“ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş 2024-cü il –“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və “yaşıl” texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan “Təmiz ətraf mühit və yaşıl artım” hədəfinə də xüsusi önəm verilir. “ASAN xidmət”də də dayanıqlı və “yaşıl” gələcəyin təmin edilməsi istiqamətində innovativ ekoloji təşəbbüslər həyata keçirilir.
Bildirilib ki, hazırda “ASAN xidmət” mərkəzlərində, ümumilikdə, 19 milyon kilovat-saat elektrik enerjisi istehlak olunur. Bu fakt enerji tələbatını dayanıqlı şəkildə qarşılamaq üçün innovativ həllərin tətbiqini zəruri edir. Buna görə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verir.
Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Artıq bərpaolunan, məsrəfə qənaət edən və şəbəkəyə töhfə verən günəş panelləri vasitəsilə binanın elektrik ehtiyaclarının təmin edilməsinə başlanılıb. Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulub.
Günəş enerjisindən istifadə və qabaqcıl texnologiyaların tətbiqi “ASAN xidmət” mərkəzlərində karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldacaq. Bununla da mərkəzlərə gündəlik müraciət edən 40 minə yaxın vətəndaş üçün daha təmiz, sağlam bir mühit formalaşdırılacaq. Eyni zamanda, layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, “Sərfəli və təmiz enerji”, “Dayanıqlı şəhərlər və icmalar”, İqlim dəyişikliyinə qarşı mübarizə”yə töhfə verəcək.