Lavrov: ATƏT uçurumun kənarındadır

post-img

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu gün “acınacaqlı vəziyyətdə” düşüb və onun gələcək perspektivləri qeyri-müəyyən olaraq qalır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclasında deyib. Məlumatı “Anadolu” verib.

“Bir ildən artıq müddətdə Helsinki Yekun Aktının 50 illiyi tamam olacaq. Bu baxımdan, biz təəssüflə etiraf edirik ki, ATƏT bu ildönümünü acınacaqlı vəziyyətdə qarşılayır və onun perspektivləri qeyri-müəyyən olaraq qalır”, - Rusiya XİN rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, onlar ATƏT-i NATO və Avropa Birliyinin əlavəsinə çevirməyə çalışırlar: “Təşkilat, gəlin etiraf edək ki, uçurumun kənarındadır. Sadə bir sual yaranır: onu canlandırmaq üçün səy sərf etməyin mənası varmı? O, nə vaxtsa dünya inkişafının obyektiv reallıqlarına uyğunlaşa və yenidən Helsinki Yekun Aktının prinsipləri, ilk növbədə, bütün iştirakçı ölkələrin bərabərliyi prinsipi əsasında regional təhlükəsizlik problemlərinə obyektiv baxılma platformasına çevrilə biləcəkmi?”

Nazirin sözlərinə görə, Rusiya Federasiyası Avropada əməkdaşlığa əsaslanan ümumi təhlükəsizlik məkanının formalaşdırılması üçün hər cür səy göstərib: “Təəssüf ki, bəşəriyyətin taleyini həll etmək hüququnu mənimsəmiş Qərb siyasi elitaları ATƏT-in yox, NATO-nun xeyrinə uzaqgörənliklə seçim ediblər. Bu xəttin əsas komponentlərindən biri Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra başlayan NATO-nun Şərqə doğru dönmədən genişlənməsi idi”.

Rusiya XİN başçısı diqqəti Moldovaya yönəldib, onun sözlərinə görə, Qərb “Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı” rolunu oynamağa hazırlaşır: “Qitəmizin problemlərinin ATƏT-in prinsipləri əsasında həllinə mane olan cəhdlər arasında Kozakın memorandumu da var ki, o, 20 il əvvəl Moldovada vəziyyəti etibarlı şəkildə həll edə bilərdi. NATO və Aİ Brüsseli daha sonra Kişinyov və Tiraspol tərəfindən paraflanmış sənədi təntənəli şəkildə torpeda etdi və indi də Dnestryanı nizamlanması üçün birgə səylərdən qalan son “5+2” formatını da öldürürlər. Faktiki olaraq, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanına çevriləcək”.

Lavrov qeyd edib ki, “Qərb emissarlarının, fondlarının və qeyri-hökumət təşkilatlarının hazırda fəal olduğu hər bir ölkə iki dəfə düşünməlidir”. O, Ukraynanı Aİ-yə növbədənkənar qəbul etmək cəhdlərini “biabırçılıq” adlandırıb, “Şərq və Qərb arasında əməkdaşlığa son qoyan” ABŞ və Avropa İttifaqının sanksiyalarının dağıdıcı rolunu qeyd edib: “Rusiya iqtisadiyyatını çökdürmək üçün ABŞ və onun Avropa peykləri Rusiyaya qarşı minlərlə sanksiya tətbiq etdi və bununla da bizim vaxtilə ortaq regionumuzda Şərq və Qərb arasında geniş praktik əməkdaşlığa son qoydu”.

P.ƏMİRCANOV
XQ

Dünya