Dünya dini liderlərinin qlobal Bakı Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atırıq. Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir. Bu fikirləri Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının baş katibi Muhəmməd Əbdülsalam Abdullətif dünya dini liderlərinin Bakı sammitində səsləndirib.
Müsəlman Ağsaqqalları Şurasının ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayan baş katib deyib ki, Azərbaycan bütün dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşıldığı bir ölkədir. O deyib: “Biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir. Ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Ona görə də qlobal təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. Biz bu gün beynəlxalq öhdəliklərimizlə kifayətlənə bilmərik. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır”.