II SÖHBƏT
Müasir dövrün ictimai-siyasi xadimləri sırasında özünü Heydər Əliyev məktəbinin sadiq yetirməsi kimi tanıdan və bu gün də ulu öndərin irsinə sədaqətilə seçilən Misir Mərdanovla “Heydər Əliyev xatirələr işığında” layihəsində ikinci söhbətimizi oxucularımıza təqdim edirik.
– Misir müəllim, ilk söhbətinizdən məndə belə təəssürat yarandı ki, Heydər Əliyevin rəhbərliyi altında işləmək əvəzsiz bir təcrübə olmaqla yanaşı, həm də taleyin misilsiz qismətidir. Heydər Əliyev bir əsrdə ucaldığı zirvədən indi sizə necə görünür?
– Heydər Əliyevin dahi şəxsiyyət olduğu şübhəsizdir. Bundan əlavə, Heydər Əliyevin həyatı həm də Azərbaycan tarixinin, dövlətçilik tariximizin çox dəyərli və son dərəcə maraqlı bir hissəsidir. Azərbaycan dövlətçilik tarixinin iki mürəkkəb dövründə respublikaya rəhbərlik edən, ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan, Azərbaycanın gerçək müstəqilliyini təmin edən şəxsiyyətin ömür yolu necə tarix olmaya bilər. Onun həyatında elə bir gün yoxdur ki, Vətənlə, Azərbaycanla, dövlətçiliklə və milli kimliyimizlə bağlı olmasın.
Bu mənada Heydər Əliyevlə eyni zamanı paylaşmaq, eyni tarixi yaşamaq özü bir şərəfdir. Amma onun rəhbərliyi altında işləmək, dövlətçiliyimizin inkişafı naminə verdiyi tapşırıqları, müəyyənləşdirdiyi siyasi xətti həyata keçirməkdə iştirak etmək ikiqat şərəfdir.
Ötən əsrin 40-cı illərində Heydər Əliyev Naxçıvan Nazirlər Sovetinin Daxili İşlər Nazirliyinin arxivində işləyirdi. Müəyyən müddətdən sonra baxırlar ki, bu gənc oğlan çox biliklidir, rus dilini yaxşı bilir, boy-buxunlu və cüssəli bir insandır, çevikdir, dərrakəlidir. Ona məsləhət görülüb ki, DTK-ya işə keçsin və ona bununla bağlı göndəriş verilir. Amma bu təklif Heydər Əliyevin ürəyincə olmayıb. Niyə?
O zaman “kartoçka” sistemi olub. Yəni hər adama ailə üzvlərinin sayına görə ərzaq verilirdi. Onun əvvəlki işi təklif olunan işdən bu məsələdə daha sərfəli iş imiş. İkincisi, Heydər Əliyev o zamankı DTK-nın amansız və müdhiş əməllərini çox gözəl bilirdi və istəmirdi ki, əli bu işlərə bulaşsın. Ancaq partiyanın tapşırığından da çıxa bilməyib, çünki bu onun karyerasının sonu ola bilərdi.
Müharibə başlayanda sovet qoşunları İrana, Cənubi Azərbaycana daxil oldular. Orada Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Cənubi Azərbaycan Respublikası yaradıldı. Həmin ərazi də Naxçıvanla qonşudur. Orada baş verənlər Heydər Əliyevin gözləri qarşısında baş verib. Heydər Əliyev Mircəfər Bağırovla Seyid Cəfər Pişəvərinin görüşünü də burada təşkil edib. Məhz o zaman Mircəfər Bağırovla şəxsən tanış olub.
Stalinin əmri ilə sovet qoşunları ordan çıxarılanda minlərlə cənubi azərbaycanlı həlak olub və qaçqın düşüb. Onların sonradan istintaqı keçirilib. Bu proseslər vaxtı Heydər Əliyev xeyli insanı “qırmızı terror”dan xilas edib.
Əvvəla, Heydər Əliyev DTK-ya gələndən sonra bu sistemi əvvəlcə Naxçıvanda, sonra isə bütün Azərbaycanda milliləşdirib. İkincisi həmin qəddar və amansız sistemin içində Azərbaycanın ziyalılarını və görkəmli adamlarını xilas bilib. Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi insanları qoruya bilib.
