Gəncədə “yaşıl” konfrans

post-img

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Aqrar Problemlər İnstitutunun birgə təkilatçılığı ilə ölkənin müxtəlif elmi-tədqiqat müəssisələri rəhbərlərinin, mütəxəssis və alimlərinin iştirakı ilə AMEA Gəncə bölməsində elmi-praktik kontrans keçirilib.

“Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” mövzusunda məclisin aparıcısı AR KTN Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov bu elmi toplantıda müzakirə olunacaq məsələlərin qlobal miqyasda dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, eləcə də lokal hərbi konfliktlər səbəbindən təbii resursların, ərzaq təminatının azalması, aqrar istehsalatın kəmiyyət və keyfiyyət tənəzzülü kimi məsələlərlə bağlı olduğunu söyləyib. Alim vurğulayıb ki, problemlər ölkəmizin, onun bölgələrinin həyati məsələləri üzrə qarşıda duran vəzifələri əhatə edir. O,iştirakçıları elmi müəssisələrdə tədqiqatları daha da genişləndirməyə və öz fəaliyyətlərini əlaqələndirməyə çağırıb.

AR ETN Aqrar Probelmlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova konfransın ölkə prezidentinin cari ili “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etməsinin dövrün qlobal problemlərinə müstəqil dövlət kimi Azərbaycanın həssas yanaşmasının və hər sahədə çalışan vətəndaşlarımızın bu yöndə öz töhfələrini verməsinin təzahürü olduğunu qeyd edib.

Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxış edərək, Gəncənin elm ocaqlarında, o cümlədən AMEA yerli bölməsində keçirilən tədbirlərdə daim həvəs və maraqla iştirak etdiyini vurğulayıb, bu konfransın da yüksək səviyyədə hazırlanmasına görə təşkilatçılara, həmçinin bölmə sədri, akademik Fuad Əliyevə minnətdarlığını bildirib.

Konfransın açılışında AR ETN Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov, AR KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Elmar Allahverdiyev, AR KTN Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı, AR KTN Əkinçilik İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, AR KTN Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Səlimov, AR KTN Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev, Aqrar Sığorta Fondunun Qazax-Tovuz Regional Filialının rəhbəri Valeh Əsədov, Göygöl Milli Parkının direktoru Fuad Quliyev və başqaları çıxış edərək maraqlı təkliflər irəli sürmüşlər.

“İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və ondan istifadə potensialı”, “Qlobal iqlim dəyişikliklərinin pomidor bitkisinin istixanalarda yetişdirilməsinə təsiri”, “Azərbaycan əhalisində qocalma prosesinin bioloji və sosial aspektlərinin tədqiqi və sağlam yaşlanma strategiyalarının inkişafı”, “İqlim dəyişikliklərinin ətraf mühitə və insan sağlamlığına təsiri”, “Deqradasiyaya uğramış torpaqların keyfiyyətinin ekoloji normallaşdırılması və bərpa edilməsi yolları” və digər maraqlı mövzuları əhatə edən məruzələr dinlənilib.

Konfransa beş istiqamət üzrə ümumilikdə 72 elmi məruzə təqdim edilib və iştirakçıların bir çoxuna sertifikatlar verilib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Ekologiya