Zəfərin tarixi kökü: Milli iradə və dövlətçilik yolunda qazanılan qələbə

post-img

Azərbaycan xalqı 2020-ci il 8 noyabr tarixində öz tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni qazandı. Bu Qələbə yalnız hərbi gücün deyil, əsrlər boyu qorunub saxlanmış milli iradənin, dövlətçilik ideologiyasının, xalq-dövlət birliyinin və müdrik rəhbərliyin nəticəsi idi. Zəfər Günü bu gün təkcə bir tarixi hadisəni xatırlatmır, həm də xalqımızın yenilməzliyinin, birliyinin və milli ruhunun simvoluna çevrilib.

Tarixi kontekst və qələbənin səbəbləri

Qarabağ torpaqları uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılmışdı. Azərbaycan xalqı bu ədalətsizliyi heç vaxt qəbul etmədi və beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünün bərpası üçün ardıcıl, sistemli və strateji siyasət həyata keçirdi. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan qətiyyətli siyasəti nəticəsində Azərbaycan həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə güclü dayaqlar formalaşdırdı.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu müasir texnologiya, yüksək döyüş hazırlığı və milli ruh sayəsində düşmənin illərlə qurduğu müdafiə xəttini qırdı. Şuşanın azad edilməsi və 8 noyabrda Qələbənin rəsmən elan olunması Azərbaycanın suverenlik tarixinin dönüş nöqtəsi oldu.

Zəfər gününün mənəvi dəyəri

Zəfər Günü yalnız hərbi üstünlüyə deyil, milli kimliyimizin özünə qayıdışına işarədir. Bu Qələbə – şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın sabaha inamı və ordumuzun rəşadəti ilə qazanılıb.

Bu gün Şuşa musiqinin, mədəniyyətin və zəfərin paytaxtı olaraq yenidən dirçəlir. Qarabağda geniş quruculuq işləri aparılır, həyat yenidən bərpa olunur.

8 Noyabr Zəfər Günü Azərbaycan xalqının gücünün, birliyinin və milli ideallarına sadiqliyinin təcəssümüdür. Bu gün biz qalib xalq kimi tarixə yeni səhifələr yazırıq və Qarabağın dirçəlişi ilə gələcəyə daha inamla addımlayırıq.

Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,

 “Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi

Sosial həyat