Müharibə qurtarandan sonra Vətənə qayıdan iki mindən çox əsir düşmüş azərbaycanlını o zaman Vətən xaini hesab edir və buna görə ya güllələyir, ya da Sibirə sürgün edirdilər. Heydər Əliyev Azərbaycan DTK-ında o komissiyanın üzvlərindən biri kimi minlərlə adamı məhv olmaqdan xilas edir. Ümumən sistemdəki xidmətlərini qiymətləndirib Heydər Əliyevi Bakıya gətirirlər. Burda isə daha geniş fəaliyyətə başlayır və bir neçə xüsusi əməliyyata rəhbərlik edir...
Xatırlayırsınızsa, 1968-ci ildə Çexoslovakiyada bəzi hadisələr oldu. Bundan narahat olan sovet rəhbərliyi dərk etməyə başladı ki, həmin olaylar SSRİ respublikalarında da baş verə bilər. Ona görə qərara gəldilər ki, xüsusi xidmət orqanlarında çalışan güclü adamları rəhbər vəzifəyə təyin etmək lazımdır. Azərbaycanda bu güclü adam məhz Heydər Əliyev idi və SSRİ-də gedən proseslərin nəticəsi olaraq Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gətirildi.
Həmin illərdə, əlbəttə Azərbaycan ictimaiyyəti, o dövrün bizim nəsildən olan gəncləri ölkənin rəhbər şəxsləri qismində əsasən qeyri-azərbaycanlı familiyalarını eşitməyə, televiziyada, radioda rəhbərlərin nitqlərini başqa dillərdə dinləməyə öyrəşmişdi. Heydər Əliyev içimizdə qəzəb doğuran belə təsəvvürləri dəyişdi. İlk dəfə idi ki, Azərbaycan rəhbərliyində rəsmi çıxışlarını ana dilimizdə edən, milli ruha bağlılığını hər vəchlə büruzə verən lider görürdük. Bunlar xalqımızın daxilində bir iftixar hissi oyatmağa başlamışdı və artıq gənc nəslə, milli təəssübkeşliyini dünənə qədər içində boğmaq məcburiyyətində qalan ziyalılarımıza Heydər Əliyev adı və soyadı, hər şeydən əvvəl, hakimiyyət olimpindəki milli qüdrət simvolu kimi görünürdü. Bir sözlə, bu hiss elə ilk günlərdən xalqımızda milli ruhun oyanışına təkan verirdi.
–Çox maraqlıdır ki, hələ Heydər Əliyevin sağlığında, Azərbaycanın lider şəxsiyyəti olaraq onun həyat və fəaliyyəti daim diqqət çəkib, araşdırılıb, öyrənilib, hətta haqqında əfsanələr yaranıb. Yəqin o dövrün ziyalısı kimi Heydər Əliyev şəxsiyyəti sizin diqqətinizdən də kənarda qalmayıb.
– Buna şübhə ola bilməz. İçində Azərbaycan milli ruhunu gəzdirən elə bir azərbaycanlı ziyalı tapmaq olmaz ki, Heydər Əliyevin fəaliyyəti onu qürurlandırmasın. Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbər gələndə Kremlin ona olan etibarından öz xalqının, Vətəninin inkişafı üçün çox ustalıqla istifadə etməyə başlayır və Moskvanın gözlərini qamaşdıra-qamaşdıra sosial-iqtisadi cəhətdən geridə qalan, aqrar ölkəyə çevrilmiş Azərbaycanı 15 respublika arasında axırıncı yerdən ön sıraya çıxarır. Bizim nəsil bunun şahididir. Bununla bərabər gənc, milli qeyrət yanğısı ilə çalışan lider öz arzularını da bacarıqla həyata keçirməyə başlayıb.
