Bakıda COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı kiçik orta bizneslər” adlı tədbir keçirilib.
COP29-un iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də digər özəl və dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən natiqlər kiçik və orta biznes subyektlərinin “yaşıl keçid”ə qoşulmasının vacibliyini diqqətə çatdırıblar. KOB subyektlərinin nümayəndələri iqlim dəyişikliyi ilə mübarizənin onlar üçün də prioritet olduğunu vurğulayıblar. KOB-ların yaşıl iqtisadiyyata keçməsinin bütün iqtisadiyyata təsir etdiyi diqqətə çatdırılaraq bildirilib ki, bir sıra ölkələrinin iqtisadiyyatlarının 90 faizini təşkil edən sözügedən qurumlar dünyada təchizat zəncirinin əsas hərəkətverici qüvvəsidir.
Qeyd olunub ki, KOB-ların ədalətli keçidin təminatçısı kimi fəaliyyət göstərməsi üçün lazım olan məsuliyyət və tədbirlər təkcə onların özlərinin deyil, həm də daha böyük təşkilatların üzərinə düşür. Tədbirdə, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə KOB-lar arasında əməkdaşlığın artırılması imkanları və onların prosesə daha sıx cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarainin başlatdığı iqlim dəyişikliyinə dayanıqlı kiçik orta bizneslər kampaniyası 2024-cü ilin sentyabrında Nyu-York İqlim Həftəsində təqdim olunub. COP29 Fəaliyyət Gündəliyi proqramının bir hissəsi kimi keçirilən bu xüsusi tədbir biznes, maliyyə, akademiya, yerli hökumətlər və şəhərlər, beynəlxalq təşkilatlar və siyasətçiləri bir araya gətirərək KOB-ların sıfır karbonlu və dayanıqlı bir gələcəyə keçid prosesində daha sistemli dəstək olma yollarını araşdırmaq məqsədi daşıyır.