Qərb ölkələri müsəlmanlara qarşı ayrı-seçkiliyi və nifrəti pisləyiblər

post-img

ABŞ, Kanada, bir çox Avropa ölkələri və Avropa İttifaqı (Aİ) qurumlarının nümayəndələri müsəlmanlara qarşı nifrətlə mübarizədə məsuliyyətini bölüşməklə yanaşı, müsəlmanlara qarşı ayrı-seçkiliyi və nifrəti pislədiklərini bildiriblər: “Antisemitizm və müsəlmanlara qarşı nifrət eyni dərəcədə pislənməlidir". Məlumatı “Anadolu” verib. 

Məlumata görə, ABŞ, Kanada, Almaniya, Fransa, İtaliya, Hollandiya, Macarıstan, Danimarka, Belçika, Norveç, İsveç və Sloveniya əlaqələndiriciləri, rəsmi şəxsləri, xüsusi elçiləri və səfirləri, Avropa İttifaqı Şurası (Aİ), Avropa Komissiyası və ATƏT birgə bəyanat yayıb.

Bəyanatda xatırladılır ki, hazırkı geosiyasi kontekstdə dünyada nifrət cinayətləri, nifrət nitqi, vətəndaş və dinc toplaşmaq azadlığına təhdidlər artıb: “Müsəlman və yəhudi icmaları fiziki və nitqi hücumların hədəfinə çevrilib. Müsəlman və yəhudi icmaları özlərini getdikcə daha çox müdafiəsiz hiss edir, internetdə və digər mediada təhdidlərə məruz qalırlar”.

Heç kimin dininə, etnik mənsubiyyətinə, cinsinə və ya milli mənsubiyyətinə görə irqçiliyə, zorakılığa, susdurulmaya və qisaslara məruz qalmamalı olduğu vurğulanan bəyanatda deyilir: “Beynəlxalq təşkilatlar terror hücumlarından sonra müsəlmanlara qarşı ayrı-seçkiliyin və nifrətin epidemiya həddinə çata biləcəyini qəbul ediblər. Biz bundan dərin narahatıq və müsəlman vətəndaşlarımızla həmrəy olduğumuzu bildiririk”.

Bəyanatda xatırladılır ki, noyabrın 7-də antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndələr və koordinatorlar bəyanat yayaraq, aşağıdakıları qeyd ediblər:

“Bu bəyanata əsaslanaraq, biz ərəb və fələstinli xristian qruplarının üzvləri, sikxlər və digər irqi və ya dini azlıqlar da daxil olmaqla müsəlmanlara və bu qrupa mənsub olduğu düşünülənlərə qarşı bütün qərəz, ayrı-seçkilik və nifrət formalarını kollektiv şəkildə pisləyirik. Antisemitizm və müsəlmanlara qarşı nifrət eyni dərəcədə pislənməlidir. Biz demokratiya və azadlıqlarımızı birbaşa təhdid edən və cəmiyyətimizdə yeri olmayan hər cür ayrı-seçkilik və irqçiliyi qətiyyətlə pisləyirik. Əgər ölçü götürülməsə, bu cür hadisələr cəmiyyətlərimizin sosial birliyini təhdid edə bilər və həssas icmaları daha çox risk altında qoya bilər”.

Nümayəndələr birgə bəyanatda müsəlman icmalarının ibadət yerlərində, iş yerlərində, məktəblərdə və evlərdə təhlükəsizliyini təmin etməyə çağırıblar: “Biz ictimai təhlükəsizlik və hüquq-mühafizə orqanlarını nifrət cinayətlərinə və müsəlmanlara qarşı nifrət motivli zorakılığa qarşı ayıq-sayıq olmağa və müvafiq beynəlxalq və milli qaydalara əməl etməyə çağırırıq”.

P.ƏMİRCANOV
XQ

Dünya