Aprelin 22-26-da Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına orta ixtisas musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçıları və xanəndələrin respublika festival–müsabiqəsi keçirildi.
XQ xəbər verir ki, müsabiqə respublikada gənc istedadların inkişafının dəstəklənməsi, ifaçılıq sənətininin inkişafı məqsədi ilə təşkil olunub. Respublikanın müxtəlif region və şəhərlərindəki uşaq musiqi və incəsənət məktəblərinin qatıldığı bu müsabiqədə 420 nəfər iştirak edərək, münsiflər tərəfindən diplom və fəxri fərmanlarla təltif ediliblər.
Müsabiqənin sonuncu günü Beynəlxalq Muğam Mərkəzində qaliblərin ifasında qala-konsert keçirildi və onlara diplom və Fəxri Fərmanlar təqdim edildi. 1-ci yer tutanlar arasında Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin xanəndəlik sinfinin 3-cü sinif şagirdi, 10 yaşlı Elay Əliyev da vardı. Onun fikirlərini öyrəndik.
– Müsabiqədə ikinci dəfədir, iştirak edirəm. Keçən ilki müsabiqədə qalib gələ bilməmişdim. Amma hazırlaşdım və budəfəki müsabiqədə qalib oldum. Yarışın münsifləri arasında Əməkdar artist Nuriyyə Hüseynova da var idi. Həyəcanlı olsam da, sözləri Zeynal Cabbarzadəyə, musiqisi Cahangir Cahangirova məxsus olan “Ay qız” mahnısını ifa etdim və çıxışım münsiflər tərəfindən bəyənildi. Qalib olmağım məni daha da həvəsləndirdi. Növbəti müsabiqələrdə yenə də xalq musiqilərimizə müraciət edəcək və daha da yaxşı oxumağa çalışacağam.
Qeyd edək ki, Elay Əliyev Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin müəllimi Şirazi Quliyevin tələbəsidir.
Rizvan FİKRƏTOĞLU
XQ