Bu gün Türkiyədə III Antalya Diplomatiya Forumu başa çatır. Tədbirdə dünyanın ən mühüm problemləri ilə bağlı geniş müzakirıələr aparıldı, məruzələr dinlənildi. Eyni zamanda, son illərdə dünyanı bürümüş müharibələrin bəşəriyyətin inkişafına zərbə vurduğu qeyd edildi, bu və ya digər ölkənin baş vermiş müharibələrdə öynadığı müsbət və mənfi rollar aydınlaşdı. Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın çıxışı maraq doğurur. Macarıstan lideri hazırda beynəlxalq problemlərin həllində, dünyda sülh işinə böyük töhfələr verməkdə mühüm rol oynayan Türkiyə və onun dövlət başçısının fəaliyyətini çox yüksək qiymətləndirib. Təbii ki, bunu hər dövlət baçşçısı, xüsusən Qərb liderləri etiraf etməkdə çətinlik çəkirlər.
Orban əvvəlcə ölkəsinin Türkiyə ilə əlaqələrinin çox qədim tarixi köklərə malik olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə apardığı praqmatik, sülhsevər siyasətinə görə Macarıstanda çox sevilir, xalq arasında onun yüksək imici var. O, eyni zamanda, Türkiyə-Macarıstan əlaqələrinin uzun tarixə malik olduğunu, Macarıstanın Avropa ölkəsi olaraq Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olduğunu qeyd edib.
Onun sözlərinə görə, digər Avropa ölkələri ilə müqayisədə Macarıstanda güclü liderlər ictimaiyyətin diqqətini tez cəlb edir: “Cənab Ərdoğan Macarıstanda xüsusilə məşhur olan və yüksək imicə malik liderdir. Bu, Macarıstan üçün çox vacibdir”.
Orbanın çıxışında ən çox maraq doğuran cəhət həm ölkəsinin, həm də Türkiyənin sülhpərvərliyini qabartmasıdır. Onun sözlərinə görə, Avropada müharibə dilində danışırlar: “Ancaq biz müharibə dilini sevmirik. Türkiyə və Macarıstan Avropa regionunda bu kontekstdə istisnadır. Biz sülh dilində danışırıq”.
Orban Türkiyənin mühafizəkar quruluşunu qoruyub saxlamağı bacaran bir ölkə olduğunu, Avropada isə ailə, tanrı, millət kimi anlayışların orta əsrlərin elementləri kimi qəbul edildiyini və bu dəyərləri ifadə edənlərin problemlərlə üzləşdiyini qeyd edib. Amma Aİ ailə, tanrı və millət kimi dəyərlərə daha çox diqqət yetirməlidir. Onun fikrincə, iyunda keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərdən sonra bəzi aspektlərdə dəyişikliklər başlaya bilər. O özü AP-də sağ və sağ mərkəzçilərin birləşməsinə çalışır.
Macarıstan baş naziri Türkiyənin son illərdə miqrasiya problemlərinin həllində oynadığı rolun da çox əhəmiyyətli olduğunu deyib: “Türkiyə olmasaydı, Avropa və Avropa İttifaqı (Aİ) ölkələri sabitliyini tamamilə itirərdi. Ərdoğan bir anda Avropa qitəsini xilas etdi. O, demək olar ki, son səkkiz ilə yaxındır, bu problemi həll edir. Ona görə də deyə bilərəm ki, Türkiyənin güclü rəhbərliyi olmasaydı, Avropada hamımız çətinliyə düşərdik. Ona görə də Avropada hamı ona minnətdar olmalıdır”.
Amma AB-nin miqrasiya ilə bağlı məsələdə Türkiyəyə verdiyi vədləri tam yerinə yetirmədiyinə diqqət çəkən Orban Türkiyənin yaşadığı iqtisadi problemlərin həllində dəstəklənməli olduğunu vurğulayıb: “Bu məsələdə Türkiyəyə lazımi dəstək verilməyib”.
Orban Rusiya-Ukrayna münaqişəsinə toxunaraq bildirib ki, bu müharibəyə müxtəlif aspektlərdən yanaşmaq olar və tərəf tutmaqdansa, zamanın kimin xeyrinə işlədiyini görmək daha vacibdir: “Düşünürəm ki, zaman Rusiyanın xeyrinə işləyir və vaxt keçdikcə Aİ və Ukrayna uduzur, Rusiya isə getdikcə daha çox üstünlüklər əldə edir. Ona görə də deyirəm ki, atəşi mümkün qədər tez dayandırmaq və tezliklə sülh danışıqlarına başlamaq lazımdır”.
Ukrayna böhranını bu günlərdə ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşərkən də müzakirə etdiyini bəyan edən Orban deyib: “Düşünürəm ki, Tramp ABŞ-ın prezidenti olsaydı, bu müharibə olmazdı. Mən buna tam əminəm. Beləliklə, güclü ABŞ prezidenti, həqiqətən də, istənilən müharibəni dayandıra bilər. Söhbət Avropadan gedir”.
Macarıstan lideri bildirib ki, Tramp yenidən prezident seçilsə, Ukraynada müharibəyə son qoya bilər, İsrail və Qəzzada da oxşar vəziyyət yaranar.
O, bu ilin ikinci yarısında Macarıstanın Aİ-yə sədrliyi ilə bağlı məsələlərə də toxunaraq bu barədə bəzi spekulyasiyaların olduğunu xatırladıb: “Əlbəttə, Macarıstan Avropa İttifaqına sədrlik edəcək”. Orban ölkəsinin sədrliyi dövründə də Aİ-nin genişlənməsi məsələsinin gündəmdə olacağını vurğulayıb. Ancaq təşkilata üzvlük məsələsində Balkan ölkələri Ukraynadan qabaqdadır.
P.ƏMİRCANOV
XQ