Dünən ADA Universitetində İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Gələcəyin sədaları: iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda dayanıqlı inkişaf məqsədləri dialoqu keçirilib.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək bildirib ki, təmsil etdiyi qurum son 10 ayda ən böyük iqlim konfransına ev sahibliyinə hazır olmaq üçün COP29 Sədrliyinə lazımi dəstək göstərib. BMT-nin hər zaman qlobal həllər üçün ölkələrin bir araya gəldiyi məkan olduğunu vurğulayan rezident əlaqələndiricinin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi yeni milli töhfələri COP29-dan əvvəl təqdim edəcək. “Biz iqlim maliyyəsini artırmalıyıq. COP29 gündəliyində bu, əsas mövzu olacaq. BMT-nin Baş katibi COP29-un uğurla həyata keçirilməsi istiqamətində iqlim dəyişikliyi ilə bağlı məlumatlılığı artırmaq üçün özəl sektor, akademik dairələr, gənclər və digər təbəqələr ilə müzakirələr aparır. BMT olaraq bu günədək 29 iqlim toplantısı keçirmişik və sonuncusu mavi zonada keçiriləcək. BMT iqlim gündəliyini dəstəkləyəcək və növbəti mərhələdə də bu mövzular əsas yer tutacaq”, – deyə o əlavə edib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında bildirib ki, 2003-cü ildə Azərbaycanda 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb ki, bunun da 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetri isə yeraltı su ehtiyatlarının payına düşür. Ötən il ölkəmizdə su ehtiyatlarından istifadənin 9,2 milyard kubmetr təşkil etdiyini diqqətə çatdıran komitə sədrinin sözlərinə görə, bunun 3,2 milyard kubmetri suyun mənbədən təsərrüfatlara çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə sərf olunub.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək deyib ki, Azərbaycanda iqlim dəyişiklikləri və onların mənfi təsirlərinə qarşı səmərəli işlər görülür, “yaşıl keçid” istiqamətində məqsədyönlü tədbirlər gerçəkləşdirilir. Ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsinə sayılı günlər qaldığını xatırladan nazir müavini deyib ki, BMT-nin bu nüfuzlu tədbirinə ev sahibliyini Azərbaycana həvalə etməsi beynəlxalq aləmdə ölkəmizə olan inamın növbəti göstəricisidir və bu hadisə adı çəkilən qurum ilə əməkdaşlığımızda yeni səhifə açacaq.
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov tədbirdəki çıxışında deyib ki, ölkəmizdə 2050-ci ilə qədər “xalis sıfır emissiya”ya nail olmaq üçün 40 meqavat-saatdan çox günəş və külək enerjisi lazımdır. Bu, Azərbaycanda qurulmuş bütün potensialın 5 qatı deməkdir. Onun sözlərinə görə, 2050-ci ildə Azərbaycanın elektrik enerjisi istehlakının 3 dəfə artaraq 89 teravat-saata çatması gözlənilir.
Ölkəmizdə xalis sıfır karbon emissiyasına çatmaq üçün 200 milyard dollar investisiya tələb olunduğunu vurğulayan nazir müavini bildirib ki, iqtisadiyyatımızın “yaşıllaşacağı” təqdirdə xalis gəlirlərimiz də artacaq. “Azərbaycan iqtisadiyyatının payı dünya iqtisadiyyatında elə də böyük deyil. Ancaq “yaşıl keçid” üçün olduqca böyük məbləğlər tələb olunur. Ona görə iqlimlə bağlı milli öhdəliklər çox vacibdir. Biz iddialı iqlim fəaliyyət planı ortaya qoyacağıq”, – deyə o əlavə edib.