Bir maraqlı fakta rast gəldim və onu da sizə söyləmək istəyirəm. Sovet Azərbaycanı dönəmində Heydər Əliyev qərar verir ki, Bakının girəcəyində, Şıx çimərliyi boyu yolun sağ hissəsindəki böyük ərazidə yaşıllıq salınsın. Bir çox təşkilatlara ərazilər təhkim olunur ki, burada ağac əksinlər. Şair Qabil danışırdı ki, “bir də baxdıq, Heydər Əliyev əlində bel bizə tərəf gəlir. Gəlib hamı ilə salamlaşandan sonra dedi: “Qələmlə işləmək yaxşıdır, yoxsa bellə?” Bunu deyəndə qayıdıb ona dedim: “Heydər Əliyeviç, Siz nə gözəl Azərbaycan dilində danışırsınız...” Heydər Əliyev sözümü ağzımda qoyub, yarıtəəccüb, yarıtəbəssümlə dedi: “Qabil, bura bax, mənim azərbaycanlı olmağıma sənin şübhən var? Məgər mənim öz dilimdə danışmağım qəbahət sayılmalıdır?”
Bu təkcə hər hansı bir dairədə nümayiş etdirilən jest deyildi. Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra Bakı Dövlət Universitetinin 50 illik yubileyini keçirdi və o təntənəli tədbirdə ilk dəfə Azərbaycan dilində çıxış etdi...
– Misir müəllim, dediniz Heydər Əliyev ilk dəfə BDU-nun yubileyində Azərbaycan dilində çıxış edib. Amma tarixi faktlara görə, ulu öndər 1969-cu ilin avqustunda ilk dəfə “Kommunist”, indiki “Xalq qəzeti”nin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib...
– Ola bilər. Heydər Əliyevin rəhbərliyi ilə ilk tədbir 1969-cu il avqustun 5-də keçirdiyi plenum olub. Orada hansı dildə çıxış etdiyini deyə bilmərəm. Amma Bakı Dövlət Universitetində Azərbaycan dilində çıxış etməyinin özgə bir əhəmiyyəti var idi. Həmin tədbirdə SSRİ ali və orta ixtisas təhsili naziri, müttəfiq respublikaların müvafiq nazirləri, Sov.İKP MK-nın nümayəndələri iştirak edirdilər və onların içində Azərbaycan dilində çıxış etmək o dövrdə cəsarət tələb edirdi...
Bu yaxınlarda Türkiyədən olan bir professor ilə Heydər Əliyev barədə danışanda mənə dedi, “o zaman bütün Qərb yazırdı ki, DTK generalını Azərbaycana rəhbər təyin ediblər. Amma iki-üç aydan sonra onun çıxışlarını, korrupsiya ilə mübarizə tədbirləri ilə bağlı elan etdiyi qərarları eşidəndə yazırdılar ki, bu adam SSRİ-ni dəyişməyə gəlib”. Bəli, Heydər Əliyev hakimiyyətə gələr-gəlməz, həm SSRİ, həm də Azərbaycan Respublikası tarixində öz izini qoymağa başladı.
Hələ ölkədə hakimiyyət dəyişikliyi olmamışdan və Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov olanda DTK-nın sədri Heydər Əliyev, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin Rəyasət Heyətinin sədri Məmməd İskəndərov, Mərkəzi Komitənin katibi Əli Əmirov idi. Bu saydığım dörd adamın hər biri özünü Vəli Axundovdan sonra Azərbaycan KP MK-nın birinci katibi kürsüsündə görürdü. Çünki onların Moskvada çox yüksək vəzifəli adamlarla sıx əlaqələri var idi. Bəzisi Heydər Əliyevdən yaşca 5-10 il böyük idi. Ona görə Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması onlar üçün gözlənilməz oldu. İnanmırdılar ki, Heydər Əliyev bu vəzifədə çox işləyə bilər. Hətta bəzi hallarda ona qarşı saymamazlıq edirdilər. Ənvər Əlixanov və Məmməd İskəndərov Mərkəzi Komitənin iclaslarına gecikirdilər. Yaşlı olduqlarına və adət-ənənələrimizə hörmət mənasında Heydər Əliyev onların bu hərəkətinə bir-iki dəfə səbr edir. Bir dəfə iclasa gecikən Ənvər Əlixanovu saxlayır. Əlixanov da adi adam deyildi. Neftçi –professor, Lenin mükafatı laureatı idi. Heydər Əliyev deyir: “Yoldaş Əlixanov, niyə gecikirsən? Bu, artıq neçənci dəfədir iclasa gecikirsən. Mənə hörmət etməyə bilərsən, ancaq partiyaya və onun Mərkəzi Komitəsinə hörmət etmək sənin borcundur”. İki ay sonra Əlixanovu Nazirlər Sovetinin sədri vəzifəsindən çıxarır...
