əvvəli https://xalqqazeti.az/az/ekologiya/200207-yasil-texnologiyalar-qlobal-davamli-inkisafa
Braziliya nədə və niyə dünya lideridir?
Braziliya təmiz enerji və “yaşıl” texnologiyaların inkişafında dünya lideridir. Dünyanın ən böyük iqtisadiyyatları arasında bu ölkə öz enerji balansında mədən yanacaqlarının ən aşağı payına malikdir. Bakıda keçiriləcək 29-cu iqlim konfransından sonra, 2025-ci ildə COP30-a evsahibliyinə hazırlaşan Braziliya enerji keçidi sahəsində qlobal gündəliyə rəhbərlik etmək üçün unikal imkana malikdir. Braziliyanın təmiz enerjinin inkişafındakı uğuru bir neçə əsas amilə əsaslanır.
Birincisi, ölkə öz enerji mənbələrini fəal şəkildə diversifikasiya edir, hidroenergetikadan asılılığı azaldır, külək, günəş və bioenerjinin payını artırır.
İkincisi, Braziliya bioyanacaqla maliyyə stimullarını və ekoloji davamlılıq tələblərini uğurla birləşdirən, dünyanın bioyanacaq istehsalının pionerlərindən sayılır.
Üçüncüsü, ölkə innovasiyalara xüsusi diqqət yetirir, çevik yanacaqla (flex-fuel) işləyən avtomobil texnologiyaları kimi, tullantılardan və qeyri–ərzaq bitkilərindən bioyanacaq hazırlayan qabaqcıl texnologiyaları inkişaf etdirir.
Braziliya təmiz texnologiyalara sərmayə cəlb etmək üçün beynəlxalq maliyyə institutları ilə fəal dialoq aparır, elektriklə işləyən avtomobillərin və akkumulyatorların istehsalı sahəsində Çinlə əməkdaşlığa üstünlük verir. Eyni zamanda, ölkə əhalisinin ən həssas təbəqələrinin maraqlarını nəzərə alan ədalətli və sərfəli enerji keçidini gerçəkləşdirməyə çalışır. Məsələn, ölkədə Kənd Təsərrüfatında Karbon Emissiyalarının Uyğunlaşması və Azaldılması Proqramı həyata keçirilir ki, bura da kiçik fermerlərə dəstək və kənd təsərrüfatı tullantılarından bioenerji istehsalı daxildir.
Cənubi Afrikanın yaşıl keçidini ləngidən nədir?
Cənubi Afrika Misir, Efiopiya və Mərakeşlə birlikdə Afrikada bərpaolunan enerjinin aparıcı istehsalçıları sırasındadır. Bu ölkə son vaxtlar elektrik nəqliyyat vasitələrinin inkişafında əhəmiyyətli nəticələr əldə edir. 2024-cü ilin birinci rübündə elektrikli nəqliyyat vasitələrinin satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 82,7 faiz artaraq 3042 ədədə çatıb. Cənubi Afrika hökuməti bu sənayenin inkişafını dəstəkləyir, yeni investisiyalar üçün stimullar təqdim edir və hətta 2023-cü ilin dekabrında “Elektromobillərə dair Ağ Kitab” layihəsini təsdiqləyib.
Yeri gəlmişkən, Cənubi Afrika “yaşıl” texnologiyaların inkişafı üçün zəruri olan mühüm mineralların əhəmiyyətli ehtiyatlarına malikdir. Məsələn, platin qrupu metallarının dünya ehtiyatlarının təxminən 88 faizi bu ölkədədir. Bu minerallara artan tələbat iş yerlərinin açılması, iqtisadiyyatın şaxələndirilməsi və gəlirlərin artırılması imkanları yaradır. Bununla belə, Cənubi Afrikanın kömürdən istifadədən ləng çıxması və bərpaolunan enerjinin zəif yayılması səbəbindən ölkə iddialı iqlim məqsədlərinə çatmaqda çətinliklərlə üzləşir. Prezident yanında İqlim Komissiyasının 2024-cü ilin iyul ayında açıqladığı hesabata görə, Cənubi Afrika 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaq üçün illik bərpaolunan enerji potensialını 6 dəfədən çox artırmalıdır. Amma ölkədə hələ də kömürdən xilas olmaq tempi ilə bağlı konsensus yoxdur və kifayət qədər investisiyalar olmadığından yaşıl keçid ləngiyir.
Rusiya yaşıl keçid trekində fəal addımlar atır
Rusiya milli davamlı inkişaf strategiyasının bir hissəsi kimi, yaşıl texnologiyaların inkişafı və tətbiqi istiqamətində fəal addımlar atır. 2019-cu ilin sentyabrında Rusiyanın Paris iqlim sazişini imzalaması ölkədə iqtisadi dekarbonizasiya üçün müasir tənzimləyici bazanın formalaşmasına səbəb oldu. Həmin ilin sonunda hökumət iqlim dəyişikliyinə uyğunlaşma üzrə milli planı təsdiqlədi. Proqrama əsasən, ölkə 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq planlarını açıqladı. Bu məqsədləri gerçəkləşdirmək üçün 2021-ci ilin iyulunda “İstixana qazı emissiyalarının məhdudlaşdırılması haqqında” Qanun qəbul edildi və oktyabr ayında 2050-ci ilə qədər aşağı karbon inkişafı strategiyası təsdiqləndi.
Emissiyaların monitorinqi sistemi, bir sıra regionlarda karbon poliqonlarının təşkili layihələri işə salındı. 2022-ci ilin sentyabr ayından başlayaraq Saxalin vilayətində 2025-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün eksperiment aparıldı. “Ekologiya” milli layihəsində iqtisadiyyatın 2024-cü ilə qədər “yaşıl” transformasiyası üçün kompleks tədbirlər nəzərdə tutulub. Hazırda həmin milli layihəni əvəz edəcək və onun məqsəd və vəzifələrinin davamlılığını reallaşdıracaq “Ekoloji rifah” milli layihəsinin hazırlanması davam etdirilir.
Perspektivli “yaşıl” enerji daşıyıcısı hesab olunan maye qaz üçün lazımi nəqliyyat və saxlama infrastrukturu artıq mövcuddur. Yeri gəlmişkən, bu enerji daşıyıcısı Qərb tərəfindən sanksiyalara məruz qalmayıb. Rusiyada dövlətin bərpaolunan və hidrogen enerjisinin inkişafını stimullaşdırmasına baxmayaraq, indiyədək enerji balansında bərpaolunan enerji payın elə də böyük deyil. Belə ki, 2024-cü ildə külək və günəş enerjisi istehsalı 1 faizdən az olacaq. Amma “yaşıl” maliyyələşdirməni dəstəkləmək üçün milli taksonomiya hazırlanaraq Mərkəzi Bank tərəfindən müvafiq qayda və standartların tətbiqinə başlanıb.
İlqar RÜSTƏMOV
XQ