ABŞ-da yaşayan soydaşımız Nizami Muzeyini ziyarət edib

post-img

ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya gələn tanınmış cərrah Şapur Ənsari Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Güney Azərbaycandan olan və ABŞ-da yaşayan soydaşımız doktor Şapur Ənsari muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb.

R.Hüseynov qonağa Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixi haqqında ətraflı məlumat verib. Güneyli soydaşımız muzeyin Xacə Nəsirəddin Tusiyə, xüsusilə doğulduğu Marağa şəhərinin yetirməsi olan görkəmli bəstəkar və şair Əbdülqadir Marağaiyə həsr olunmuş guşələrini böyük maraqla seyr edib.

Doktor Şapur Ənsari söhbət əsnasında ABŞ-da yaşadığı illər ərzində Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli kimliyi, Azərbaycan xalqının tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb. Qonaq bu möhtəşəm ədəbiyyat xəzinəsi ilə tanışlığa görə akademik Rafael Hüseynova minnətdarlığını bildirib və özündə bütöv Azərbaycanın ədəbiyyat tarixini əks etdirən Nizami Muzeyinin mədəni sərvətlərimizin qorunması və təbliği yolundakı fəaliyyətini alqışlayıb.

Daha sonra o, muzeyin ekspozisiyası ilə tanış olub,  “Rəy kitabı”na ürək sözlərini yazıb.

Görüşün sonunda qonağa Nizami Muzeyinin nəşrləri hədiyyə edilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva qonağı  müşayiət edib.

Qabil YUSİFOĞLU
XQ

 



Mədəniyyət