Heydər Əliyevin həyat və fəaliyyətinə kənardan baxanlar elə bilirdilər ki, o istədiyi şeyə çox asanlıqla nail olurdu. Yox, əsla belə deyildi. O, Azərbaycan üçün daha çox işlər görmək istəyirdi. Məsələn, Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyev Moskva qarşısında məsələ qaldırır ki, bu təhsil ocağına Lenin ordeni vermək lazımdır. Universitetin professoru Maqsud Cavadova Sosialist Əməyi Qəhrəmanı adı verilməlidir. Bu sənədləri tapıb üzə çıxarmışam. Ancaq Moskva bunu etmir və BDU-ya “Qırmızı Əmək Bayrağı” ordenini iki ildən sonra verirlər.
İlk vaxtlar Azərbaycandan Heydər Əliyev haqqında Moskvaya çoxlu donoslar yazırdılar. Köhnə rəhbərliyin bəzi nümayəndələri mərkəzdəki dostlarına onun haqqında müxtəlif məlumatlar ötürürdülər. Hətta ilk vaxtlarda Heydər Əliyevin müxtəlif iclaslarından və keçirdiyi tədbirlərdən dərhal sonra Baş katib Brejnev şəxsən ona zəng vururdu ki, “siz orda nə işlə məşğulsunuz? İnsanları ayağa qaldırırsınız”. Heydər Əliyev də səbrlə cavab verirdi: “Siz narahat olmayın Leonid İliç, hər şey yolundadır”. Heydər Əliyev bütün bu hallara dözür, maneələri ustalıqla dəf edir və işi ilə etimadını daha da artırırdı...
– Misir müəllim, Heydər Əliyevə qarşı ən böyük ədalətsizliklər onun Moskvaya – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə gedəndən bir müddət sonra, Qorbaçovun hakimiyyətə gəlməsindən sonra başlayıb. Hərçənd, onun Moskvadakı fəaliyyət dövrü haqqında elə də geniş danışılmır, amma o dövrün hadisələri də son dərəcə maraqlı və Heydər Əliyev obrazının polad xarakterini açan faktlarla zəngindir.
– Sizinlə tam razıyam. Mən çox da dərin məqamlara toxunmayacağam. Konkret Qorbaçovun ədalətsizliyindən bir-iki faktı açıqlayacağam. 1985-ci ildə Heydər Əliyevin həyatında ən əziz adam- həyat yoldaşı Zərifə xanım haqq dünyasına qovuşur. Aprelin 14-də Zərifə xanım rəhmətə gedir, aprelin 22-də də Leninin anadan olan gün idi. Hər il olduğu kimi, həmin il də Siyasi Büronun bir üzvü Lenin haqqında məruzə etməli idi. Qorbaçov tapşırıq verir ki, Heydər Əliyevə deyin, Lenin haqqında məruzə hazırlasın və toplantıda çıxış etsin. Baxın, hakimiyyətə gələnə qədər Heydər Əliyevə yarınan, onunla yaxın olduğunu göstərməyə çalışan Qorbaçov, Baş katib postuna seçiləndən dərhal sonra özünə rəqib gördüyü, həsəd apardığı Heydər Əliyevi mənən sındırmağa, ona təzyiq göstərməyə çalışır. Amma Heydər Əliyev bunun qarşısında qürurunu mətinliklə qoruyur və gəlib Siyasi Büroda məruzə edir.
Başqa bir misal. 1986-cı il avqustun 31-də Novorossiyskdə “Admiral Naximov” sərnişin gəmisi Çemess buxtasında quru yük gəmisi “Pyotor Vasyov” gəmisi ilə toqquşaraq batır. 423 adam həlak olur və bir neçə min ton taxıl suya tökülüb sıradan çıxır. Həmin vaxt Qorbaçov Yaltada istirahət edirdi. Ona xəbər verirlər ki, belə bir faciə baş verib. Deyir: “O məsələnin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər”. Heydər Əliyev heç bir şərait olmayan yerdə iki həftə orada qalır. Faciə qurbanlarının yaxınlarını dinləyir, zərər çəkən, yaralanan insanların təxliyə olunmasına və yardım edilməsinə göstərişlər verir, onların qayğısına qalır, dərdlərinə şərik olur.
