COP29-un Azərbaycanda aqrar siyasətin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırılmasında mühüm rolu olacaq. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən regional iqlim konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, elektrik enerjisi istehsalında isə bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunduğunu diqqətə çatdıran nazir deyib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet təşkil edir: “Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Çərçivə Konvensiyası üzrə Tərəflərin Konfransına bu il Azərbaycan ev sahibliyi edəcək. COP29-un Azərbaycanda aqrar və ekoloji siyasətlərin qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq”.
M. Məmmədov bildirib ki, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.