Oktyabrın 31-də ADA Universitetində “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi mədəniyyətin və iqlim dəyişikliyinin qarşılıqlı əlaqəsini araşdırmaq, mədəni təcrübələrin və ənənələrin ətraf mühit dəyişikliklərinə təsirlərini diqqətə çatdırmaqdır.
ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılovanın moderatorluğu ilə gerçəkləşən konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit gündəliyinə sadiq olduğunu söyləyib. Qeyd olunub ki, Prezident
İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Bu addım COP29-u hamı üçün davamlı inkişaf və yaşıl gələcəyi inkişaf etdirən təsirli hadisəyə çevirmək əzmimizin göstəricisidir”. Fərid Cəfərov çıxışında gəncləri iqlim təşəbbüslərində fəal olmağa dəvət edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib: “Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli yaşıl texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib. Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib”.
Rauf Hacıyev vurğulayıb ki, bu il beynəlxalq ictimaiyyətin diqqəti həm də ölkəmizə, xüsusən ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində fəaliyyətlərə yönəlib. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
Digər çıxış edənlər mədəni perspektivlərin iqlim fəaliyyətinə inteqrasiya edilməsi ilə bağlı strategiyalar haqqında fikirlərini bildiriblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.