Ötən il “Arqumenti i faktı” (“Arqumentlər və faktlar”) qəzetinin fotomüxbiri Vladimir Svarçeviçin bu faciə haqqında xatirələri ilə tanış oldum. Müxbir danışır ki, SSRİ rəhbərliyinin qəzadan sonra yaratdığı xüsusi hökumət komissiyasına o zaman Sov.İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev rəhbərlik edirdi. Mətbuat işçilərini faciə haqqında məlumat yaymağa imkan vermirdilər. Mən faciə ilə bağlı olan səhnələri, dənizdən çıxarılan cəsədləri çəkirdim və sonra lentləri komissiyaya təhvil verirdim. Bu çəkilişlərin birində tanımadığım üçün mənə bağıran Krasnodar Vilayət Partiya Komitənin birinci katibi, Sov.İKP MK-nın üzvü İvan Polozkovla çox sərt danışmışdım..
Zalda məni görən Polozkov barmağını mənə tərəf göstərərək Əliyevə şikayət etməyə başladı. Heydər Əliyev isə sözün əsl mənasında Polozkova əsəblərini daha da pozan sözlər söylədi: “İvan Kuzmiç, mən hesab edirəm ki, jurnalistlər sovet xalqına cinayətkar səhlənkarlığın nə qədər kədərli nəticələrə səbəb olduğunu söyləməyə borcludurlar! Jurnalistlərə necə kömək edə bilərəm?” Əliyev bunu deyəndə mən zalda qışqırdım: “Yoldaş Siyasi Büro üzvü, bizə vertolyot, qəza yerinə qayıq və maşın lazımdır. Dalğıcların necə işlədiyini göstərmək lazımdır. Ən əsası isə senzura məsələsini həll etməliyik! Belə olmasa, onlar hər şeyi məhv edəcəklər!” Heydər Əliyev başını tərpətdi və yüksək səslə köməkçilərinə dedi: “Jurnalistlərə kömək edin! Mənim adımdan! Senzura məsələsini həll edin”.
Müxbir yazır ki, “Siyasi Büro üzvü Heydər Əliyev sözünün üstündə durdu. Məni Moskvaya deportasiya etməyə hazırlaşan həmin məmurlar artıq kömək edirdilər, Əliyevin dediklərini edirdilər...”
Bu, baş vermiş faciənin xalqa çatdırmağın vacib olduğunu deyən və zəruri imkan yaradan Heydər Əliyevlə bağlı ilk hadisə deyildi. Bundan əvvəl Çernobıl faciəsi zamanı da Heydər Əliyevin cəsarətlə fikrini söylədiyi məlumdur. Atom elektrik stansiyasında qəza baş verir, insanlar tələf olur, bəşəri təhlükə var, amma Siyasi Büro bunu gizlədir. Heydər Əliyev cəsarətlə ayağa durub deyir ki, siz bunu kimdən gizlədirsiniz? Xarici ölkələr hadisədən dərhal sonra bundan xəbər tutublar. Yaxşı olardı biz gedib vəziyyətlə tanış olaq, lazım olan tədbirlərin görülməsi üçün səfərbər olaq.
Amma Heydər Əliyevin Moskva dövründə göstərdiyi fədakarlıq bunlarla bitmir. Heydər Əliyev çıxışlarının birində deyir: “O zaman biz Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunda mən, Kunayev və Rəşidov məhsəti türklərinin Orta Asiyadan doğma torpaqlarına qaytarılması məsələsini qaldırdıq. Büroda dedilər ki, Eduard Şevardnadze ilə danışın. Şevardnadze bu məsələnin həllinə mane oldu”. Bu da ondan irəli gəlirdi ki, Qorbaçov da o zaman Şevardnadzeni dəstəkləyirdi.
