Gəncə Dövlət Milli Dram Teatrı Bakıda

post-img

Bakıda Gəncə Dövlət Milli Dram Teatrının “Toros canavarı” tamaşası nümayiş etdirilib. Türk yazıçısı Əziz Nesinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşa Gənc Tamaşaçılar Teatrında izləyicilərdə xoş ovqat yaradıb.

Məişət mövzulu komediyanın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Satira ustası Əziz Nesinin yaratdığı personajları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa ediblər.

Şərlənərək həbs edilən “Toros canavarı” ləqəbli qəhrəmanın bəlalı taleyindən bəhs edən səhnə əsəri Bakı səhnəsində anşlaqla qarşılandı. Bu bir sosial komediyadır. Sujet xətti ev sahibi və kirayənişinin, vətəndaş və cəmiyyət düzəni çatışmaları üzərində qurulub. Məzə və ironiyanın hakim olduğu bir dillə seyrçi marağı yaradılır. Teatrsevərlərin alqışları səhnə işinin uğurlu alınmasının sübutu idi.

Teatr və kino aktyoru, Əməkdar artist Şövqi Hüseynov tamaşanı yüksək qiymətləndirdi. “Xalq qəzeti”nə fikirlərini bölüşən aktyor bildirdi ki, belə layihələr teatrımızın inkişafına dəstəkdir:

– Tamaşanın gözlənilməz sonluğu maraqlı olduğu üçün teatrsevərlərdə maraq yarada bildi. Aktyorların oyunu da yüksək səviyyədə idi. Tamaşaçı olaraq mən də maraqla izlədim. Region teatrlarının Bakı çıxışları gərəkli layihə kimi özünü doğruldur, auditoriyanı genişləndirir. Mədəniyyət Nazirliyi və AzTV-nin “Mədəniyyət” kanalı bu layihəyə dəstək verir. Kanal belə tamaşaları canlı yayımlayır. Bütün bunlar teatrımızın inkişafına xidmət göstərir.

Tamaşadan sonra jurnalist həmkarım Etibar Cəbrayıloğlu da “Toros canavarı”nı maraq və həyəcanla izlədiyini dedi. Onun dediklərinə görə, bu tamaşa bir daha təsdiqlədi ki, Gəncə Dövlət Milli Dram Teatrı inkişaf edir, repertuarını zənginləşdirir.

Xatırladaq ki, “Toros canavarı” İstanbulda keçirilən VI Maltəpə Beynəlxalq Teatr Festivalında nümayiş etdirilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Mədəniyyət