Ağdaban – ikinci Xocalımız

post-img

XX əsrdə insanlığa qarşı törədilmiş bu faciə yalnız Azərbaycan tarixinə deyil, bəşər salnaməsinə qanla yazılmış soyqırımı aktlarından biridir. Erməni faşistlərinin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində həyata keçirdikləri qətliamı, necə deyərlər, nə yer götürür, nə də göy. Həmin gecə Ermənistan ordusu və daşnakların silahlı quldur dəstələri Ağdaban və Çayqovuşan kəndlərinə hücum edəndə sakinlər şirin yuxuda idilər. Kəndlərin keşiyini çəkən 3 nəfəri qətlə yetirən quldurlar səhər saat 6 radələrində müdafiəsiz qalmış Ağdabanı dörd tərəfdən atəşə tutdular. Qatillər hər şeyi əvvəlcədən planlaşdırmışdı: əhaliyə necə divan tutulacaq, evləri kimlər qarət edəcək, mal-davarı kimlər sürüb aparacaq, müqavimət göstərənlər necə qətlə yetiriləcək... 

Bu faciə miqyasına və icra xarak­terinə görə, Kəlbəcər rayonunun iş­ğalından təxminən bir il əvvəl, Xocalı qətliamından 40 gün sonra ermənilərin Ağdabanda törətdiyi növbəti soyqırımı idi. O gecə 130 evdən ibarət Ağdaban tamamilə yandırıldı, 779 dinc sakinə in­sanlıqla bir araya sığmayan işgəncələr verildi, 67 nəfər amansızlıqla qətlə yetirildi. 8 ahıl qoca, 7 qadın və 2 az­yaşlı tonqalda diri-diri yandırıldı. Bütün bunlar soyqırımı deyilsə, bəs nədir? Quduzlaşmış haylar 12 ağdabanlıya olmazın işgəncələr verdilər, 5 nəfəri əsir götürdülər, 2 sakin isə itkin düşdü. 

Atası Camalı 8 yaşlı Ülviyyənin göz­ləri önündə güllələyən erməni vandalla­rı bununla kifayətlənməyib, qızcığazın özünü də diri-diri quyuda basdırıblar. Bunu unutmağa haqqımız varmı? Nə qədər ki, bu faciəni törədən cəlladlar cəzalarına çatmayıb, ağdabanlıların intiqamı alınmayıb, yandırılan 17 soy­daşımızın ruhu bizi bağışlamayacaq. Ağdaban faciəsi Xocalı soyqırımı kimi xalqımızın sızlayan yarasıdır. 

Üstündən 31 il keçməsinə baxma­yaraq, dinc əhaliyə qarşı törədilən bu qırğın, təəssüf ki, hələ də beynəlxalq hüquqi qiymətini almayıb. Dünya ic­timaiyyəti Ağdaban qətliamı barədə həqiqətlərdən xəbər tutmalı, xalqımıza qarşı bu faciəni törədənlər layiq olduq­ları cəzanı almalıdırlar. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Qan yaddaşı