Yaxın Şərq: Qəzzada humanitar böhran davam edir

post-img

Bu il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə qəfil hücumundan artıq 76 gün keçir. O gündən tərəflər arasında ağır zorakılıqlarla müşayiət olunan amansız müharibə gedir. 

Döyüşlərin nə vaxt bitəcə­yi bəlli deyil. Dünya birliyinin sülh ilə bağlı çağırışları gö­zardı edilir. Rəsmi Təl-Əviv HƏMAS yaraqlıları tam məhv edilənə qədər yerüstü əmə­liyyatları davam etdirəcəyini bildirir. 

BBC-nin son məlumatına görə, qarşıdurma zamanı ən azı 20 min Qəzza sakini ölüb, İsrail tərəfi isə 1200 vətənda­şını itirib. HƏMAS-ın ə 200-ə yaxın şəxsi girov saxladığı ehtimal olunur. 

Qeyd edək ki, bir müddət əvvəl Qətər dövlətinin təşəb­büsü ilə əldə olunan atəşkəs razılaşması zamanı girovların bir qismi azad edilmişdi. İsrail HƏMAS təslim olmadığı üçün hərbi əməliyyatlara yenidən başladı. 

Dünən İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza şəhəri də daxil olmaqla, ətraf­dakı yaşayış məntəqələrinə, o cümlədən Deyr əl-Bələhdə yerləşən hədəflərə zərbələr endirib. Bu barədə İsrail mət­buatı məlumat yayıb. 

İsrail aviasiyasının Qəz­zanın mərkəzindəki Nuseirat qaçqın düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində 18 nəfər həlak olub. Güclü da­ğıntıların olduğu bildirilir. 

Başqa bir xəbərdə isə deyilir ki, İsrail Müdafiə Qüv­vələrinin əsgərləri Qəzzada HƏMAS-ın terror məqsədlə­ri üçün istifadə etdiyi xüsusi yeraltı tikilisini aşkar edərək məhv ediblər. Qarşı tərəf bu faktı nə təkzib, nə də təsdiq edib. 

İsraildə nəşr olunan po­pulyar “Yedioth Ahronoth” qəzeti yazıb ki, dünən Qəzza zolağının cənubunda yaraq­lıların komanda məntəqəsi, rabitə mərkəzi və silah an­barlarının yerləşdiyi yüzlərlə metr uzunluğunda tunel aş­karlanıb. 

Tuneldəki binalar ener­ji və su təchizatı üçün zəruri olan infrastrukturla təchiz olu­nub. Gizli tunel İsrailin 99-cu hərbi briqadası mühəndisləri­nin köməyi ilə dağıdılıb.

Son bir həftə ərzində İsra­il hərbçiləri Qəzza zolağında terrorda şübhəli bilinən 200-dən çox fələstinlini saxlayıb, ümumilikdə isə 700-dən çox şəxs anklavda keçirilən hər­bi əməliyyatlar zamanı həbs edilərək İsrailə göndərilib. 

Yeri gəlmişkən, HƏMAS–İsrail qarşıdurması zamanı ağır itkilərə təkcə vuruşan tərəflər məruz qalmır. Belə ki, regionda təmsil olunan bir çox nüfuzlu beynəlxalq qu­rumların nümayəndələrinin həyatı da təhlükədədir. 

Dünən BMT Baş katibi Antoni Quterreş özünün “X” səhifəsində qeyd edib ki, Qəzza zolağında artıq iki ay yarım davam edən qarşıdur­ma zamanı bu qurumun 136 əməkdaşı həlak olub. Baş ka­tibin sözlərinə görə, bu, BMT tarixində görünməmiş haldır. 

A.Quterreş sonra bu söz­ləri yazıbdır: “Əməkdaşları­mızın çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. Onla­ra və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə dərin hörməti­mi bildirirəm”.

Bundan əvvəl isə BMT Baş katibinin sözçüsü Stefan Dujarik jurnalistlərə bildirmiş­di ki, təşkilatın Qəzza zola­ğında humanitar əməliyyatları tezliklə iflic ola bilər. Bir çox ölkələr öz vətəndaşlarını mü­naqişə zonasından təxliyyə etməyə çalışırlar. 

HƏMAS–İsrail müharibə­si fələstinli uşaqlar üçün əsl fəlakətə çevrilib. Ərazidən yayılan məlumatlara görə, Qəzzada azyaşlı uşaqların 80 faizindən çoxu kəskin qida çatışmazlığından əziyyət çə­kir. Beş yaşa qədər 335 min uşaq isə qida çatışmazlığı ris­ki altındadır.

Təəssüf ki, hələlik HƏ­MAS–İsrail qarşıdurması­nın sonu görünmür. Bundan ən çox əziyyət çəkənlər isə sadə, günahsız insanlardır. Onların ah-naləsini isə heç kəs eşitmək istəmir. 

M.HACIXANLI
XQ

Dünya