Qazaxıstan Prezidenti ilə Milli Məclisdə görüş

post-img

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Milli Məclisdə görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən bildiriblər ki, ali qonağı parlamentin sədri Sahibə Qafarova qarşılayıb.

Qazaxıstan Prezidenti Milli Məclisin iclas zalı ilə tanış olub. 

Görüşdə Prezident Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri­nin, Prezident İlham Əliyev ilə keçirilən görüşlərin və aparılan danışıqların ölkə­mizdə böyük diqqətlə izlənildiyini deyən spiker Sahibə Qafarova vurğulayıb ki, xalqlarımızın dostluğunun, qardaşlı­ğının növbəti təzahürü olan bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

Qeyd olunub ki, Azərbaycan və qazax xalqları ümumi mədəni, mənəvi köklərlə bir-birinə bağlıdır. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra hər gün genişlənən, artıq strateji tərəf­daşlıq və müttəfiqlik səviyyəsinə yük­sələn əlaqələrimiz də məhz bu möh­kəm təməl üzərində qurulub. 

Parlamentlərimizin əlaqələri haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Qa­zaxıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də ali qanun­verici orqanlarımızın qarşılıqlı fəaliyyə­tidir. 

Beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin əhəmiyyətinin də vurğulan­dığı söhbət zamanı hazırda dünyada bir sıra mənfi proseslərin də müşahidə olunduğunu deyən Sahibə Qafarova qeyd edib ki, ikili standartlar, islamofo­biya kimi meyillər narahatlıq doğurur. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq əlaqələrimiz daha böyük əhəmiyyət kəsb edir.

Xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danı­şan Milli Məclisin sədri xatırladıb ki, Prezident İlham Əliyev parlamentdəki andiçmə mərasimindəki çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində əmək­daşlığı prioritet kimi müəyyənləşdirib. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, bizim ailəmiz Türk dünya­sıdır və biz Türk Dövlətləri Təşkilatının qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə ça­lışmalıyıq. Sahibə Qafarova vurğulayıb ki, parlamentarilər də TÜRKPA-nı daha da gücləndirmək üçün birgə səyləri davam etdirməlidirlər. TÜRKPA çər­çivəsində fəaliyyət xalqlarımızı daha da yaxınlaşdırır, ölkələrimiz arasında əlaqələrin dərinləşməsi və möhkəmlən­məsi üçün böyük imkanlar yaradır.

Azərbaycana səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Prezident Kasım-Jomart To­kayev Qazaxıstan Senatının sədri və­zifəsində Azərbaycanın Milli Məclisində üç dəfə olduğunu xatırladıb. Prezident Kasım-Jomart Tokayev bunun da Azər­baycan parlamentinə və xalqına hör­mətinin bir nümunəsi olduğunu qeyd edib.

Qazaxıstanın və Azərbaycanın stra­teji tərəfdaş və müttəfiq ölkələr oldu­ğunu deyən Prezident Kasım-Jomart Tokayev vurğulayıb ki, bu da üzərimizə xüsusi öhdəliklər qoyur. 

Azərbaycanın regionda artan rolu­nu vurğulayan Qazaxıstan Prezidenti ölkəsinin bütün sahələrdə Azərbay­canla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, Pre­zident İlham Əliyev ilə danışıqlarının əsas mövzuları da neft-qaz, logistika, rəqəmsal texnologiyalar, sənaye və di­gər sahələrdə əməkdaşlıq məsələləri olub. 

Söhbət zamanı Prezident Ka­sım-Jomart Tokayev Qazaxıstanın iq­tisadiyyat, sənaye, rəqəmsallaşma, kənd təsərrüfatı və digər sahələrdə qa­zandığı uğurları və perspektiv planları barədə məlumat verib. Ölkələrimizin nəqliyyat-logistika, Orta Dəhliz və digər layihələr çərçivəsində əməkdaşlığın­dan məmnunluqla danışan Qazaxıstan dövlətinin başçısı humanitar sahədə də münasibətlərin inkişafının əhəmiy­yətini qeyd edib. Bu baxımdan dövlət başçısı Azərbaycanda keçirilmiş Qa­zaxıstan mədəniyyəti günlərinin xalqla­rımızı daha da yaxınlaşdırdığına əmin­liyini ifadə edib. O, Bakıda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və Qazaxıstanda da Azərbaycan mədə­niyyət günlərinin keçirilməsi məsələsi­nin gündəmdə olduğunu bildirib. 

Dövlətlərarası münasibətlərin in­kişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Qazaxıs­tan Prezidenti beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində konstruktiv əməkdaşlı­ğın əhəmiyyətindən danışıb. Ali qonaq ölkələrimiz arasında bu sahədə möv­cud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O deyib ki, parlamentləra­rası əlaqələr ölkələrimiz arasında mü­nasibətlərin mühüm istiqamətini təşkil edir. Kasım-Jomart Tokayev bir sıra parlament təşkilatlarında əməkdaşlığın önəmini vurğulayıb. 

Sahibə Qafarova deyib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Azər­baycan Milli Məclisi ilə həm Qazaxıs­tan Parlament Məclisi, həm də Senatı arasında yaxşı əlaqələr və sıx təmaslar mövcuddur. Hər iki ölkənin qanunve­rici orqanlarında dostluq qrupları var və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilat­larında mütəmadi görüşlərin keçirilməsi ikitərəfli əlaqələrin inkişafına töhfə verir. 

Vurğulanıb ki, parlamentlərimiz ara­sında əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Parlament komitələri arasında səmərəli qarşılıqlı fəaliyyət mühüm istiqamətlərdən biri hesab olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir müba­diləsi aparılıb.



Son xəbərlər