“Azərbaycanın köməyi qardaşlıqdan da yüksək bir örnək yaratdı”

post-img

“Zəlzələ başladığı vaxtdan Azərbaycan dövləti və xalqı Türkiyənin  yanındadır.  Bu ağır günlərdə hər sahədə olduğu kimi parlamentlərarası əlaqələrimiz də əlaqəli çalışdı”. Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyası İstanbul millət vəkili Şamil Ayrım “Xalq qəzeti”nə bu açıqlamasının davamında bildirdi: 


– Zəlzələ baş verən anlardan Azərbaycan Prezidenti İlham Əliyev fəlakət barədə xəbər tutub lazımi  göstərişlər verdi və  ilk kömək, humanitar yardımı da Azərbaycandan gəldi. Əlbəttə, biz belə də gözləyirdik. Çünki Azərbaycanla Türkiyənin acıları da sevincləri də çoxdan ortaqlaşıb, üstəlik də hərtərəfli   müttəfiqlik şərtləri və tələbləri ən yüksək səviyyədədir.


Zəlzələnin baş verdiyi  ilk gündə Azərbaycan–Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri ilk vaxtdan Azərbaycan Milli Məclisi adından bizə başsağlığı verdi. Ondan sonra dəfələrlə telefonla əlaqə saxladı,  nə köməyə ehtiyac olduğunu soruşdu. Azərbaycandan bu müddətdə bizə müxtəlif istiqamətdə yardımlar gəldi. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə 40 ədəd daşınan generator alınaraq Türkiyəyə göndərildi. Bütün bunlar göstərdi ki, Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi,  parlamentlərarası münasibətlərdə də nə qədər doğma və yaxındır. 


Azərbaycanlı tələbələrin Malatyada zəlzələ vaxtı dağıntılar altında qalıb şəhid olmasına çox üzüldüyünü deyən millət vəkili bu məsələ ilə davamlı məşğul olduğunu söylədi:


– Azərbaycanlı tələbələrin axtarışı və taleyinin aydınlaşdırılmasını bir an da diqqətdən qaçırmadıq, siz tərəfi ardıcıl məlumatlandırdıq. Zəlzələ bölgəsində yaşayan azərbaycanlıların rahat təxliyyə olunmasını da unutmadıq. Bu faciənin acı nəticəsi zatən gözlənilən idi, amma Azərbaycan tərəfi bu acı xəbəri ilk olaraq bizdən aldı. Azərbaycanın Türkiyədəki Səfirliyi, İstanbuldakı Baş Konsulluğu ilə müddətdə mütəmadi əlaqələrimiz oldu. Ankarada səfiri  Rəşad Məmmədov, İstanbulda baş konsul Nərminə xanım Mustafayeva də hərm gün dəfələrlə bizimləəlaqədə oldular, Azərbaycandan göndərilən humanitar yardımların nəzarətini həyata keçirdilər.  


Qırmızı köhnə avtomobilini yardımla yükləyib Türkiyəyə kömək üçün gəlməyə çalışan Sərvər Bəşirlinin qəlb yanğısı Türkiyədə hamını təsirləndirdi, bir fədakarlıq rəmzinə çevrildi. Bu səmimiyyətinə görə, “qırmızı arabalı oğlan” Türkiyədə  məşhur oldu”. Azərbaycandan gəlmiş xilaedici heyətlər isə ümidlər kəsilənədk fasiləsiz axtarışlar apardılar, 50-dən artıq insana yenidən həyat verdilər, çox sayda cəsədi çıxarıb doğmalarına verdilər. Bütövlükdə, Azərbaycan xalqının zəlzələ bölgəsinə verdiyi bu dəstək “Bir millət, iki dövlət prinsipi”nə sadiqliyinin növbəti göstəricisidir. Bu, qardaşlıqdan da yüksək bir örnək oldu.


Sonda millət vəkili Şamil Ayrım ötən ağır günlərdə Türkiyəyə verilən qardaş dəstəyinə görə Azərbaycan dövlət başçısına və xalqına təşəkkürünü bildirdi. O inamla qeyd etdi ki,  qüdrətli Türkiyə zəlzələdə dağılan əraziləri tezliklə bərpa edəcək və zəlzələdən zərər görənlərə hər cür dəstək veriləcək.


Canlı bağlantını apardı: 
M. SULTANOVA
Ankara

Son xəbərlər