1986-cı il Alma-Ata hadisələrini xatırlayın. Heydər Əliyevin Qorbaçovun bəlkə də ilk savaşı elə bu məsələdən başlayır. Siyasi Büroda Baş katib M.Qorbaçov və onun tərəfdarları Kunayevi çıxarıb onun yerinə Kolbinin təyin edilməsini dəstəkləyirlər. Heydər Əliyev isə bunun əleyhinə çıxış edir. Ulu öndər sonralar özü bu epizodu belə xatırlayırdı:
“Bilirsiniz, Mixail Sergeyeviç, uyğun şərait olmadığına görə iclasda sizə bir söz demədim. Amma indi bildirmək istəyirəm ki, insanların psixologiyasını az-çox bilirəm. Məncə, bu səhv təyinat idi. Düzdür, Kolbin çox yaxşı insandır... Amma Qazaxıstan üçün o, yararlı deyil. Nəzərə alın ki, səhv addım atırsınız”. Qorbaçov təəssüflə və qəzəblə mənə baxıb dedi: “Yaxşı, baxarıq”.
Heydər Əliyevin təklifinə əhəmiyyət verməməyin nəticəsi nə oldu, sizə məlumdur. Qazaxıstana ordu yeridildi, minlərlə insan yaralandı, ölənlər oldu. Kolbin isə orada cəmi bir neçə ay işləyə bildi.
– Etiraf edək ki, qazax xalqı da Heydər Əliyevin bu cəsarətli addımını heç zaman unutmur...
– Təbii unutmur. Bunun canlı şahidi olmuşam. Bir dəfə Heydər Əliyevin Qazaxıstana səfərində məni də nümayəndə heyətinin tərkibinə daxil etmişdilər. O zaman BDU-nun rektoru idim. Heydər Əliyev Qazaxıstan parlamentində çıxış edirdi. Ondan sonra bir yaşlı xanım deputat söz istədi və tribunaya çıxaraq dedi: “Mən Kunayevin ömürünün son günlərində onun yanında olmuşam. Kunayev bir gün mənə dedi ki, mən ölürəm. Sən qazax xalqına bildirməlisən ki, Heydər Əliyev Moskvada vaxti ilə qazax xalqına görə Qorbaçovla döş-döşə gəldi”.
Həmin səfərdə Alma-Ata Universitetinə də getdik. O ərəfədə də biz də istəyirdik ki, universitetə muxtariyyət hüququ alaq. Təhsil naziri, rəhmətlik Lidiya Rəsulova, çox gözəl insan idi, ancaq bu təklifi yaxın buraxmırdı. Heydər Əliyev Alma-Ata Universitetində məni yanına çağırdı və dedi: “Sən burda qal, rektorla görüş. Onlar müstəqillik alıblar. Bax, gör bunu hansı yolla ediblər, onu öyrən, sənədləri götür, sonra mənə məlumat verərsən”.
Universitetdən sonra diasporla görüşə getdik. Heydər Əliyev hansı ölkəyə gedirdiksə, diasporla görüşür və hər çıxışının da baş mövzusu Qarabağ, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi olurdu. Qayıdanda təyyarədə bizi öz yanına dəvət etdi və dedi: “Mən burada görüşlərdə danışanda görürdüm siz mənə birtəhər baxırsınız. Elə bilməyin ki, mən yaddaşımı itirmişəm. Xeyr! Mən bu məsələləri təkrar-təkrar danışıram ki, problemi buradakı insanlara başa salım. Siz bunları bilirsiniz deyə, bununla hər şey bitmir. Hamı bunu bilməlidir, xüsusilə də Vətəndən kənarda yaşayan azərbaycanlılar”.
Bir gün də Heydər Əliyevlə Moskvaya rəsmi səfərə getmişdik. O zaman artıq nazir idim. Orada ilk dəfə mən sənəd imzaladım. İmzalanmadan sonra rəhbərlər çıxdılar, nümayəndə heyəti qaldı. Bir general bizə yaxınlaşıb dedi: “Mən Kremlin komendantıyam. Etiraz etmirsinizsə, sizi Kremllə tanış edim”. Gəzib, gəlib bir otağın qarşısında dayandıq. Qapını açdı, baxdıq ki, içəridə Azərbaycanın bayrağı. General dedi: “Heydər Əliyev bu otaqda işləyib. Onun xatirəsinə hörmət əlaməti olaraq, bu otağı muzey kimi saxlayırıq”. Bizim üçün bundan böyük fəxr olunası bir hadisə ola bilərdimi?
(ardı növbəti sayımızda)
Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”