Milli Azərbaycan Ədəbiyyat Muzeyi – 85
İkinci Dünya müharibəsi səbəbindən açılışı 1945-ci ilədək yubadılmış muzey tədricən zənginləşdirilib və hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi kimi dünyada tanınan mədəni irs və elmi tədqiqat ocaqlarından birinə çevrilib.
Düz 85 il öncə Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən muzeyə çevrilməsi qət edilən bu bina lap əvvəllər hüdudları İçərişəhərdən kənara çıxmayan Bakının həndəvərində karvansara olub, bir müddət sonra tikiliyə əl gəzdirilərək, 2-ci mərtəbəsi ucaldılıb. Mülkün yeni sahibi Bakı varlılarından olan Hacıağa Dadaşov buranı “Metropol” otelinə çevirib. 1918–1920-ci illərdə AXC hökumətinin əməkdaşları burada yaşayıblar, sonra Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşib.
Srağagün həmkarım İlqar Həsənovla əzəmətli memarlıq nümunəsi kimi göz oxşayan bu binaya – ədəbiyyat və mənəviyyat tariximizi yaşadan muzeyin ziyarətinə getdik. İndi bura Bakının tam mərkəzi sayılan çox baxımlı bir məkandır. Cazibədar görünüşü göz-könül oxşayır. Mavi-yaşıl kaşılarla süslənmiş eyvanına, Şərqin 6 görkəmli söz ustadının – Füzulinin, Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəm heykəlləri qoyulmuş tağlarına baxdıqca baxmaq istəyirsən. Xarici qonaqlar bu fonda böyük heyranlıqla şəkil çəkdirirlər.
Yadıma düşdü ki, mən ilk dəfə burada 65 il əvvəl, Sumqayıtda 5-ci sinifdə oxuduğum vaxt olmuşam. Onda rəhmətlik Müzəffər müəllim bizi Bakıya ekskursiyaya gətirmişdi. Təzə açılmış metro, Tarix və İncəsənət muzeyləri ilə bərabər, Nizami muzeyi də hər birimizdə zəngin təəssürat yaratmışdı. Buradakı qədim və müasir kitablar, yağlı boya ilə çəkilmiş orijinal rəsmlər, portretlər, klassiklərin əlyazmaları və şəxsi əşyaları (o cümlədən Xalq şairi Səməd Vurğunun külqabıda sönmüş son papirosu, saçından qopub masanın üstünə düşmüş bir ağ teli) bizə ecazkar təsir bağışlamışdı...
Muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşümüzdə onun dilindən bu məbədgah barədə o qədər maraqlı faklar öyrəndik ki, necə deyələr, böyük bir bəyana sığmaz. Bir daha şahidi olduq və qürur duyduq ki, ekspozisiya xeyli zənginləşərək, zərgər sevgisi və dəqiqliyi ilə qurulub.
Bizi ən çox təsirləndirən məqamlardan biri: Rafael müəllim 1934-cü il noyabrın əvvəlində Paris ətrafında vəfat etmiş siyasi mühacir, gö rkəmli dö vlət xadimi –AXC Parlamentinin ilk sədri, 2-ci Xarici iş lər naziri Əlimərdan bəy Topç ubaş ovun Sen Klu qəbiristanlığındakı məzarına ömürlük qalma haqqını tanıtdırması, bərpası barədə bilgilər verdi. Dedi ki, 2000-ci illərin əvvəllərində Parisdə yaşayan soydaşlarımızın ona narahatlıqla söylədiklərinə görə, bəzi millətçi ekstremistlər tərəfindən üstü ərəb yazılı qəbirlərə (Topçubaşovun da məzar daşında ərəbcə ayələr var) qarşı təxribatlar törədilə bilərdi. Dərhal işə başlayan akademik məzar daşının dəyişdirilməsi üçün Fransanın müvafiq qurumlarından zəruri icazələri alıb, Bakıda Topçubaşovun yeni qəbirüstü abidəsini hazırlatdırıb. Millət fədaisinin portretinin altında onun dilindən Azərbaycan dilində verilmiş “Bir yolumuz var – istiqlal!” cümləsi yer alıb, onun altında da ilk Məclisi-Məbusanımızın sədrinin imzası, ilk milli parlamentimizin möhürü. Sinə daşında isə Azərbaycanın gerbi nəqş edilib.
