ABŞ silah bazarında hökmrandır

post-img

ABŞ qlobal silah ixracı bazarındakı payını artırır. Rusiyanın göstəriciləri isə azalır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ekspertləri bu qənaətə gəliblər. SIPRI-ın hesablamalarına görə, Rusiya artıq ABŞ-dan sonra ikinci ən böyük silah ixracatçısı deyil. Fransa bu məsələdə ilk dəfə şimal qonşumuzu arxada qoyub. Ancaq Rusiya hərbi məhsullarına tələbatın azalmadığını iddia edir.

Bazar ertəsi SIPRI-nın qlobal silah və hərbi texnika ixracı bazarına dair hesabatı dərc olunub. Hesabatla tanış olan Rusiyanın “Kommersant” qəzeti yazır ki, sözügedən institut ənənəvi ola­raq belə rəyləri ötən beşilliyi əvvəlki ilə müddətlə müqayisə edərək mart ayında ictimaiyyətə açıqlayır. Mütəxəssislərin fikrincə, bu iki dövrdəki məlumatların müqayisəsi bu sahədə müşahidə edilən meylləri daha aydın müəyyənləşdir­məyə və təsadüflərin qarşısını almağa imkan verir. Bu dəfə 2019–2023-cü illəri 2014–2018-ci illərlə müqayisə ediblər. 

Araşdırmalar göstərib ki, ABŞ bu on il ərzində silah ixracatında lider olaraq qalıb. Bundan başqa, Vaşinqton bazar paylarını 34 faizdən 42 faizə yüksəldə bilib. Kəmiyyət baxımından ABŞ-dan si­lah tədarükü 17 faiz artıb. 2019-cu ildən 2023-cü ilə qədər Birləşmiş Ştatlar 107 ölkəyə silah tədarük edib ki, bu da əv­vəlki beşillik dövrlərdən çox və hər han­sı digər silah ixracatçısından dəfələrlə artıqdır. SIPRI silah transferi proqramı­nın direktoru Metyu Corc deyir ki, “ABŞ əvvəlkindən daha çox ölkəyə daha çox silah ixrac edərək qlobal rolunu güclən­dirib, silah tədarükçüsü olub və bu, onun xarici siyasətinin mühüm aspektidir”. 

2019–2023-cü illərdə ABŞ silahları­nın ilk üç idxalçısı Səudiyyə Ərəbistanı, Yaponiya və Qətər olub. Eyni zamanda, bu dövrdə Amerika silahlarının 28 fai­zi Avropaya çatdırılıb ki, bu da əvvəlki beşillik dövrlə müqayisədə 17 faiz çox­dur. ABŞ silah ixracının əhəmiyyətli bir hissəsini döyüş təyyarələri təşkil edir. SIPRI-nin hesablamalarına görə, 2019-2023-cü illərdə ABŞ xaricə 420 döyüş təyyarəsi tədarük edib, onlardan 249 ədədi “F-35” qırıcıları olub. Bu təyyarə ümumilikdə 10 ölkəyə satılıb və ABŞ-ın ümumi silah ixracının 24 faizini təşkil edib. Yaxın illər üçün ABŞ-ın daha 1071 döyüş təyyarəsi (bunlardan 785 ədədi “F-35”dir) sifarişi var. 

Hesabatda qeyd edilir ki, 2014–2018 və 2019–2023-cü illər arasında Fransa­nın silah ixracı 47 faiz artıb və Paris ilk dəfə olaraq “Rusiyanı bir qədər qabaq­layaraq” ikinci ən böyük silah ixracatçısı olub. Fransanın silah ixracının ən böyük payı (42 faiz) Asiya və Okeaniya ölkələ­rinə, digər 34 faizi isə Yaxın Şərq ölkələ­rinin payına düşüb. Fransız silahlarının ən böyük idxalçısı Hindistan olub ki, bu da təxminən 30 faiz təşkil edib. Parisin silah ixracının artımı əsasən Hindistana, Qətərə və Misirə döyüş təyyarələrinin (ilk növbədə “Dassault Rafale” qırıcıla­rı) tədarükü ilə bağlı olub. Ümumilikdə, Fransa 66 ölkəyə silah satır.

SIPRI-nin məlumatına görə, 2014–2018 və 2019–2023-cü illər arasında Rusiyanın silah ixracı 53 faiz azalıb. Hesabatda qeyd edilib ki, azalma xü­susilə son beş ildə sürətlənib. Əgər 2019-cu ildə Rusiya 31 ölkəyə silah ixrac edib, lakin 2023-cü ildə cəmi 12 ölkə şimal qonşumuzdan silah alıb. Rusiya silah ixracının ümumi həcminin 68 faizi Asiya və Okeaniya dövlətlərinin payına düşüb. SIPRI-nin məlumatına görə, “Rusiyadan gözlənilən əsas si­lahların tədarük həcminin aşağı olma­sı onu göstərir ki, Rusiya silah ixracat səviyyəsi ən azı yaxın perspektivdə 2014–2018-ci illərdə əldə edilən səviy­yədən əhəmiyyətli dərəcədə aşağıda qalacaq”. Bununla belə, “Kommersant” qəzeti qeyd edir ki, Rusiyanın silah müqavilələri ilə bağlı bütün məlumatlar dərc olunmur və SIPRI-ın statistikası yalnız açıq mənbələrdən əldə edilən məlumatlar əsasında tərtib edilir. 

Dünyada dördüncü və beşinci ən böyük silah ixracatçıları müvafiq ola­raq Çin və Almaniyadır. Onların son beş ildəki göstəriciləri də aşağı düşüb. SIPRI-nin hesablamalarına görə, ümu­milikdə, 66 dövlət xaricə əsas silah növ­ləri tədarük edir. Ümumilikdə, nəzərdən keçirilən dövrdə beynəlxalq silah və hərbi texnika təchizatının qlobal həcmi 3,3 faiz azalıb. Eyni zamanda Avropa ölkələri tərəfindən əsas silah növlə­rinin idxalı iki dəfə artıb (94 faiz). Bu tendensiya əsasən dünyanın 30 ölkəsi tərəfindən silahla təmin olunan Ukray­nadan silah idxalının kəskin artması ilə bağlıdır. Kiyevə silah tədarükündə ABŞ geniş fərqlə birinci, Almaniya ikinci, Polşa üçüncü yerdədir. Nəticədə Uk­rayna Hindistan, Səudiyyə Ərəbistanı və Qətərdən sonra dünyanın dördüncü ən böyük silah idxalçısı olub. Pakistan dünyanın ən böyük silah idxalçıları ara­sında ilk beşliyi bağlayır. Avropada Uk­raynadan başqa ilk beş silah idxalçısı­na Böyük Britaniya, Hollandiya, Norveç və Polşa daxildir. Bu ölkələr üçün əsas silah təchizatçısı ABŞ-dır.

Hərbi-texniki əməkdaşlıq üzrə fe­deral xidmətin rəhbəri Dmitri Şuqayev ötən il jurnalistləri əmin etmişdi ki, “Ru­siya beynəlxalq silah bazarından çıxa­rılmayacaq”. Onun sözlərinə görə, bu gün Rusiyanın hərbi sənayesi olduqca səmərəli işləyir, Rusiyanın təklif etmək üçün çox məhsulu var. Dmitri Şuqayev iddia etmişdi ki, “Rusiyanın tərəfdaş­larına təzyiq göstərmək və Rusiyanı gözdən salmaq cəhdlərinə baxmaya­raq, ölkənin hərbi məhsullarına tələbat azalmır”.

Hazırladı:
S.ELAY
XQ

Dünya