Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib ki, Azərbaycan emissiyalarda cəmi 0,13 faiz paya malik olmasına baxmayaraq, kifayət qədər iddialı iqlim hədəflərini gerçəkləşdirmək məqsədilə uğurlu siyasət həyata keçirir.
H.Hüseynovun sözlərinə görə, ölkəmizin inkişaf gündəliyində sosial-iqtisadi və digər məsələlərlə yanaşı, ətraf mühitin yaxşılaşdırılması üzrə siyasi fəaliyyətlərin reallaşdırılması da xüsusi əhəmiyyətə malikdir: “Azərbaycanda ətraf mühit hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və bunun nəticəsində qeydə alınan yüksək göstəricilər bir daha sübut edir ki, bizim inkişaf gündəliyimizdə iqlim dəyişikliyinə qarşı mübarizədə siyasi fəaliyyətlərin tətbiqi də daim diqqətdə saxlanılır”.
Artıq iqlim konfransının reallaşmasına sayılı günlərin qaldığını xatırladan nazirlik rəsmisi bildirib ki, indiyədək COP29 prezidentliyinin irəli sürdüyü 14 təşəbbüs ətrafında müzakirələr aparılıb. Burada iqlim maliyyəsinin əlçatanlığının reallaşdırılması, xüsusilə iqlim konteksində insan kapitalına investisiyaların artırılması, ticarətin, invstisiyanın və iqlimin bir araya gətirilməklə təşəbbüs şəklində icrası müzakirə olunub. Həmçinin üzv dövlətlərin bu təşəbbüsdə aktiv iştirakına təşviq olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.