Onun kimi vətənpərvər oğulların sayəsində Parisdə Azərbaycanın rəmzi ünvanlarından biri – Topçubaşovun məzarı indi ideal səviyyədədir. Köhnə məzar daşı isə Vətənə gətirilib və indi Ədəbiyyat muzeyində qorunub saxlanır. Biz muzeyi gəzərkən həmin guşədə də ayaq saxlayıb, Topçubaşovun ruhuna layiqincə sayğı göstərilməsindən məmnunluq duyduq.
Azərbaycan ədəbiyyatının Baş sarayı – Nizami muzeyi əsl ziyarətgah olmaqla yanaşı, elmi mərkəz kimi də tanınır. Burada klassiklərin yadigar qoyduğu söz yatırı muzeyin sayəsində artıq təkcə Azərbaycanınkı olmaqla məhdudlaşmır, ümumbəşəri dəyər səciyyəsi daşıyır. Bu muzey həm də dahilərimizi bir-birinə qovuşdurub – gəlib burada bir-biri ilə qonşu olublar.
Muzeydə çalışan gənc tədqiqatçılardan bir çoxu doktorantura və elmi inkişaf şöbəsinin xəttilə dissertasiyalar yazıb, uğurla müdafiə ediblər. Burada təşkil olunan attestasiyaların sayəsində onlarla gənc elmi dərəcə alıb. Elmi fondlar şöbəsində muzeyin kolleksiyalarının komplektləşdirilməsi, müxtəlif fond bölmələrinə aid arxiv materialları üzərində iş aparılır. Ədəbi layihələr və nəşrlər şöbəsinin əsas fəaliyyət istiqamətləri isə müxtəlif ədəbi məclislərin, görüşlərin, yubileylərin keçirilməsi üçün zəruri işlər aparmaq, bununla bağlı müvafiq nəşrlər hazırlamaq, muzeyin müxtəlif müəssisələrlə əlaqələrini qurmaq, muzeydə keçirilən respublika və Beynəlxalq konfransların təşkilini təmin etmək, Muzeyin ”Risalə. Elmi araşdırmalar jurnalı”nın nömrələrini nəşrə hazırlamaqdır.
Dediyimiz kimi, bir vaxtlar bura karvansara olub, qonaqlara qapı açıb. İndi də Azərbaycanın söz-sənət karvanı bu binada məskunlaşdırılıb. Daha 2 mərtəbə boy atan bina daim qonaqlı-qaralı olur. 2004-cü ildə Prezident İlham Əliyevin bilavasitə diqqəti ilə genişmiqyaslı təmir-bərpa işləri gerçəkləşdirilib. Ekspozisiya ən yeni texnologiyanın tətbiqi ilə müasir muzeyçilik tələbləri səviyyəsində qurulub.
Nizami muzeyinin eksponatları sırasında Azərbaycan ərazilərindəki qazıntılar zamanı aşkarlanmış rəsmli qablar, kaşılar, Nizaminin məzarından tapılmış tirmə parça, klassiklərimizin miniatürlü əlyazma divanları, Nəsiminin türbəsindən götürülmüş bir ovuc torpaq, Füzulinin əl xətti, Şuşanın qurucusu Pənahəli xanın üstü “Quran” ayələri ilə naxışlanmış “Gülləbatmaz” köynəyi nadir saxlanclar olmaları ilə maraq kəsb edir. Qədim xalçalar, Natəvanın tikmələri, Aleksandr Dümanın ona bağışladığı şahmat taxtasından qalma fiqurlar, Mirzə Fətəli Axundovun əlyazmaları, tarı, sazı, ev əşyaları, Mirzə Cəlilin kamançası, “Molla Nəsrəddin” jurnalı redaksiyasının divar saatı, daha nələr-nələr... sanki dil açıb adamla danışır, ölməz xatirələri yaşatmaları ilə öyündüklərini bildirirlər.
Üzü Nizami Gəncəvinin möhtəşəm abidəsinə tərəf baxan möhtəşəm muzey öz səmərəli fəaliyyəti ilə dahi mütəfəkkirin ruhunu şad etməkdədir. Biz də burada əbədi iftixarımız olan ölməzlərin zamanına “səyahət” etdik, ruhən bir az da təmizləndik, daxilən zənginləşdik.
Əli NƏCƏFXANLI
XQ