Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı keçirilir

post-img

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.

Tədbirdən əvvəl konfrans iştirakçıları BMU-nun inzibati binasında Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyaraq, Ulu öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri BMU-nun rektoru Yaqub Piriyev açaraq builki konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutduğunu bildirib. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın yaşıl enerji zonası elan edildiyinə, həmin ərazilərdə görülən işlərə diqqət çəkən rektor yaşıl enerjinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Cari ilin noyabr ayında paytaxtımızın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini deyən Y. Piriyev bunun beynəlxalq səviyyədə Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb. Rektor COP29-la bağlı bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda keçirilən və əsas mövzuları Böyük Qayıdış konsepsiyası, yaşıl enerji, süni intellekt olan gənc tədqiqatçıların konfransının ekoloji problemlər, yaşıl enerji ilə bağlı elmi baxışların bölüşdürülməsi üçün böyük fürsət olduğunu bildirib.

Yaqub Piriyev çıxışında Azərbaycanda elm və təhsilin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, gənclərin dəstəklənməsi məqsədilə dövlət səviyyəsində reallaşdırılan müxtəlif strateji proqramları, layihələri nəzərə çatdırıb. Rektor alimlərin nüfuzlu elmi bazalara çıxış imkanları üçün görülən işlərdən, eyni zamanda bu bazalarda çap edilmiş elmi məqalələrə görə mükafatlandırmanın həyata keçirilməsindən də bəhs edib. Bildirib ki, dövlət səviyyəsində gerçəkləşdirilən çoxşaxəli tədbirlər gənc tədqiqatçıların üzərinə Azərbaycan elminin daha da inkişaf etdirilməsi məsuliyyəti qoyur. Yaqub Piriyev diqqəti son vaxtlar BMU-da bu istiqamətlərdə görülən işlərə, eləcə də gənc elmi kadrların hazırlanması, onların elmi potensialını reallaşdırması üçün atılan addımlara yönəldib, universitetin reytinq cədvəllərində yer alması və qlobal mühitdə tanıdılması üçün görülən kompleks tədbirləri sadalayıb.

Çıxışının sonunda rektor beynəlxalq tədbirə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərildiyini, onlardan 548-nin konfransın proqramına daxil edildiyini bildirib. Konfransa Azərbaycanın 35-dən çox ali təhsil müəssisəsindən məruzələrin təqdim olunduğunu da deyən Yaqub Piriyev gənc tədqiqatçıların nailiyyətlərini ictimaiyyətə çatdırmaq, tədqiqat işlərinə marağın artırılması baxımından konfransın əhəmiyyətini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.

Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi irsinin gənc tədqiqatçılar üçün böyük araşdırma mənbəyi olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində qazanılan şanlı zəfərdən sonra intellektual potensialın gücləndirilməsinə diqqətin daha da artırılmasının vacibliyini bildirib. Akademiya rəhbəri şəhid və qazilərimizin hərb meydanında nümayiş etdirdikləri böyük qəhrəmanlıq və fədakarlıqların ardınca ali təhsil müəssisələrinin də elm meydanında fəaliyyətləri ilə ölkəmizin gələcəyinə töhfə verə biləcəklərini vurğulayıb. Qulu Növruzov, həmçinin qabaqcıl elmi sahələrdə tədqiqatların aparılması, elmi trendlərin sürətlə dəyişməsi, yeni elmi tendensiyalar üzrə proqnozlar, qlobal elmi resurslara çıxışın təmin olunması, süni intellektin idarə olunması kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dövlət tərəfindən həyata keçirilən uğurlu ekoloji siyasətdən söz açıb. Azərbaycanın növbəti illər üçün sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin məhz “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğunu xüsusi vurğulayan komitə sədri qlobal iqlim dəyişiklikləri, ekoloji disbalans kimi beynəlxalq müstəvidə yer alan problemlərə diqqət çəkib. Eyni zamanda qlobal məkanda ekoloji problemlərin kompleks həllindən ötrü qərarların qəbulu üçün dünya ölkələrinin nəzərlərinin Bakıda keçiriləcək COP29-a yönəldiyini qeyd edib. Bu sahədə davamlı tədqiqatların vacibliyini də vurğulayan millət vəkili ekoloji tarazlığın qorunması istiqamətində görülə biləcək işləri sadalayıb, o cümlədən yaşıl texnologiyaların tətbiqi, alternativ və bərpa olunan enerji mənbələri kimi məsələləri nəzərə çatdırıb.

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov isə Ümummilli liderin və Prezident İlham Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafındakı müstəsna xidmətlərinə diqqət çəkib. MDU-nun region universiteti olaraq belə bir mötəbər konfransda 8 nəfərlik nümayəndə ilə iştirak etməsindən böyük şərəf duyduqlarını bildirən rektor elmi araşdırmalar üçün universitetlər arasında əməkdaşlığın qurulmasının mümkünlüyünə toxunub. Şahin Bayramov konfransın əhatə etdiyi sahələrin davamlı inkişafı istiqamətində son illər atılan addımlar, eləcə də ali təhsil müəssisələrinin qarşısında duran mühüm missiya və vəzifələrdən söz açıb.

Çıxışlardan sonra plenar iclasda elmi məruzələr dinlənilib və sonda məruzəçilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, ikigünlük konfransda gənc tədqiqatçılar əsas istiqamətlər üzrə seksiyalarda məruzələrlə çıxış edəcəklər.

Qabil YUSİFOĞLU
 XQ













Sosial həyat