BMT-nin “istiləşmə” narahatlığı artır

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ölkələrin iqlim dəyişikliyi sahəsindəki öhdəliklərinə dair 2030-cu ilə qədərki dövrü əhatə edən hesabatın təqdimat mərasimində bildirib ki, bütün ölkələrin milli fəaliyyət planları iqlim dəyişikliyinin fəsadlarının, xüsusilə də onun iqtisadiyyata və milyardlarla insanın həyatına vurduğu zərərin qarşısını almaq üçün tələb olunan addımları yetərincə əhatə etmir.

O, açıqlamasının davamında deyib: “Bu sahədə hazırlanacaq daha cəsarətli yeni milli fəaliyyət planları iqlim dəyişikliyinin yaratdığı böhranı aradan qaldırmağa və ayrı-ayrı ölkələrin əhalisinin həyatının çiçəklənməsinə səbəb olacaq. Bu məsələ, eyni zamanda, ölkələrə sərmayələrin həcmini artıracaq, iqtisadi artıma və iş yerlərinin yaradılmasına və atmosfer çirklənməsi probleminin həcminin azaldılmasına gətirib çıxaracaq”.

S.Stil daha sonra qeyd edib ki, iqlim dəyişikliyi problemlərinin həlli insanların sağlamlığının qorunması, xərclərin azaldılması, ekoloji cəhətdən təmiz enerjinin əlçatanlığı və digər məsələlərdə üstünlük əldə etməyə imkan verəcək. İcraçı katibin qənaətincə, iqlim dəyişikliyinin qarşısının alınması üzrə hazırkı planların tam həcmdə reallaşdırılması 2030-cu ildə atmosferə 51,5 qiqaton həcmində (2019-cu ildən cəmi 2,6 faiz aşağı) tullantıların atılması ilə nəticələnəcək. O, eyni zamanda, bildirib ki, atmosferin yuxarıda göstərilən həcmdə istixana qazları ilə çirkləndirilməsi hər ölkənin həm insan amili, həm də iqtisadi baxımdan zərər çəkməsi ilə nəticələnəcək.

BMT rəsmisi çıxışında əlavə edib ki, iqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun hesabatına görə, 2030-cu ildə atmosferə atılacaq istixana qazlarının həcmi 2019-cu ilə nisbətən 43 faiz azalacaq. BMT növbəti il ərzində bir sıra ölkələrə həmin planların icrası prosesində dəstək göstərəcək: “2035-ci ilədək qlobal səviyyədə atmosferə atılacaq istixana qazlarının həcminin 2019-cu ilə nisbətdə 60 faiz azaldılması planlaşdırılır. Bu amil qlobal istiləşmə səviyyəsinin 1,5 ° həcmində azaldılması deməkdir. İqlim fəlakətləri getdikcə dərinləşdiyindən burada hər dərəcə xüsusi önəm daşıyır.

İqlim dəyişikliyi üzrə milli fəaliyyət planlarının növbəti mərhələsi iqlim fəaliyyəti sahəsində irəliləyişin əldə olunmasına səbəb olacaq. Bu planların iqtisadiyyatı və istixana qazlarını əhatə edən tullantılar səviyyəsi, eləcə də temperatur həcminin 1,5 faiz saxlanılması ilə bağlı yeni və məqsədyönlü hədəfləri müəyyənləşdirilməlidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası digər strukturları ilə geniş əməkdaşlıq etməklə həssas qrupa aid ölkələrə geniş spektrli dəstək təmin etməyi nəzərdə tutur. İqlim dəyişikliyi ilə mübarizə üzrə milli fəaliyyət planları bu yüzilliyin ən önəmli sənədlərindən biri olacaq”.

S.Stil bildirib ki, BMT növbəti il ərzində bir sıra ölkələrə həmin planların icrası prosesində dəstək göstərəcək. Onların yerinə yetirilməsi və bu prosesə dünya ictimaiyyətinin cəlb olunması üzrə addımlar Bakıda keçiriləcək COP29-da elan ediləcək.

İcraçı katib çıxışında iqlim konfransında iştirak edəcək ölkələrin həm BƏƏ, həm də COP28-də əldə olunan öhdəliklərin, bərpaolunan enerji mənbələrindən istifadənin təşviqi, qlobal adaptasiya məqsədləri, eləcə də tükənməkdə olan yanacaq mənbələrindən imtina etməklə bağlı öhdəliklərə sadiqliyini bir daha nümayiş etdirəcəklərini deyib.

Bildirib ki, COP29 inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının müəyyənləşdirilməsi ilə iqlim maliyyəsi sahəsində konkret və məqsədyönlü nəticələrin qeydə alınmasına şərait yaratmalıdır. Müəyyən edilməlidir ki, bu cür dəstək hər ölkənin və dünya iqtisadiyyatının iqlim dəyişmələrinin zərərli təsirlərindən əsas qorunma üsuludur. Milli öhdəliklərin sonuncu mərhələsi qarşısıalınmaz dəyişikliklərin baş verdiyinə işarə edir. Yeni öhdəliklər isə novbəti il üçün bərpaolunan enerji mənbələrindən istifadə, habelə dünyada aşağı tullantı həcmli iqtisadiyyata keçid sayəsində uğurlu nəticələrin əldə olunmasını təşviq etməlidir.

 

Ekologiya