha çox: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” adlı tədbirdəki çıxışında adıçəkilən şirkətdə artıq karbonsuzlaşdırma üzrə bir sıra layihələrə başlanıldığını, iqlim konfransının da Bakıda keçirilməsinin bu dəyişikliklərin bir hissəsi olduğunu bildirib.

Onun sözlərinə görə, keçən ilki COP28-in iştirakçıları Dövlət Neft Şirkətinin karbonsuzlaşdırma üzrə iddialı məqsədləri haqqında məlumat əldə etmişdilər. Bu məqsədlərə 2030-cu ilə qədər səmt qazının müntəzəm olaraq məşəldə yandırılmasına son qoyulması, 2035-ci ilə qədər upstream seqmentində metan emissiyalarının tamamilə aradan qaldırılması və 2030-cu ilə qədər karbon intensivliyinin əhəmiyyətli dərəcədə azaldılması daxildir.

Elmir Musayev bildirib ki, rəhbərlik etdiyi qurum fəaliyyətində karbonsuzlaşdırma ilə bərabər, ölkənin enerji keçidi məqsədlərinə nail olunmasın töhfə verməyi diqqətdə saxlayır: “İki ildən az bir müddətdə biz artıq 1,4 qiqavatt gücündə bərpaolunan enerji layihələri portfelini hazırlamışıq. Məsələn, 1 qiqavat gücündə olan “Meqa” layihəsi çərçivəsində “Total” ilə əməkdaşlıq edirik. Bundan əlavə, BP ilə birlikdə Bakıda neft-qaz terminalının karbonsuzlaşdırılması üzrə fotoelektrik layihə həyata keçiririk. Dövlət Neft Şirkəti Çindən olan tərəfdaşları ilə ümumi gücü 160 meqavatt olan günəş elektrik stansiyası layihəsi üzərində işləyir”.

 

Ekologiya