Aİ-də yeni reklam qaydaları qüvvəyə minib

post-img

Bugündən etibarən Avropa İttifaqına (Aİ) üzv dövlətlər üçün yeni reklam qaydaları qüvvəyə minir.

XQ Avropa Komissiyasının rəsmi saytına istonadla xəbər verir ki, bu qaydalar siyasi mühitdə baş verənləri daha şəffaf şəkildə analiz etməyə imkan verəcək. Yeni qaydalar vasitəsilə siyasi reklamlar daha asan tanınacaq, onların kim tərəfindən maliyyələşdirildiyi və bu reklamların bizə niyə, necə yönəldildiyi məlum olacaq. Qaydalar, həmçinin siyasi reklamların məxfilik hüququnun tam qorumasını, fikir və ifadə azadlığına hörmətlə yanaşılmasını təmin edəcək.

Yeni qaydalara əsasən, ödənişli siyasi reklamlar mütləq etiketlənməli və onlar haqqında əsas məlumatlar göstərilməlidir. Onlayn siyasi reklamların hədəf auditoriyasının müəyyənləşdirilməsi yalnız ciddi şərtlərlə icazəli olacaq. Fərdi məlumatlar həmin şəxsin siyasi reklam məqsədilə razılıq verməsindən sonra istifadə edilə bilər. Fərdin siyasi baxışlarını, irqi və ya etnik mənsubiyyətini göstərən məlumatlar profil yaratmaq üçün istifadə oluna bilməz. Bundan başqa, xarici müdaxilələrin qarşısını almaq məqsədilə Aİ ölkələrində keçirilən seçki və ya referendumdan üç ay öncə üçüncü dövlət sponsorları tərəfindən maliyyələşdirilən reklamlar qadağan ediləcək. Yeni qaydalar şəxsi fikir ifadələrinə və redaksiya məzmununa şamil edilmir. Eyni zamanda, bu qaydalardan təsirlənən tərəflər üçün onların səmərəli tətbiqi ilə bağlı təlimatlar dərc edilib.

Xatırladaq ki, 2020-ci ildə Avropa Komissiyası media azadlığını möhkəmləndirmək və dezinformasiya ilə mübarizə aparmaq məqsədilə Avropa Demokratiya Fəaliyyət Planını təqdim etmişdi.

Nəzrin Eldarqızı,

XQ

 

 

 

 

Dünya