Özbəkistanda hər il təşkil edilən ənənəvi “Kitab həftəsi” tədbirləri çərçivəsində Daşkənd şəhərindəki “Turan” kitabxanasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Azərbaycan kitabları sərgisi keçirilib.
Kitabxananın əməkdaşı Dilfuza Dursimatova Özbəkistanda keçirilən ənənəvi kitab həftəsi haqqında məlumat verərək bu münasibətlə “Turan” kitabxanasının silsilə tədbirlər təşkil etdiyini və bu tədbirlərin bir günü Azərbaycan kitablarına həsr olunduğunu qeyd edib.
AMM direktorunun müavini Nadir Əlimirzəyev bu təşəbbüsün çox yaxşı ənənə olduğunu vurğulayıb. İki qardaş ölkə arasında mövcud əlaqələrdən söz açan N. Əlimirzəyev indiyədək Mədəniyyət Mərkəzi tərəfindən 100-dən çox kitabın çap edildiyini bildirərək bu nəşrlərin Özbəkistanın müxtəlif kitabxanalarına hədiyyə edildiyini vurğulayıb.
Daha sonra çıxış edən Daşkənd şəhər Şayxantohur rayonu Mədəniyyət Mərkəzinin direktoru Abdulqayim Akbarov Özbəkistanla Azərbaycan xalqları arasında mövcud olan qədim və sıx ədəbi-mədəni əlaqələrdən söz açaraq günümüzdə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Azərbaycan mədəniyyətinin zənginliyindən söz açan Abdulqayim Akbarov özbək xalqı tərəfindən bu zəngin mədəniyyətə hər zaman böyük marağın olduğunu qeyd edib.
AMM-nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə kitabın bəşər tarixində mədəniyyətin ən vacib bir hissəsi olduğunu qeyd edib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdıran K.Məmmədzadə bu münasibətlə şairin əsərlərindən ibarət ikicildliyin özbək dilində nəşrə hazırlandığını bildirib.
Şairə-jurnalist Nazira Aripova Özbəkistanda Azərbaycan ədəbiyyatının çox sevildiyini bildirib, sərgilənən kitablar arasında sevilən əsərlərin də yer aldığını vurğulayıb.
Sonda tanınmış Azərbaycan şairi Xan qızı Xurşidbanu Natəvanın AMM tərəfindən özbək dilində çap olunan “Günəşə çatar başım” adlı kitabı haqqında da məlumat verilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd