Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu ilin yanvar ayında ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsinin nəzərdə tutulduğunu bildirmiş, işin çox hissəsinin nazirlik tərəfindən həyata keçiriləcəyini, ağacların 3 milyonuna yaxınını təmsil etdiyi qurum, 2 milyonunu isə ölkənin icra hakimiyyətləri, nümayəndəliklər və digər icra orqanlarının əkəcəyini demişdi.
Ötən müddətdə respublikada bir istiqamətdə genişmiqyaslı aksiyalar keçirilib, ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün ağac və kol tinglərinin basdırılması kampaniyası uğurla reallaşdırılıb. Təkcə cari ilin oktyabrın 18–27-də 85 şəhər və rayon icra hakimiyyətləri “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 600 mindən çox ağac və kol cinslərinin əkilməsini reallaşdırıb.
Ölkənin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkilib. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkilən ağacların 749 min ədədi, əsasən, həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağacları olub.
Ümumiyyətlə, aksiya şəhər və rayon icra hakimiyyətlərinin müəyyənləşdirildiyi 540 ünvanda həyata keçirilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər diqqətdə saxlanılıb.
Ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi, ağac və kol tingləriinin əkilməsi ekoloji tarazlığın qorunmasına, həmçinin beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dəyərli töhfə verir.