“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 276-VIIQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 276-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 15-2.4-cü maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92 (Cild I); 2024, № 12 (II kitab), maddə 1361) 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6.1-ci bəndə “15-2.2.1-ci,” sözlərindən sonra “15-2.4-cü,” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:
“6.7-1. həmin Qanunun 15-2.4-cü maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2025-ci il

