Azərbaycanda 3 “təmiz” enerji mərkəzi yaradılır

post-img

Azərbaycanın bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində reallaşdırılan mühüm layihələrin icrası üzrə işlər qrafikə uyğun davam etdirilir. Bu da yeni “yaşıl” enerji mənbələrinin vaxtında istifadəyə verilməsinə imkan yaradacaq. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək 445 meqavat gücündə Biləsuvar, 315 meqavat gücündə Neftçala günəş elektrik stansiyaları və 240 meqavatlıq Abşeron–Qaradağ külək elektrik stansiyası 2026-cı ildə istifadəyə veriləcək.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev məlumat verib. Agentlik rəhbərinin sözlərinə görə, Biləsuvar və Neftçala günəş elektrik stansiyalarının 2026-cı ilin aprel ayının sonuna qədər istifadəyə verilməsi gözlənilir. 240 meqavat gücündə Abşeron–Qaradağ külək elektrik stansiyasının istismara daxil edilməsi isə həmin ilin sonuna nəzərdə tutulub.

Xatırladaq ki, bu ilin iyun ayında keçirilən Bakı Enerji Həftəsində “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində sözügedən elektrik stansiyalarının təməli qoyulub. Həmin layihələr hesabına il ərzində 2 milyard 305 milyon kilovat-saat elektrik enerjisinin istehsalı gözlənilir ki, bununla da 496 milyon kubmetr təbii qaza qənaət olunacaq, 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq. Yeri gəlmişkən, Nazirlər Kabinetinin müvafiq qərarları ilə günəş elektrik stansiyalarının tikintisi ilə əlaqədar Neftçalada 973 hektar, Biləsuvarda 1454 hektar, külək elektrik stansiyasının tikintisi ilə bağlı isə Abşeron və Qaradağ rayonlarının ərazilərində 34,5 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib.

Biləsuvar rayonunda 445 meqavat gücündə “Biləsuvar Solar SPV” Günəş Elektrik Stansiyasının inşası layihəsinin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 100 milyon ABŞ dollarını Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) uzunmüddətli kredit olaraq ayıracaq.

Neftçala rayonunda 315 meqavat gücündə “Banka Solar” Günəş Fotoelektrik Stansiyasının tikintisi layihəsinin ümumi dəyəri isə 280 milyon ABŞ dolları təşkil edir. Bu stansiyasının layihələndirilməsi, tikintisi və istismarı üçün AYİB 80 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

Hazırda “Biləsuvar Solar SPV”, “Banka Solar” və “Abşeron” külək elektrik stansiyalarının inşasını nəzərdə tutan və ümumi dəyəri 294,5 milyon ABŞ dolları təşkil edən Dünya Bankının Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsinin –

AZURE icrası ilə bağlı da hazırlıq işləri gedir.

Ekologiya