Bölgədə 10 təmiz stansiya qurulub
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslının bildirdiyinə görə, yaxın gələcəkdə gücü 36 meqavatt olan Ordubad və gücü 15,6 meqavat olan Tivi su elektrik stansiyaları tikildikdən sonra həmin stansiyalar üzrə ümumi generasiya gücü 120 meqavata çatdırılacaq. Hazırda muxtar respublikada su elektrik stansiyalarının ümumi generasiya gücü 68, 4 meqavat təşkil edir.
Qeyd edək ki, bu gün Naxçıvanda 5 su, 3 günəş, 1 külək və 1 külək–günəş hibrid elektrik stansiyası fəaliyyət göstərir. Hazırda stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına muxtar respublikada “yaşıl” enerjinin payı da aylar üzrə artır. Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.
Belə ki, 2023-cü ilin doqquz ayında “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl” enerjinin hesabına təmin olunur.